Uzun illər ölkənin baş rentgeneloqu olmuş professor Bahadur Baxşıyevin 90 illiyidir

  • 2024.01.15 13:54
  • 1898 Baxış
Uzun illər ölkənin baş rentgeneloqu  olmuş   professor Bahadur Baxşıyevin 90 illiyidir
Azərbaycan Respublikasının əməkdar həkimi və əməkdar müəllimi, uzun illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş rentgenoloqu vəzifəsini yerinə yetirmiş, ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri vəzifəsində işləmiş professor Bahadur Baxşıyevin bu ay 90 illiyi tamam oldu.



"Medicina" xəbər verir ki, Bahadur Ələkbər oglu Baxşıyev 26 dekabr 1932-ci ildə Ordubad şəhərində anadan olmuşdur.

1949-cu ildə Tusi adına Ordubad şəhər оrta məktəbi bitirmişdir və həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə daxil olmuşdur. B.Baxşıyev institutda oxuduğu illərdə elmi-tədqiqat işinə xüsusi maraq göstərmiş və bu sahədə bir çox uğurlar əldə etmişdir. O, tələbə elmi cəmiyyəti xətti ilə təbabətin nəzəri və praktik sahələri üzrə aktual mövzularda elmi məruzələrlə çıxış etmişdir və bir neçə fəxri diploma layiq görülmüşdür. Bahadur müəllim Tibb İnistitutunda oxuduğu zaman ictimai işlərdədə fəal iştirak etmişdir, belə ki, fakültə Komsomol Təşkilatının üzvü, qrup nümayəndəsi vəzifələrində çalışmışdır. Hələ tələbə olarkən IV kursdan gecə növbəsində əmək fəaliyyətinə başlamış və Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda işləməklə həkimlik peşəsi üzrə təcrübəsini artırmışdır.


1955-ci ildə Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, Ordubad xəstəxanasına rentgenoloq vəzifəsinə göndərilmişdir. 1955-1959-ci illərdə Ordubad şəhər xəstəxanasında rentgenoloq və poliklinika müdiri vəzifəsində çalışmışdır. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunda Rentgenologiya üzrə aspiranturaya qəbul olunmuşdur. О dövrlərdə Аzərbaycan Respublikasında Rentgenologiya və Radiologiya sahəsində yüksəkixtisaslı mütəxəssislər olmadığından B.Baxşıyev 1960-cı ildə Moskvanın Elmi-Tədqiqat Rentgeno¬logiya və Radiologiya İnstitutuna 2 il müddətinə ezam edilmişdir.


O, dünya şöhrətli alim ə.е.х., professor İ.Q.Laqunovanın rəhbərliyi altında «Flüoroqrafiya metodunun ağciyər xəstəliklərinin ilkin aşkar edilməsində rolu» mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Təsadüfi deyil ki, əməkdar elm xadimi, professor İ.Q.Laqunova müdafiə zamanı B.Ə.Baxşıyevi bacarıqlı, yüksək intellektə malik, istedadlı alim kimi qiymətləndirmişdir.

Fitri istedada malik olan Azərbaycan alimi 1962-ci ildə Vətənə qayıdaraq Rentgenologiya və Radiologiya kafedrasında bir müddət baş laborant, assistent, dosent vəzifələrində çalışmışdır. B.Ə.Baxşıyev elmi-tədqiqat işini davam etdirmək üçün 1964-ci ildə təkrarən Moskvanın Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutuna qayıtmış və ə.е.х., professor L.D.Rozenştraxın rəhbərliyi altında «Qalxanabənzər vəzinin xəstəliklərində rentgen-radioloji müayinə metodları» mövzusunda doktorluq elmi işini davam etdirmişdir. 1969-cu ildə mart ayının 19-da Moskvada, Rentgenologiya və Radiologiya üzrə Elmi şurada doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Professor B.Ə.Baxşıyevin qalxanabənzər vəzinin rentgenoloji və radioloji müayinəsində böyük elmi və praktik əhəmiyyətə malik çox səmərəli yeni metod irəli sürmüşdür. Onun tədbiq etdiyi pnevmotireoidoqrafiya metodu Azərbaycan Respublikasında ilk dəfə onun tərəfindən irəli sürülən və qalxanabənzər vəzi xəstəliklərinin diaqnozunun qoyulmasında əvəzedilməz müayinə üsulu kimi qiymətləndirilir. Bir alim kimi bütün görkəmli rentgenoloqlar onun bilik və bacarığına yüksək qiymət verərək onunla hesablaşırdılar. Bahadur müəllim çox obyektiv, sözü və hərəkəti düzgün, əməli şəffaf bir insan idi.

