Zərərli olduğunu bildiyimiz halda niyə işlənmiş qidalar yeyirik?

  • 2024.02.27 14:21
  • 713 Baxış
Zərərli olduğunu bildiyimiz halda niyə işlənmiş qidalar yeyirik?
İşlənmiş qidaların insanlarda narkotik kimi asılılıq yaratmasının səbəbi açıqlanıb.

Medicina.az xəbər verir ki, ingiltərəli dosent Dr. Kris van Tulleken kütləvi qida sənayesini tütün və narkotik qədər təhlükəli ola biləcək, asılılıq yaradan qidalar satmaqda ittiham edir.

"İşlənmiş insanlar: Niyə qida olmayan şeyləri yeyirik və niyə özümüzü dayandıra bilmirik" adlı son kitabında asılılıq psixologiyasından bəhs edən mütəxəssis tip 2 diabet, ürək xəstəliyi və xərçəngə səbəb olan hazır qidaların satışında istifadə olunan taktikaları izah edib.

"Pis qidalanma bütün dünyada əsas ölüm səbəbi kimi tütünü üstələyib və pis qidalanma dedikdə həddindən artıq işlənmiş qidalardan istifadə etmək nəzərdə tutulur", - deyə Tulleken bildirib.

Onun sözlərinə görə, emal edilmiş qidalar alkoqol və ya heroin kimi birbaşa asılılıq yaratmasa da, “mükafat motivasiyası”na uyğun hazırlanır:

"Bu, kokainin beyinə təsirini xatırladır. "Mükafatı" təkrar-təkrar tapmaq üçün güclü bir istək yaranır və bu da psixoloji asılılığın bir formasıdır. Asılılıq yarandıqda insanlar işlənmiş qidalardan imtina edə bilmirlər. Beynimiz mükafata gedən yolu təkrar-təkrar aktivləşdirməyə çalışmaqda həddən artıq canfəşanlıq edə bilər. Bu, təsadüfi deyil, çünki bu cür qidalar beynimizin funksiyaları nəzərə alınaraq diqqətlə hazırlanıb. İstehsalçılar məhsullarını satmaq üçün nevrologiyadan bizə qarşı effektiv şəkildə istifadə edirlər”.

Emal edilmiş qidaların təkcə fiziki sağlamlığa deyil, həm də psixi sağlamlığa mənfi təsir göstərdiyini deyən Tulleken bunun elmi şəkildə sübuta yetirildiyini vurğulayıb:

“Ötən il Harvardda aparılan bir araşdırma, ultra işlənmiş qidaların (UPF) depressiya riskini artırdığını göstərdi.
İşlənmiş qidalarda karbohidratlar, doymuş yağlar və enerji dəyəri yüksək; zülal və lif miqdarı isə azdır. Belə qidaların tərkibindəki stabilizatorlar və emulqatorlar kimi rəf ömrünü uzadan, dadı və teksturanı yaxşılaşdıran əlavələrin bədəndə iltihab yaradaraq psixi və fiziki sağlamlıq problemləri riskini artırdığı bilinir. Bu cür kombinasiya işlənməmiş qidalarda müşahidə edilmir.

Hazır və işlənmiş qidalarda niasin, piridoksin, mis, selen, dəmir, fosfor, maqnezium və sink kimi mikroelementlər, orqanizmin düzgün işləməsi üçün lazım olan vitamin və minerallar olduqca azdır”.

Tullekenin fikrincə, bu o deməkdir ki, “biz əslində qida olmayan qidaları yeyirik”.

Tulleken ucuz, asan əldə oluna bilən bu cür məhsulların məqsədli şəkildə maddi vəziyyəti aşağı olan ailələrə yönəldildiyini vurğulayıb. O qeyd edib ki, xüsusilə də belə ailələrdəki uşaqlar təhlükə altındadırlar.


Gül