"ABŞ-da bütün xəstəxanalar sadəcə, koronaviruslu xəstələri qəbul edir, başqa xəstələrə imkan yoxdur"- ZAHİR XALİQ

  • 2020.04.15 15:56
  • 1637 Baxış
"ABŞ-da bütün xəstəxanalar sadəcə, koronaviruslu xəstələri qəbul edir, başqa xəstələrə imkan yoxdur" -   ZAHİR XALİQ


Koronavirus ABŞ səhiyyə sistemindəki vəziyyəti çılpaqlığı ilə göstərdi


Hazırda ABŞ koronavirus pandemiyası qurbanlarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.

Paytaxt Vaşinqton şəhərində fəaliyyət göstərən Cərrahiyyə Mərkəzinin (The Surgical Center) rəhbəri, amerikalı həkim, doktor Zahir Xaliq (Khalique) “Report”un xüsusi müxbirinə müsahibəsində mövcud vəziyyəti dəyərləndirib.

" Vəziyyətin yaxşı olduğunu deyə bilməyəcəyəm. Koronavirusdan ən çox qurban verən şəhərlər Nyu-York, Nyu-Cersi və Miçiqan oldu. ABŞ-da, demək olar ki, yoluxmanın 50 faizi ölümlə nəticələnməkdədir. Əslində, ötən həftəylə müqayisədə nisbətən irəliləyişin baş verdiyini görə bilərik. Son iki gündür ki, bir qədər ürəkaçan xəbərlər eşidirik. Artıq Nyu-Yorkda koronavirusa yoluxanlar və ölənlərin sayında azalma müşahidə olunur. Bu, çox ciddi göstərici olmasa da, ancaq yenə də ürəkaçandır. Çünki rəqəmlər yüksəlmir və növbəti günlərdə də getdikcə azalacağını düşünürəm.


Pandemiyaya görə, ABŞ səhiyyə sisteminin dağıldığını, çökdüyünü deyə bilmərik. Ancaq, həqiqətən də, yetərli olmadığı ortaya çıxdı. Çünki tibbi ləvazimatla təminat məsələsində digər ölkələrdən asılıyıq. Əslində, adi günlərdə belə tibbi ləvazimat əksikliyi yaşanırdı. Koronavirus isə ABŞ-ın səhiyyə sistemindəki mövcud vəziyyəti çılpaqlığı ilə ortaya çıxardı. Əgər tibbi ləvazimat çatışmırsa, həkimlər, tibb işçiləri öz sağlamlıqlarını necə qoruya bilərlər? Ona görə də hər gün xəstəxanalardan birinin qarşısında aksiya keçirən tibb işçilərini görürük. Hətta əksəriyyəti işdən belə çıxdı. Ölkə ərazisində koronavirusun sürətlə yayılması xəstəxanalarda yerlərin dolmasına gətirib çıxardı. Nəticədə test dəstləri bitti, vəziyyət xeyli çətinləşdi. Ancaq bununla belə, yaxın vaxtlarda normal həyatımızı davam etdirəcəyimizə ümidvaram.

Artıq ABŞ-da bütün əməliyyatlar təxirə salınıb. Xəstəxanalar, sadəcə, koronavirus xəstələrinə xidmət göstərir. Mən dörd saat davam edəcək bir əməliyyata girməliyəm, əlləri kəsilmiş bir xəstə məni gözləyir. Ancaq bilmirəm necə olacaq.

Bu gün Vaşinqton xəstəxanalarındakı vəziyyət daha acınacaqlıdır. Hesab edirəm ki, ABŞ-ın səhiyyə sisteminin özünü toparlaması üçün ən azı bir il vaxt lazım olacaq. Bundan sonra yalnız normal əməliyyatlar edə biləcəyik.

Əsas problem koronavirusun yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməməsidir. Nyu-Yorkda, xüsusilə də Manhattan əyalətində son bir həftəyədək insanlar heç bir şeyə məhəl qoymadan gündəlik həyatlarına davam edirdilər. Metrolar hələ də işləyir və yeraltı nəqliyyat vasitəsində yaşayan viruslar hər kəsi risk altında qoyur. Karantin çox gec tətbiq edildi. Ötən ayın son həftəsinə qədər bu gün qurbana çevrilmiş minlərlə insan Nyu-Yorkda potensial koronavirus daşıyıcısı idi və infeksiyanı yaymaqda davam edirdilər. Bu gün ABŞ-da karantin qaydalarına əməl edib evdə qalanlar orta və yuxarı təbəqənin insanlarıdır. Amerikalılar bir çox qaydalara əməl etmirlər, insanların çoxu bayırdadır. Tikinti şirkətləri hələ də işlərini davam etdirir və orda yüzlərlə insan işləyir".