Saatlarla kompüter qarşısında oturanları gözləyən xəstəlik – Riski necə azaltmaq olar?

  • 2024.05.02 13:20
  • 538 Baxış
Saatlarla kompüter qarşısında oturanları gözləyən xəstəlik –  Riski necə azaltmaq olar?
Gündə 4 saatdan çox ayaq üstə duranlarda varikoz xəstəliyinə tutulma riski 2,7 dəfə olduğu halda, günün çox hissəsini saatlarla kompüter qarşısında keçirənlərdə risk xeyli yüksəkdir.

Medicina.az xəbər verir ki, varikoz damar genişlənməsidir və daha çox ayaqlarda üzə çıxır.

Bu xəstəliyin fiziki görünüşə təsiri ilə yanaşı, sağlamlığa da mənfi təsirləri çoxdur.

Ürək-damar cərrahiyyəsi üzrə mütəxəssis Prof. Dr. Oğuz Yılmaz varikozla bağlı ən çox verilən sualları cavablandırıb.


Varikozun ilk əlaməti nədir?

İlk və ən nəzərə çarpan simptom, ayaqların səthində əvvəllər mövcud olmayan nazik və ya qalın, gərgin damarların görünüşüdür. Uzun müddət ayaq üstə dayandıqda meydana gələn ayaq ağrısı, ağırlıq hissi və xüsusilə topuqlarda daha aydın şəkildə şişkinlik diqqəti cəlb edir.


Varikozun səbəbi nədir?

Varikoz xəstələrinin əsas problemi onlarda damar divarlarının möhkəmliyini və davamlılığını təmin edən bəzi maddələrin olmamasıdır. Əslində, bu, bəzi ailələrdə varikoz damarlarının niyə daha çox olduğunu izah edir. Ailənizdə varikoz varsa, sizdə risk digər insanlara nisbətən 4-5 dəfə yüksəkdir.


Hansı şərtlər varikoz riskini artırır?

Genetika varikoz üçün 90 faiz risk faktorudur. Qadınlarda varikoz kişilərə nisbətən 4 dəfə çox olur. Hamiləlik, artıq çəki, doğuşa nəzarət həbləri və hormon müalicəsi də varikoz riskini artırır.

Digər risk faktoru uzun müddət ayaq üstə işləmək və ya hərəkətsiz oturmaqdır.


Varikozun yaratdığı şikayətlər hansılardır?

Şikayətlər xəstəliyin şiddətindən asılı olaraq dəyişir. Uzun müddət davam edən varikoz zamanı topuqda şişlik qalıcı ola bilər. Dizlərin altında damarların səthə çıxmış haldakı bənövşəyi görünüşü də qalıcı olmağa başlayır.

Yaralar açılır, səthi damarların divarları zəiflədiyi üçün ən kiçik cızılma və ya zərbə, bəzən isə özbaşına ciddi qanaxma ilə nəticələnir.

Yuxarıya doğru yavaşlayan qan axını isə ani laxtalanmaya və damarların qəfil tıxanmasına səbəb ola bilir.


Varikoz corabları müalicə edirmi?

Müalicədə bu corabların rolu vacibdir. Qanı aşağıdan yuxarıya doğru istiqamətləndirən bu xüsusi corablar qan dövranını dəstəkləyir və xəstəliyin daha da irəliləməsinin qarşısını alır.


Varikozdan qorunmaq üçün nə etməliyik?

Həyat tərzi çox vacibdir. Həddindən artıq çəki artımından və ya itkisindən qaçınmaq, yəni tez-tez çəki alıb-verməmək; müntəzəm gəzintilər etmək, ayaq əzələlərini gücləndirmək; gün ərzində uzun saatlarla kompüterdə işləyirsinizsə, hər 1-2 saatdan bir qalxıb gəzmək; oturarkən masanın altına hündürlük qoyaraq ayaqları biraz daha yuxarıda saxlamaq xəstəlikdən qorunmaqda kömək edə bilər.


Aysel