Bu ətlər ürəyə zərərlidir

  • 2024.04.24 10:23
  • 517 Baxış
Bu ətlər ürəyə zərərlidir
Bitki mənşəli ət istehlak edənlərin qan şəkəri səviyyəsi daha yüksək olur.

Medicina.az xəbər verir ki, bitki mənşəli ətlərin ürək sağlamlığına heyvan ətlərindən daha yaxşı təsir göstərmədiyi aşkarlanıb.

Əvvəlki araşdırmalar tərkibində vitaminlər, lif və antioksidantlar olduğu üçün bitki əsaslı pəhrizlərin ürək sağlamlığı üçün faydalı olduğunu aşkar etmişdi.Ancaq indi mütəxəssislər veqanlara və vegeterianlara ultra işlənmiş qidalardan uzaq durmağı tövsiyə ediblər. Çünki dadı, qoxusu və quruluşu ilə heyvan ətlərini təqlid edən, əsasən vegetarianlar və vegeterianlar tərəfindən istehlak edilən bitki mənşəli ətlərin ürəyə zərərli olduğu anlaşılıb.

Sinqapur Milli Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmada 2-ci tip diabet riski yüksək olan 89 sinqapurlu iki qrupa bölünərək müayinə edilib. 8 həftə ərzində bir qrup heyvan əti yeməyə davam edərkən, digər qrup bitki mənşəli ət alternativləri istehlak edib.

Tədqiqatçılar tədqiqatdan əvvəl və sonra iştirakçıların xolesterolunu, qan şəkərini və qan təzyiqini ölçüblər. Hər iki qrupda xolesterin səviyyəsində ciddi dəyişiklik müşahidə olunmasa da, heyvan əti yeyənlərin qan şəkərinin daha stabil olduğu qeyd edilib.Tədqiqatçılar bunun bitki mənşəli ət məhsullarının tərkibindəki karbohidrat ehtiva edən əlavələrlə bağlı ola biləcəyini irəli sürüblər.

Yüksək qan şəkəri zamanla diabetə səbəb ola bilər, həmçinin qan damarlarını və sinirləri zədələyərək ürək xəstəliyinə gətirib çıxarar.

“American Journal of Clinical Nutrition” elmi jurnalında dərc edilən araşdırmada heyvan əti qrupunda qan təzyiqində yaxşılaşma müşahidə edilsə də, digər qrupda belə bir yaxşılaşma müşahidə edilməmişdir.

"Bu nəticə bəziləri üçün gözlənilməz olsa da, ultra emal edilmiş bitki mənşəli ətlərin heyvan ətləri ilə müqayisədə heç bir fayda vermədiyini tapmaq təəccüblü deyil", - dietoloq Kelsi Kosta “Medical News Today”ə bildirib.

Məhdud vaxt və kiçik nümunə ölçüsü ilə yanaşı, bu tədqiqatın metodologiyası ilə bağlı əsas problemlərdən biri də odur ki, seçilmiş bitki əsaslı ət alternativlərində yüksək natrium və yenidən qızdırılan toxum yağları olub.

Ancaq Massaçusets Xəstəxanasından nutritionist Emili Qelsomin də veqan ət alternativlərinin yüksək miqdarda doymuş yağ və duz ehtiva etdiyini vurğulayır:

“Doymuş yağla zəngin pəhrizlər həm ürək xəstəliyi, həm də vaxtından əvvəl ölüm nisbətlərinin artması ilə əlaqələndirilir. Məqsədiniz sağlamlıqdırsa, belə qidaları seçməmək düzgün olardı”.


Aysel