Əməkdar həkim, Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov bir sıra vətəndaşların icbari tibbi sığortadan sui-istifadə etdiyini və nəticədə həqiqi tibbi yardıma ehtiyacı olan insanlarının hüquqlarının pozulduğunu bildirib.
Medicina.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
Onun sözlərinə görə, ciddi şikayəti olmayan bir xəstə Bakıda dövlət xəstəxanalarından birində bir həftə ərzində 17 həkim qəbulunda olub və yüzlərlə müayinə etdirib. Ona sağlam olduğu bildirildikdə isə xəstəxana rəhbərliyini şantaj etməyə başlayıb:
“O, buna haqqı olduğunu, istəsə, daha çox müayinə etdirəcəyini və əks halda xəstəxana rəhbərliyindən TƏBİB-ə, Səhiyyə Nazirliyinə, Prezident Administrasiyasına şikayət edəcəyini, eyni zamanda məsələni sosial mediada işıqlandıracağını bildirib”.
F. İbrahimov qeyd edib ki, belə hallar hər gün baş verir və bu, yüzlərlə şikayətdən yalnız biridir:
“Bu tip insanlar səbəbindən biz artıq icbari sığortanın çökdüyünü, həqiqətən müayinə və müalicəyə ehtiyacı olan insanların növbə gözlədiyini, haqlarının tapdalandığını görürük. Bu səbəbdən xəstələr birbaşa ixtisaslaşmış xəstəxana və müayinələrə yönəlmək əvəzinə, ilk öncə poliklinika müayinələrindən keçməli, daha sonra probleminə uyğun həkimə yönləndirilməlidir. Beləcə, hazırda səhiyyəmizdə olan problemlərin bir qisminin qarşısını, az da olsa, ala bilərik”.
medicina/az