Yay aylarında daha çox baş verir - Diabet xəstələri yüksək risk qrupundadır

  • 2024.07.03 13:47
  • 543 Baxış
Yay aylarında daha çox baş verir -  Diabet xəstələri yüksək risk qrupundadır
Xarici qulaq infeksiyası əsasən su səbəbiylə meydana gələn və daha çox yay aylarında müşahidə olunan problemdir.

Medicina.az bildirir ki, qulaq burun boğaz üzrə mütəxəssis Op. Dr. Mustafa Bayam yay aylarında artan xarici qulaq infeksiyaları haqqında mühüm məlumatlar verib.

Bu, xarici qulaq və qulaq pərdəsinin xarici hissəsi müxtəlif mikroorqanizmlərlə yoluxduqdan sonra baş verir. Hovuz və dəniz suyunun qulağa daxil olması səbəbindən xarici qulaq infeksiyaları baş verə bilər.

“Xarici qulaq kanalı müxtəlif mexanizmlərlə özünü son dərəcə yaxşı qoruyan bir quruluşa malikdir. Xalq arasında qulaq kiri kimi bilinən yağlı təbəqə bu funksiyanın ən vacib komponentidir: həm kanalın nəm olmasını təmin edir, həm də turşuluğu tənzimləyir.
Xarici qulağın turşuluq səviyyəsini tənzimləyərək, flora mikroorqanizmləri dediyimiz mikroorqanizmlərin yaşaması üçün uyğun hala gətirir. Bu turşuluq səviyyəsi də zərərli mikroorqanizmlərin çökməsinin və infeksiyaya səbəb olmasının qarşısını alır.

Bu kanalın su ilə həddindən artıq təması onun strukturunun pisləşməsinə səbəb olur. Su ilə təmasda olan qulaqları pambıq çöpləri ilə təmizləməyə çalışmaq da toxumanı zədələyir. Bundan əlavə, bu çöplər çox nazik qulaq dərisinin zədələnməsinə səbəb olur və zərərli mikroorqanizmlərə yoluxma riskini artırır”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, adətən bu infeksiya erkən mərhələlərdə qulaq tutulması, qaşınma və yüngül axıntı ilə müşayiət olunur:

“Sonrakı dövrlərdə dözülməz ağrılara səbəb ola bilər. Bu zaman qulağa toxunduqda daha şiddətli ağrı hiss olunur. Bəzi xəstələrdə ağrı ağızın açılmasını məhdudlaşdıran səviyyələrə çata bilər”.

Həkim müalicə üçün adətən antibiotik və steroid damcılarının kifayət etdiyini qeyd edib.

“Qulaq burun boğaz həkimləri xarici qulaq kanalındakı iltihablı toxumaları təmizləyir, xarici qulaq kanalına qulluq edir və xüsusi damcılardan istifadə edirlər. Bununla belə, xarici qulaq kanalının şiddətli ödemi olan xəstələrdə antibiotik pambıq çubuqları yerləşdirmək və bu pambıqları damcı ilə islatmaq lazım ola bilər. Bəzi xəstələrin oral antibiotiklərə də ehtiyacı ola bilir. Müalicə zamanı qulağı ən azı 2 həftə sudan qorumaq vacibdir”, - deyə həkim əlavə edib.

O vurğulayıb ki, xəstəlik müalicə olunmazsa, təkrarlanan infeksiyalara səbəb ola bilər:

“İmmuniteti zəif olan xəstələr və diabet xəstələr yüksək risk qrupuna daxildir və onların müalicəsi təcili aparılmalıdır”.


Aysel