İkinci dünya müharibəsində azərbaycanlı həkimlərin yolu

  • 2023.05.09 15:49
  • 2516 Baxış
İkinci dünya müharibəsində azərbaycanlı həkimlərin   yolu

Dünya müharibəsi illərində ordunun tibb xidmətinə və ölkənin səhiyyə orqanlarına bütün xalq kömək edirdi. Yaralıları və xəstələri ağır bir şəraitdə müalicə etmək lazım gəlirdi. Müharibənin axırlarında ölkədə təqribən 500 min nəfər donor var idi. Arxadakı təxliyyə hospitallarında, şəhər və kəndlərin, xüsusən düşmən ordusunun basqınlarından zərər çəkmiş yerlərin əhalisi arasında 200 min nəfərdən çox sanitar çalışırdı. Ağır müharibə illərində sovet səhiyyəsi öz fəaliyyətini zəiflətmədi, hətta daha artıq səy göstərməyə başladı.


"Medicina" xəbər verir ki, professor Rafiq Çobanov dünya müharibəsində Tibb institutu heyəti və tələbə həkimlərin müharibədə iştirakı barədə maraqlı məqamları açıqlayıb.


1941-ci ildə İkinci Dünya müharibəsi başlananda azərbaycanlılar da SSRİ-nin tərkibində olan digər xalqlarla birlikdə müdafiəyə qalxdılar. Bu dövrdə ön və arxa cəbhənin tibb işçiləri silahlı qüvvələrin yüksək döyüş hazırlığını təmin etmək üçün mühüm işlər gördülər. Sovet səhiyyəsi və tibbi müharibə illərində yaralıların 90 faizindən çoxunun yenidən ordu sıralarına qayıtmasını təmin etdi. Müharibə sovet Azərbaycanının səhiyyəsi və tibb elmi qarşısında da çox məsul vəzifələr qoymuşdu. Mühüm problemlərdən biri ön və arxa cəbhənin ehtiyaclarını ödəmək üçün səhiyyə orqanlarının, müəssisələrin, həmçinin ali və orta tibb məktəblərinin, elmi-tədqiqat institutlarının fəaliyyətini yenidən qurmaq idi.

Tibb Universitetinin professor-müəllim kollektivi, yardımçı heyəti və tələbələri tərəfindən müharibə şəraitində nəinki mürəkkəb, eyni zamanda çoxcəhətli məsələlər müvəffəqiyyətlə həllini tapdı.

Müharibənin ilk günlərində institut 680 həkim hazırlamışdı. Bu həkimlərin əksəriyyəti cəbhəyə göndərilmiş və orada Sovet Ordusunun polk və birləşmələrinin tibb bölmələri tərkibində hitlerçi işğalçılara qarşı vuruşmuşdu. Universitetin yetirmələri könüllü olaraq partizan dəstələrinin tibb hissələrində çalışmışlar (Rüstəmbəyova, Abdullayev, İbrahimov, Baxışov və başqaları).

Həmin illərdə universitetin professor-müəllim heyəti və əməkdaşları ön cəbhədə, ordu və korpuslarda, həmçinin hospitallarda baş mütəxəssis kimi gecə-gündüz işləmiş, yüzlərlə yaralı əsgərlərə tibbi yardım göstərmişlər (professorlardan B.Mahmudbəyov, H.Bünyatov, X.Hacıyev, A.Tahirov, Q.Səlimxanov, H.İsazadə, dosentlərdən C.Axundov, M.Qarayev və başqaları).

İl ərzində cəbhənin ehtiyacına görə həkim və provizorlar vaxtından əvvəl, 5-ci kursdan - dövlət imtahanları vermədən buraxılırdılar. Həmin ağır illərdə tələbə qəbulunu nizama salmaq üçün universitetin əməkdaşları respublikanın ayrı-ayrı şəhər və rayonlarına gedir, gənclər arasında təbliğatlar aparır, onları həkim olmaq üçün təhsil ocağına cəlb edirdilər.
Müharibə şəraiti universitet alimlərindən daha yeni problemlərin həllini tələb edirdi. Professor M.Topçubaşovun təşəbbüsü ilə sovetlər itttifaqında ilk dəfə olaraq xüsusi hospitallar yaradılmışdı. Burada cəbhədən gələn yaralılar xəstəliklərin profili üzrə hospitallara göndərilir və müalicə olunurdular. Professorlar M.Topçubaşovun və M.Ammosovun (nevrologiya kafedrası) təşəbbüsü ilə N.Semaşko adına kliniki xəstəxanada cərrahiyə hospitalının bazasında ilk dəfə ixtisaslaşdırılmış neyrocərrahiyə hospitalı yaradılmışdı.

