4-5 yaşlı uşaqlar elektron siqaret səbəbiylə xəstəxanalıq olur - Həyəcan təbili çalındı

  • 2024.04.24 15:00
  • 499 Baxış
4-5 yaşlı uşaqlar elektron siqaret səbəbiylə xəstəxanalıq olur -  Həyəcan təbili çalındı
İngiltərədəki rəsmi rəqəmlər, dörd yaşlı uşaqların elektron siqaret səbəbiylə xəstəxanaya yerləşdirildiyini göstərir.

Medicina.az xəbər verir ki, bu barədə İngiltərənin Milli Sağlamlıq Xidmətlərinin (NHS) yaydığı bəyanatda bildirilib.

Bu vərdişdən müalicəyə ehtiyacı olan 20 yaşdan kiçiklərin sayının 8 dəfə artdığı qeyd olunub.

Həkimlər 2020-ci ildən bəri siqaret çəkmə ilə bağlı problemlərə görə qəbul edilən bütün yaş qruplarından olan xəstələrin sayında 276 faiz artım müşahidə etdiklərini açıqlayıblar. Ancaq yeniyetmə və uşaqlar arasında nisbətlər eyni dövrdə daha sürətlə artıb - 733 faiz.

İnformasiya Azadlığı qanunları çərçivəsində açıqlanan məlumatlara görə, 2020-ci ildə elektron siqaretlə bağlı hər 100 müraciətdən yalnız 6-sı azyaşlılar tərəfindən edildiyi halda, keçən il bu rəqəm hər 100 müraciətdən 14-ə yüksəlib.

Ötən il həkimlər elektron siqaretdən zərər çəkən 365 xəstəni qəbul ediblər, onlardan 50-si azyaşlı, 11-i isə beş yaşından kiçik olub.

Vəziyyət o yerə gəlib ki, elektron siqaretdən asılı olan uşaqlara nikotin saqqızı vermək tövsiyə olunur.

Müəllimlər bildirirlər ki, şagirdlər “titrəyişlərdən” əziyyət çəkirlər, diqqətlərini itirmədən və nikotinə ehtiyac duymadan bir dərsi belə başa vura bilmirlər.

Səhiyyə orqanları siqaret çəkməyənləri elektron siqaretdən istifadə etməməyə və hökuməti satıcılara qarşı sərt tədbirlər görməyə çağırıblar.

Bu arada Vestminster hökuməti uşaqların vərdiş qazanmasının qarşısını almaq üçün cəlbedici elektron siqaret qablaşdırmasını və süni ləzzətli növləri bir müddət qadağan edəcəklərini açıqlayıb.


Aysel