İnsult həm genetik, həm ürək-damar problemlərindən, həm də yaşlanmadan qaynaqlanan xəstəlikdir. Amma bir insanın gündəlik vərdişləri bu xəstəliyi yaxınlaşdıra bilər.
“Medicina” xəbər verir ki, damar cərrahı professor Anahita Dua əsas vərdişləri sadalayıb.
Oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və xroniki yuxu çatışmazlığı işemik insult riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bu, laxtalanma səbəbindən beyinə qan axınının qəfil dayandırıldığı bir vəziyyətdir.
Həkim ilk risk faktoru kimi fiziki fəaliyyətin azlığını qeyd edib. Bu vərdiş qanda qlükoza və yağların səviyyəsinin artması və yüksək sıxlıqlı lipoproteinlərin ("yaxşı" xolesterin) konsentrasiyasının azalması ilə əlaqələndirilir.
Bu, damar divarlarının zədələnməsinə və xolesterinin çökməsinə gətirib çıxarır ki, nəticədə damarı tıxaya və ya qan laxtalanmasına səbəb ola bilər.
Qidalar da mühüm rol oynayır. Duz, doymuş yağlar və sənaye trans yağları yüksək olan qidaların (məsələn, marqarində olanlar, daha uzun saxlama müddəti olan çörək məhsulları, işlənmiş qidalar və fast food) müntəzəm istehlakı qan təzyiqini artırır və qan damarlarında iltihabi prosesləri sürətləndirir.
Duanın sözlərinə görə, bu, arterial disseksiya və qan laxtalarının əmələ gəlməsi ehtimalını artırır ki, bu da insult yarada bilər.
Damar sağlamlığına mənfi təsir göstərən digər gündəlik vərdişlər arasında, siqaret çəkmə, xroniki yuxu çatışmazlığı və müntəzəm tibbi müayinələrə etinasızlıq göstərilir. Bu amillər həmçinin artan sistem iltihabı, qan təzyiqinin qeyri-sabitliyi və ürək ritminin pozulması ilə əlaqələndirilir ki, bu da damar qəzaları riskini daha da artırır.
Aygün Musayeva