Autizmə neandertal genləri səbəb olur – Yeni araşdırma

  • 2024.06.21 16:46
  • 869 Baxış
Autizmə neandertal genləri səbəb olur –  Yeni araşdırma
Autizmin səbəbi neandertal genləri ola bilər.

Medicina.az xəbər verir ki, alimlər apardıqları yeni araşdırmanın nəticələrinə uyğun olaraq bu qərara gəliblər.

Məlumdur ki, müasir insanlar onların ən yaxın qohumlarından biri olan neandertallarla cütləşərək iki növ arasında gen transferinin baş verməsinə səbəb olublar. Bu gün Avrasiyada yaşayan insanların genomunun təxminən 2 faizində neandertal DNT-si var. Təxminən 40 min il əvvəl nəsli kəsilmiş neandertalların genləri müasir insanlarda ağrıya qarşı həssaslıqdan, nikotin asılılığına qədər müxtəlif təsirlərə malikdir.

“Molecular Psychiatry” adlı jurnalda dərc edilən araşdırmada bu genlərin autizmlə əlaqəsinə toxunulub. Autizm spektri pozğunluğu sosial ünsiyyətdə problemlərə səbəb olan neyroinkişaf vəziyyətini ifadə edir. Bu pozğunluğun nədən qaynaqlandığı tam olaraq bilinməsə də, genetik və ətraf mühit faktorlarının birgə təsiri olduğu düşünülür.

Tədqiqatçılar ABŞ-da autizm spektrində olan minlərlə insanın və onların spektrdən kənar bacı və qardaşlarının genetik məlumatlarını ehtiva edən “Simons Foundation Powering Autism Research” layihəsinin məlumatlar bazasından istifadə ediblər.

Aşkar edilib ki, əhalinin 1 faizində rast gəlinən neandertal gen variantı autizmli insanlarda əhəmiyyətli dərəcədə daha çoxdur.

“Bu nəticələr neandertal mənşəli DNT-nin ABŞ-da böyük populyasiyalarda autizmə həssaslıqda mühüm rol oynadığını qəti şəkildə göstərir”, - deyə araşdırmaçılar qeyd ediblər.

Neandertal genləri ilə autizm arasında əlaqə aşkar edilsə də, bu genlərin belə bir təsirə necə malik olduğu bilinmir. Əlaqəni aydın şəkildə təsdiqləmək üçün autizmli insanların bütün genomunun daha çox araşdırılması və tədqiqi lazımdır.

Məqalə müəlliflərindən biri Emili Kasanova deyir ki, tapıntılar autizm spektrində olan insanların "daha çox neandertal" olduqları mənasına gəlmir:

“Tədqiqatımızda autizmli insanların ümumiyyətlə daha çox miqdarda neandertal DNT-si daşıdıqlarını deyil, daha nadir neandertal variantlarını daşıdıqlarını aşkar etdik”.


Aysel