3 yaşlı uşağı timsah qəfəsinə atan kişi sərbəst buraxıldı

  • 2026.06.19 23:06
  • 118 Baxış
3 yaşlı uşağı timsah qəfəsinə atan kişi sərbəst buraxıldı


İngiltərədə 30 yaşlı şübhəli zooparkda timsahların olduğu qovşağa 3 yaşlı uşağı atıb. Ağır yaralanan uşaq xəstəxanaya aparılıb, qətl cəhdində ittiham olunaraq həbs edilən şübhəli isə "ifadə verməyə yararsız" hesab edildiyi üçün girov müqabilində azadlığa buraxılıb.

Medicina.az xəbər verir ki, hadisə Kembricdəki Johnsons of Old Hurst Zooparkında baş verib. İddiaya görə, 30 yaşlı bir kişi 3 yaşlı oğlan uşağını təxminən 4,5 metr hündürlükdən timsahların olduğu qəfəsə atıb.

Uşağın yıxıldığını görən zoopark sahibi Treysi Conson qəfəsə girib və azyaşlı uşağı xilas edib. Təcili yardım işçiləri ilk tibbi yardım göstərdikdən sonra ağır yaralanan uşaq təcili yardımla xəstəxanaya aparılıb.

Hadisədən sonra ziyarətçilər təxliyə edilib və zoopark bir müddət bağlı qalıb.

Polis uşağın vəziyyətinin ağır, lakin sabit olduğunu bildirib. Uşaqla əvvəlcədən tanış olmadığı güman edilən şübhəli qətl cəhdində ittiham olunub.

Kembric polisi daha sonra şübhəlinin "ifadə verməyə yararsız" hesab edildiyi üçün 18 sentyabra qədər girov müqabilində azadlığa buraxıldığını açıqlayıb.

Britaniya mediasının verdiyi xəbərlərə görə, şübhəli baxıcısı ilə birlikdə səyahətə çıxan əqli cəhətdən qüsurlu şəxsdir. Həmçinin bildirilib ki, uşaq sərt bir səthə yıxılıb və sonra suya yuvarlanıb.

Aygün
Medicina.az