O, 1959-cu ildən Azərbaycan Tibb Universitetinin “Şüa diaqnostikası və şüa terapiyası” kafedrasında aspirant, baş laborant, assistent, dosent, professor və 1969-2017-ci ilərdə həmin kafedranın müdiri olmuşdur.

1962-1963-cü illərdə Azərbaycan Tibb Universitetinin Normal anatomiya kafedrasında rentgen-anatomiya üzrə tədris prosesini təşkil etmiş və kafedrada Rentgen kabinetinin bu məqsəd üçün işləməsinə nail olmuşdur.


Professor B.Ə.Baxşıyev ATU-nin ictimai həyatında da yaxından iştirak etmiş, təqdirəlayiq işlər görmüşdür. O, 1962-1963-cü illərdə Stomatologiya fakültəsinin partiya təşkilatının rəhbəri, 1969-1973-cü illərdə АTU-nun I Müalicə profilaktika fakültəsinin dekanı vəzifəsində işləmişdir. Gənc alim və bacarıqlı pedaqoq bu illər ərzində səriştəli təşkilatçılıq xüsusiyyətləri nümayiş etdirərək, qayğıkeş, bacarıqlı dekan kimi tələbələr və müəllimlər arasında dərin hörmət və rəğbət qazanmışdır.

Bunun nəticəsidir ki, professor B.Baxşıyev 1983-cü ildə ikinci dəfə I Müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsinə layiq görülmüşdür və 1989-cu ilə qədər həmin vəzifədə uğurla çalışmışdır.
Professor B.Baxşıyev Şüa diaqnostikasının ən aktual problemlərinə həsr olunmuş 320-yə qədər elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifidir. Elmi əsərlərinin çox hissəsi keçmiş Sovetlər İttifaqında çıxan nüfuzlu jurnallarda və xarici ölkələrdə (Türkiyə, İran, Bolqarıstan, Avstriya, Litva və s.) keçirilən beynəlxalq radioloji konqreslərin materiallar toplularında dərc edilmişdir.


O dövrdə Azərbaycan Respublikasında rentgenologiya və radiologiya sahəsində milli kadrların çatışmazlığı B.Baxşıyevi daim düşündürmüş və o bütün səyini qoyaraq bu istiqamətdə böyük işlər görmüşdür. Yüksəkixtisaslı tibbi kadrların yetişdirilməsində çox böyük və səmərəli zəhmət sərf etmişdir.


Bu gün ölkəmizdə fəaliyyət göstərən milli həkim-rentgenoloq ordusunun böyük əksəriyyəti bu müdrik şəxsiyyətin, fitri istedadlı alimin tələbəsi olmuşdur. 25-dən cox əcnəbi həkim (Türkiyə, İran və s.) B.Baxşıyevin rəhbərliyi altında Şüa diaqnostikası və şüa terapiyası kafedrasında ixtisaslarını təkmilləşdirmişdir. Onun rəhbərliyi altında 1 doktorluq 16 namizədlik dissertasiyası müdafiə olunmuşdur.


Professor B.Baxşıyev keçmiş Sovetlər İttifaqının «Ümumittifaq Rentgenologiya və Radiologiya» cəmiyyətinin üzvü, Moskvanın «Tibbi Radiologiya» jurnalının, «Azərbaycan Tibb Jurnalı»nın redaksiya heyətinin, «Sağlamlıq» jurnalının redaksiya şurasının üzvü olmuşdur.

1970-ci ildən həyatının sonunadək АTU-nun Böyük Elmi Şurasının və Müalicə- Profilaktika Fakültəsi Elmi Şurasının üzvü, 1990-cı ildə Milli Onkologiya Mərkəzində fəaliyyət göstərən Rentgenologiya və Radiologiya üzrə müdafiə şurasının və Тibb Universitetinin problem komissiyasının üzvü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Rengenoloqu və Radioloqu olmuşdur.