Universitetin professoru, görkəmli alim F.Əfəndiyev bu illərdə hemotoraksin irinləməyə keçmənin qarşısını almaq üçün daha yeni üsul təklif etmişdi. Bu üsul ədəbiyyatda "Tompson - Əfəndiyev" diaqnostik sınağı adını almışdı. O, həmçinin, torakoplastikanın və qanın konservləşdirilməsinin yeni təkmilləşdirilmiş metodikalarını irəli sürmüşdü.

Müharibə dövründə baş verən yaralanmalar zamanı naftalandan istifadə edərək, universitetin alimləri yüksək effektli müalicə vasitəsini kəşf etmişdilər.
Epidemioloji sağlamlığı təmin etmək üçün universitetin alimləri kompleks tədbirlər sistemi hazırlayıb tətbiq etmişdilər. Bu dövrdə professor D.Hüseynov bir sıra xəstələrdə Sibir xorasının ədəbiyyatda təsvir edilməmiş formasını aşkar etmişdi. Bu isə həmin xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynamışdır.
Bəzi elmi tədqiqatlar cəbhədə toplanmış materiallar əsasında aparılırdı. 1941-1945-ci illər ərzində Tibb Universitetində 52 dissertasiya müdafiə edilmişdi ki, bunlardan da bir çoxu müharibə dövrü üçün böyük əhəmiyyətə malik idi. Müharibə şəraitində Tibb Universiteti respublika səhiyyəsinə çox böyük yardım göstərirdi. Birinci növbədə hospitalların fasiləsiz işləməsini təmin edirdi. Bununla yanaşı, Azərbaycan Tibb Universiteti respublika əhalisinə və hitlerçilər tərəfindən SSRİ-nin zəbt olunmuş digər ərazilərindən respublikamıza müvəqqəti evakuasiya edilmiş insanlara tibbi xidmət göstərirdi. Eyni zamanda, respublika ərazisindən dəniz yolu ilə Şərqə və dəmir yolu ilə Gürcüstan və Ermənistana köçürülən, faşist işğalçılarından azad olunduqdan sonra geri reevakuasiya olunan insanlara tibbi yardımın göstərilməsində fəal rol oynamışdı. Belə böyük insan axını olan ərazidə epidemioloji əmin-amanlığı qoruyub saxlamaq çox vacib məsələ idi. Respublikada bu işə təşkilati rəhbərliyi patoloji anatomiya kafedrasının professorları İ.Şirokoqorov və D.Hüseynov etmişdilər.

Hospitalların fəaliyyətində tələbələrin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onlar universitetdə oxumaqla yanaşı, yaralıların və xəstələrin müalicəsində fəal iştirak edirdilər: I-II kursların tələbələri sanitar, III-IV kursların tələbələri - tibb bacısı və tibb qardaşı, V kurs tələbələri subordinator, bəziləri isə ordinator kimi işləyirdilər. 1944-cü ildə ancaq N.Semaşko adına 1 nömrəli klinik xəstəxananın ştatında III- IV kursların 300 nəfər tələbəsi çalışırdı.


Beləliklə, Tibb Universitetinin elmi-pedaqoji kollektivi və tələbələri tərəfindən müharibə illərində səhiyyə işlərinə böyük kömək göstərilmişdi.1942-ci il iyulun 11-də SSRİ Səhiyyə Komissarlığının kollegiyasında səhiyyə komissarı Q.Miterev qeyd etmişdi ki, Azərbaycan yeganə respublikadır müharibə dövründə yüksək əzmlə çalışmış, səmərəli fəaliyyəti ilə fərqlənmiş, işin keyfiyyətini yüksəltmişdi.


Aygün Musayeva