Tez-tez səyahət edənləri gözləyən ölümcül təhlükə - Bunlara diqqət etməsəniz...

  • 2024.05.20 14:32
  • 540 Baxış
Tez-tez səyahət edənləri gözləyən ölümcül təhlükə -  Bunlara diqqət etməsəniz...
Turizm bölgələrində yay mövsümünə sayılı günlər qalıb. Tətil bir çox insan üçün səyahət deməkdir. Ancaq hamının səbirsizliklə gözlədiyi uzun səyahətlər zamanı heç nəzərə alınmayan təhlükə də var.

Mütəxəssislər uzun müddətli avtobus, qatar və ya təyyarə səfərlərinin ölümcül problemə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Medicina.az xəbər verir ki, uzun müddət hərəkətsiz qaldığınız avtobus, qatar və ya təyyarə ilə səyahət tibbdə venoz tromboz deyilən problemə səbəb ola bilər.

Həkimlər baldır əzələlərinin uzun müddət fəaliyyət göstərməməsi nəticəsində baş verə biləcək venoz tromboz riskinə diqqət çəkiblər.

Uzunmüddətli səyahətlərin kabusa çevrilməməsi üçün bu riskin qarşısını almağın yolları da izah olunub.

Medicina.az xəbər verir ki, səyahətə çıxmazdan əvvəl hazırlıq görmək tövsiyə edilir. Belə ki, yol boyu bol maye qəbul etmək, spirtli içkilərdən uzaq durmaq, dar və narahat paltarlar geyinməmək tövsiyə olunur.

Prof. Dr. Tevfik Özlü 4 saatdan çox ayaqlar aşağı salınmış vəziyyətdə davam edən səyahətlərlə bağlı risklərdən danışıb.
O, risk qrupunda olanların uzun səfərlərdən əvvəl özlərinə diqqət etmələrinin vacib olduğunu bildirib:

“Xüsusilə yaşlı və artıq çəkili insanlar, müəyyən dərmanlar qəbul edənlər və ya xərçəng kimi müəyyən xəstəlikləri olanlar daha çox risk altındadır. Normalda sağlam insanlar da belə uzun səfərlər zamanı çoxlu maye qəbul etməli, spirtli içki və ya yuxu dərmanı istifadə etməməli, vaxtaşırı oturma tərzini dəyişməli, fürsət düşən kimi qalxıb təyyarədə hərəkət etməli, ehtiyac olmasa belə avtobus dayandıqda enib gəzişməlidirlər”.

Həkim qeyd edib ki, yüksək risk altında olanlar və hamilələr uçuşdan əvvəl həkimlə məsləhətləşdikdən sonra profilaktik olaraq bəzi qan durulaşdırıcı vasitələrdən istifadə edə və kompressiya corabları geyinə bilərlər.

Onun sözlərinə görə, venoz tromboz riski təkcə səyahət zamanı deyil, daim parta arxasında oturan, ofisdə və ya işdə saatlarla yerindən qalxmadan işləyən insanlarda, dövlət qulluqçularında da yüksəkdir:

“Buna görə də uzun müddət hərəkətsiz oturmaq, ayaqlarınızı divan və ya stuldan sallamaq təhlükəlidir. 1 saat oturduqdan sonra 5-10 dəqiqə belə qalxıb hərəkət etmək faydalıdır. Xüsusilə də vaxtaşırı olaraq oturma mövqeyinizi dəyişmək ayaqlarda qan dövranı üçün faydalı ola bilər”.


Aysel