Professor B.Baxşıyev dövlətimiz tərəfindən bir neçə orden və medallarla təltif olunmuşdur. O cümlədən, 1971-ci ildə «Şərəfli əməyə görə» medalı, 1981-ci ildə «Azərbaycan Respublikasının əməkdar həkimi», 1986-cı ildə «Şərəf» ordeni,1974-1978 ci illərdə 2 dəfə «Səhiyyə əlaçısı nişanı», 1994-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Fəxri Fərmanı»,1999-cu ildə «Əmək Veteranı», 2000-ci ildə «Tərəqqi medalı», 2003-cü ildə «Əsrin tanınmış alimi» beynəlxalq diplomu, 2004-cü ildə ikinci dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Fəxri Fərmanı», 2006-cı ildə «Vətən andı» Fəxri diplomu, 2010-cu ildə Azərbaycan Respub¬likasının «Əməkdar müəllimi» adına layiq görülmüşdür.


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rentgenoloq-radioloq, tibb elmləri doktoru, professor Bahadur Baxşıyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. "Qaranlıqlara işıq tutan ömür” mövzusunda elmi-praktik konfransda tanınmış alim B.Baxşıyevin Azərbaycanda radiologiya elminin inkişafındakı xidmətlərindən söz açılıb.



Açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetdə belə yubiley konfranslarının təşkilinin artıq ənənə halını aldığını vurğulayıb. Bu tədbirlərin əsas məqsədinin görkəmli alim və professorların anılması ilə yanaşı, gənc həkimlərə həmin elm fədailərinin həyatını, keçdiyi yolu aşılamaqdan ibarət olduğunu qeyd edib: “Uzun illər ATU-nun radiologiya və rentgenologiya kafedrasının müdiri olan Bahadur Baxşıyevin Azərbaycanda rentgenoloq-həkim ordusunun yetişdirilməsində və inkişafında, bu sahənin ən böyük nailiyyətlərinin ölkəmizdə tətbiq edilməsində müstəsna xidmətləri olub.

Onun müəllifliyi ilə ana dilimizdə ilk dərsliklər yazılıb, rəhbərliyi altında doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub. Bahadur Baxşıyev öz namizədlik və doktorluq dissertasiyalarını Moskvada Rentgen və Radiologiya İnstitutunda vaxtından əvvəl müdafiə edib və ölkəmizdə bu sahənin öndərlərindən biri olub. Güman edirəm ki, professorun əziz xatirəsinə həsr olunan bugünkü konfrans nəinki radiologiya sahəsi, bu sahə ilə bağlı olan digər mütəxəssislər üçün də faydalı olacaq". Rektor G.Gəraybəyli hər kəsin sevimlisi olan Bahadur Baxşıyevin universitetin həm ictimai həyatında, həm də elmi fəaliyyətində silinməz iz qoyduğunu bildirib.

ATU-nun Şüa diaqnostikası və terapiya kafedrasının müdiri, professoru Məlahət Sultanova müəllimi Bahadur Baxşıyevın həyatını “Qaranlıqlara işıq tutan ömür” kəlməsinin çox aydın şəkildə tərənnüm etdiyini vurğulayıb. O, Azərbaycanda rentgenologiya məktəbi yaradıcısı olan, peşəkar mütəxəssislər yetişdirən B.Baxşıyevin həyatı və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Professor B.Baxşıyevin 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifi olduğunu, 1976-cı ildə ilk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik yazdığını qeyd edib. O, Moskvanın Rentgen və Radiologiya İnstitutunda 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edib və tibb elmləri doktoru alimlik adına layiq görülüb. Bahadur Baxşıyev Azərbaycan Respublikasında rentgenologiya və radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir. M.Sultanova görkəmli alim və bacarıqlı pedaqoq B.Baxşıyevin səriştəli təşkilatçılıq xüsusiyyətlərinə görə qayğıkeş və bacarıqlı dekan kimi tələbələri, həmkarları arasında dərin hörmət və rəğbət qazandığını da bildirib.

Professora həsr olunmuş "Təbabətin Bahaduru" filminin nümayişindən sonra onu yaxından tanıyanlar, tələbələri çıxış edərək xatirələrini bölüşüblər.

MEDİCİNA.AZ