Məktəb və universitetlər yenə də bağlana bilər - Həkim

  • 30 Sen 2021 16:17
  • 774 Baxış
Məktəb və universitetlər  yenə də bağlana bilər -  Həkim
"Sentyabrın 10-dan sonra yoluxma sayında koronavirus xəstələrinin azaldığı həqiqətən hiss olundu. Buna baxmayaraq, gündəlik COVID xəstələri qeydə alınmağa davam edir. Sözsüz ki, toplum olan yerlərdə, universitet və məktəblərdə koronavirus xəstəsinin olması xəstəliyin yayılmasına səbəb olacaq danılmaz bir faktordur".

Bu sözləri Publika.az-a açıqlamasında daxili xəstəliklər uzmanı Həbib Səhtərov deyib.

Uzman bildirib ki, COVID pasportlarının yoxlanılması mütləqdir, lakin universitet qarşısında yaranmış izdiham xəstəliklərin artmasına təkan verəcək:

“Havaların soyuması da epidemioloji vəziyyətə mənfi təsir edəcək. Soyuq hava virus xəstəliklərinin artmasına səbəb olan faktordur. Məsələn, mövsümi qrip bu dönəmdə çoxalır. Üstəlik pandemiya dövründə universitetlərdə sosial məsafənin gözlənilməsi mümkün deyil, bu, işi daha da çətinləşdirəcək. Yoluxma sayında ciddi şəkildə artım olarsa, böyük ehtimalla məktəblərin və universitetlərin bağlanmasına qərar verilə bilər. Müşahidələrdən sonra qərar veriləcək, inşallah buna ehtiyac olmaz”.