Enerji içkilərini spirtlə qarışdırmaq bu orqana qalıcı ziyan vurur

  • 2024.07.08 20:36
  • 435 Baxış
Enerji içkilərini spirtlə qarışdırmaq  bu orqana qalıcı ziyan vurur
Enerji içkilərini spirtlə qarışdırmaq beyinə qalıcı ziyan vurur.

Medicina.az xəbər verir ki, bu barədə “Neuropharmacology” jurnalında dərc edilən araşdırmada deyilir.

Bildirilir ki, spirt beyin fəaliyyətini ləngidirərkən, enerji içkiləri isə qan təzyiqini və ürək döyüntüsünü artırır, həmçinin yuxusuzluğa səbəb olur.

Bu iki içkinin birlikdə içildikdə hansı təsirə malik olduğunu öyrənmək istəyən tədqiqatçılar siçovullar üzərində təcrübə aparıblar.

Yeniyetmə siçovullara spirt, enerji içkiləri və ya hər ikisinin qarışığı verilib. Tədqiqatçılar daha sonra siçovulları davranış və fizioloji testlərdən, eləcə də beyin skanlarından keçiriblər.

Məlum olub ki, spirt və enerji içkilərini birlikdə qəbul edən siçovulların öyrənmə və xatırlama bacarıqlarında geriləmə baş verir. Ən maraqlısı isə odur ki, bu vəziyyət müvəqqəti xarakter daşımır.

Tədqiqatçılar beynin öyrənmə və yaddaşdan məsul olan bölgəsi olan hipokampusda dəyişikliklər qeydə alıblar.

Xüsusilə beynin yeni məlumat və tələblərə uyğunlaşma qabiliyyətinin pozulduğu müşahidə edilib.

İki içkini birlikdə istehlak edən siçovulların bəzi beyin bölgələrində ilk anda müsbət dəyişikliklər müşahidə edilsə də, bunlar zamanla yoxa çıxıb və yetkinlik dövründə beynin qabiliyyətləri azalıb.

Tədqiqatçılar bildirirlər ki, yeniyetməlik dövründə spirt və enerji içkilərinin qarışdırılması və qısa müddətdə həddindən artıq miqdarda istehlak edilməsi beyinə uzunmüddətli zərər verə bilər.

Tapıntıları təsdiqləmək üçün insanların üzərində eksperimentlərin aparılmasına ehtiyac var.


Aysel