Bu çay şəkər xəstələri üçün möcüzədir – RESEPT

  • 2024.05.15 14:02
  • 410 Baxış
Bu çay şəkər xəstələri üçün möcüzədir –  RESEPT
Son illərdə dünyada ən çox artan xəstəliklərdən biri də şəkərli diabetdir. Bu xəstəlik insanların yediyi və içdiyi qidaları çox məhdudlaşdırdığı üçün bir çox insan tərəfindən “ən pis xəstəlik” hesab edilir.

Bütün bunlara görə də, diabet üçün təbii həllərə hər gün bir yenisi əlavə olunur. Onlardan biri də kombuça çayıdır. Bu çay diabet səbəbiylə ani təzyiq böhranlarının qarşısını almaq üçün ən faydalı vasitələrdən biridir.

ABŞ-ın Georgetown Universitetində aparılan bir araşdırma kombuça çayının qan şəkərinin səviyyəsinə necə təsir etdiyini ortaya çıxarıb. Belə ki, mütəxəssislər tərəfindən aparılan təcrübədə 12 nəfər 4 həftə ərzində nahardan əvvəl kombuça çayı içib. Nəzarət qrupuna isə rəngi və dadı oxşar olan “saxta” kombuça verilib.

Nəticələr alimləri də təəccübləndirib. Çünki kombuça içən bütün iştirakçıların qan şəkəri normadan xeyli aşağı düşüb. Bir ay ərzində kombuça içənlərin orta şəkər səviyyəsi 164 milliqramdan 116 milliqrama enib. İkinci qrupdakı insanlar üçün bütün göstəricilər dəyişməz qalıb.

Bəs kombuça çayını evdə necə hazırlamaq olar?

Tərkibi:

1 litr içməli su

5 xörək qaşığı şəkər

3 ədəd qara çay paketi (6 qram)

kombuça mayası

Hazırlanması:

1 litr suyu qaynadın. Üzərinə şəkəri və çay paketlərini əlavə edib çayın ilıqlaşmasını gözləyin. Otaq temperaturuna gələn çayı süzün və içinə kombuça mayasını əlavə edin. Təxminən 1,5-2 həftədən sonra çayın mayalandığını və hazır olduğunu görəcəksiniz.

Bu çayı nə qədər uzun müddət saxlasanız, turşuluq bir o qədər artacaq və şəkər miqdarı azalacaq.

Kombuça çayı hazır olduqdan sonra onu sadə halda və ya quru meyvələrlə birgə içə bilərsiniz.

Qeyd edək ki, kombuça çayı hazır halda marketlərdə də satılır. Tərkibini oxuyaraq, keyfiyyətindən əmin olduğunuz brendlərin istehsal etdiyi hazır kombuçaları da içə bilərsiniz.

Kombuça çayının digər faydaları:

Kombuça detoks təsirinə malik olduğu üçün dietoloqlar tərəfindən tez-tez tövsiyə edilir. Kombuça çayı eynilə kefir və qatıq kimi faydalı probiotiklər ehtiva edir. Araşdırmalar göstərir ki, kombuça maddələr mübadiləsini sürətləndirir və piyləri əridir. Xüsusilə bel nahiyəsindəki piyləri yox edir. Gündə bir dəfə istehlak edildikdə bağırsaq fəaliyyətini nizamlayaraq yağların yandırılmasını sürətləndirir.

Kombuça, həmçinin allergik xəstəliklərin təsirinin aradan qaldırılmasında böyük rol oynayır.

Kombuçanı müntəzəm olaraq içsəniz, qısa müddətdə başda sidik yolları infeksiyaları olmaqla, bir çox problemdən xilas ola bilərsiniz.

Bu çay immunitet sistemini gücləndirir. Xüsusi fermentləşdirilmiş kombuça çayı xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaqda təsirli olur.

Hemoroidi aradan qaldırdığı iddia edilir.

Əks təsirləri:

Onu da qeyd edək ki, kombuça içməyin həzm pozuntusu, şişkinlik və qaz da daxil olmaqla bir qədər xoşagəlməz, lakin təhlükəli olmayan əlavə təsirləri var.

Miçiqan Dövlət Universitetinin mütəxəssisləri deyirlər ki, kombuçanı ilk dəfə çox az miqdarda içmək lazımdır. Zamanla miqdarını mərhələli şəkildə artırmaq olar.

Kombuçanın tövsiyə olunan dozası gündə yarım fincandır.

Bu çayı həkimlə məsləhətləşmədən istehlak etmək olmaz. Kombuçanın tərkibində canlı orqanizmlər olduğundan və bəzi markalarda pasterizə olunmadığından, immun sistemi zəif olanlar və hamilə qadınlar istehlak etməzdən əvvəl mütləq şəkildə həkimləri ilə məsləhətləşməlidirlər.


Aysel