Diabet riskini minimuma endirən qidalanma modeli

  • 2024.05.17 16:38
  • 996 Baxış
Diabet riskini minimuma endirən qidalanma modeli
Diabetdən qorunmaq üçün təbii qidalara müraciət etmək lazımdır. Zülal və liflə zəngin qidalar qan şəkərini balanslaşdırır.

Alimlər deyirlər ki, şəkərli diabet riskini azaltmaq çox asandır. Bunun üçün “əvəzləmə” adlandırılan qidalanma modeli tövsiyə edilir. Burada zərərli olan bəzi qidaları oxşar tərkibli başqa məhsullarla əvəzləmək nəzərdə tutulur.

Alimlərin sözlərinə görə, əti, xüsusilə də işlənmiş əti sevmək və bitki mənşəli qidalardan uzaq durmaq sağlamlıq problemlərinin yaranma ehtimalını artıran ən mühüm faktorlardan biridir. Şəkərli diabetin inkişaf riski yemək vərdişlərinizdən birbaşa təsirlənir.

Bu mövzu Almaniya Diabet Mərkəzinin (DDZ) və Freiburg Universitetinin Tibb Mərkəzindəki Sübutlara əsaslanan Tibb İnstitutunun alimləri tərəfindən öyrənilib. Onlar 19 il ərzində 37 min könüllünün müşahidələrini tədqiq ediblər. Tapıntılara görə, ət əvəzinə çərəz və ya lobya istehlakı vaxtından əvvəl ölüm riskini 21%, ürək-damar xəstəlikləri riskini 21%, şəkərli diabetə tutulma riskini isə 22% azaldır.

Alimlər veqan olmağın məcburi olmadığını bildirirlər. Əsas məsələ ətə üstünlük verildiyi təqdirdə kolbasa əvəzinə biftek və ya quş əti istehlak etməkdir. Həmçinin ətin yanında tərəvəzlərə də yer vermək lazımdır.

“American Journal of Clinical Nutrition”da dərc edilən araşdırmaya görə, işlənmiş qırmızı ətin istehlakı 2-ci tip diabet riskini 46%-ə qədər artırır. Bitki mənşəli qidaların əhəmiyyəti onların tərkibindəki lifdən qaynaqlanır. Lif həzmi dəstəkləyir, toxluq hissi verir və qan şəkərini tarazlaşdırır. O, həmçinin uzun müddətdə sağlam çəkiyə nəzarət etməyə kömək edir.

Endokrinoloqlar gənclər arasında tip 2 diabet hallarının artdığını müşahidə edirlər. Bunun əsas səbəblərindən biri piylənmə kimi görünür. Piylənmə isə 2-ci tip diabetin ümumi səbəbidir.

Həddindən artıq yemək, oturaq həyat tərzi və spirtli içkilərdən istifadə kimi vərdişlər də diabet riskini artırır. Bütün bunlarla mübarizə aparmaq üçün zərərli qidaları zərərsiz olanlarla əvəzləyərək sağlamlığa doğru bir addım atmaq olar.


Aysel