Artroz nədən yaranır və necə müalicə olunur?

  • 2024.06.05 12:46
  • 844 Baxış
Artroz nədən yaranır və  necə müalicə olunur?
Artroz-oynaqların qığırdaq səthlərinin müxtəlif səbəblərdən zədələnməsi, oynaq mayesinin azalması şikayətlərin yaranmasına səbəb olur.

Medicina.az xəbər verir ki, travmatoloq-cərrah İlkin Cəlilov artorzun yaranma səbəblərindən və müalicəsindən danışıb.

O hesab edir ki, artroza ən çox aşağıdakı amillər səbəb olur:

1. Yaş faktoru: İnsanlarda yaş artdıqca qığırdağın keyfiyyəti pisləşir, bu isə onun müxtəlif travmalara qarşı davamlılığını -dözümlülüyünü azaldır.

2. Travmalar: Hətta oynaqlarda baş verən bir travma belə (məs. burxulma, bağların zədələnməsi, sınıqlar və s.) artrozun əmələ gəlməsinə şərait yaradır. Həmçinin travmaların mütəmadi baş verməsi (məs. peşəkar idmançılarda, rəqqaslarda və s.) oynaq üçün zərərli hesab edilir.

3. Artıq çəki: Oynağa həddindən artıq yükün düşməsi və ya uzun müddət artıq dərəcədə yüklənməsi də artrozun yaranması üçün mühüm səbəblərdən biridir.

4. İrsi və stress faktorları: Alimlər belə düşünür ki, artroz özü irsi olaraq ötürülmür.

Lakin maddələr mübadiləsinin xüsusiyyətləri qığırdaq toxumasının quruluşu və skeletin zəifliyi kimi əlamətlər valideynlərdən genetik olaraq övladlara ötürülür. Ona görə valideynlərdə və yaxın qohumlarda ağır formalı artroz xəslələnmə halları qeyd edilən şəxslərin bu xəstəliyə tutulma riski bir neçə dəfə artıq olur. Uzun müddət ərzində baş verən stresslər zamanı insanın böyrəküstü vəziləri kortikosteroid hormonlarını (“stress hormonları”) artıq miqdarda ifraz edirlər. Qanda “stres hormonlarının” artması öz növbəsində oynaqların qanla təchiz edilməsinin pisləşməsinə və oynaqdaxili maye istehsalının azalmasına səbəb olur. Bu isə əksər oynaqların normal funksiyasının pozulmasına səbəb olur. Beləliklə, xroniki stresin yuxarıda sadalanan mənfi faktorlarla birgə olması nəticəsində artroz xəstəliyi inkişaf edir. Bu zaman söhbət heç də bir gün ərzində olan həyəcanlardan getmir. Artroz, adətən, uzun müddət davam edən həyəcanlanmalar, evdə və ya işdə olan xroniki narahatlıqlar, uzun sürən kədər, sarsıntı, qəzəb, əsəbiləşmə hallarından baş verir.

Həkim deyir ki, aşağıdakı əlamətlər varsa, həkimə müraciət etmək lazımdı:

Oynaqda ağrı: Ağrı, adətən, fiziki gərginlik zamanı (gəzinti, pillələrlə qalxıb-enərkən, oturaq vəziyyətdən qalxdıqda, qaçış, idman hərəkətləri) yaranır və sakitlik halına keçdikdə və oynağa rahat vəziyyət verdikdə tədricən keçib gedir.

Oynaqdaxili xırıltı: Qeyd etmək lazımdır ki, sağlam oynaqlar da bəzi hallarda şaqqıldaya bilər, ancaq bu zaman onlarda ağrı olmur.

Oynaqda hərəkətliliyin azalması: Xəstəliyin ilk dövrlərində oynaqda olan hərəkət məhdudiyyətliyi, adətən, zəif şəkildə olur. Ancaq xəstəlik artdıqca oynaq daha az hərəkətli olur.

Oynağın deformasiyası: Bu deformasiya əl barmaqları oynaqlarında daha çox nəzərə çarpır.

Artrozun profilaktikası düzgün qidalanma, artıq çəkidən qorunmaq və oynaq travmalarından qorunmaqla mümkündür.

Həkim bildirib ki, artrozun müalicəsində aşağıdakı metorlardan istifadə olunur:

- Konservativ. Dərman müalicəsi (QSİƏH),
- Qığırdaq qoruyucu (qlükozamin xondratin sulfat preparatları),
- Fizioterapevtik müalicələr.
- Cərrahi müalicə.Total və ya hissəvi süni oynaqlar.


Arzu