Azərbaycanda içməli su ilə bağlı qorxulu vəziyyət - 2040-cı ilə kimi...

  • 2022.04.27 16:10
  • 2098 Baxış
Azərbaycanda içməli su ilə bağlı qorxulu vəziyyət     -  2040-cı ilə kimi...


“2040-cı il üçün ən yaxşı ssenari üzrə belə Azərbaycanın su ehtiyatlarının 15%-ə qədər azalması gözlənilir”.

Bu fikirləri su məsələləri üzrə ekspert, Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov Bakupost.az -a açıqlamasında qeyd edib.

O, bu il yağıntıların miqdarının gözlənildiyindən aşağı olduğunu deyib:



“Ötən illərin təcrübəsi fonunda bu il ölkənin Aran rayonlarına çox az yağış yağdığını müşahidə edirik. Yağıntıların miqdarı gözlədiyimizdən çox aşağı olub. Ona görə də Mil-Muğan, Şirvan ərazilərində qış otlaqlarında vəziyyət çox gərginləşib. Böyük Qafqaz dağlarına doğru erkən köç başlayıb. Çünki ot örtüyü ötənilki kimi deyil. Bu il də vəziyyət ötənilkindən çox fərqlənməyəcək və su çatışmazlığı hiss olunacaq. Amma ötən illərin acı təcrübəsi fonunda bir optimizm var ki, bizdə su ehtiyatlarının idarə olunmasında yaxşılaşdırılma aparıla bilər. Yəni təbiətdən gələn su ötənilki ilə müqayisədə çox da deyil. Sadəcə effektiv idarəolunma təşkil edilə bilər”.
Ekspertin sözlərinə görə, Aran rayonlarında olan quraqlıq torpağın suya olan tələbatını artırıb: “Bu o deməkdir ki, suvarma suyuna ötənilkindən daha çox tələbat olacaq.

Müəyyən ərazilər var ki, orada builki quraqlıq nəticəsində taxıl məhsullarına çox ciddi ziyan dəyib. Vaxtı-vaxtında suvara bilməyənlər olub. Digər kənd təsərrüfatı məhsullarına çox ciddi ziyan dəyib. Ümumiyyətlə, əkin sahələrinin artması ərzaq istehsalını yaxşılaşdırmaq əvəzinə, bəzən əks-effekt verir. Kiçik fermerlər istehsalçı kimi sıradan çıxmağa başlayıb. Bu, heç də yaxşı hal deyil. Yağıntıların az olması və su ehtiyatının azalması fonunda təcili tədbirlər görməsək, yay ayları üçün vəziyyət acınacaqlı olacaq. Aran rayonlarında nəinki suvarma suyu, hətta içməli su aşağı səviyyədədir. Ötən il bu, xüsusilə Neftçala və Salyan rayonlarında hiss olundu. Kür öz axınını demək olar ki, itirmişdi, insanlar içməyə belə su tapmırdı. Ona görə də təcili yardım tədbirləri görüldü. Yəni əhaliyə su maşınları ilə su daşınırdı. Təbii ki, bunlar müvəqqəti həll yollarıdır. Ötən il yay aylarında Kür çayının suyu azalmağa başladı. Amma bu il qış aylarında belə Kürdə suyun azalmasını müşahidə etdik”.


Ekspert su çatışmazlığı ilə bağlı həyəcan təbili çalınmasının vaxtı olduğunu düşünür:

“Çünki qlobal iqlim dəyişmələri ilə bağlı bütün dünyada su azalıb. Təbii ki, bu, bizə ikiqat təsir edir. Həm Azərbaycanın daxilində, həm də qonşu ölkələrdə su ehtiyatları azalır. Bizim su ehtiyatlarının 71%-ə qədəri həmin ölkələrdən gəlir. Biz təbii su idxalatçısıyıq. Əgər onların özündə suya ehtiyac artırsa, bizə daha az su gələcək. Bu, çox qorxuludur. Türkiyə iqlim dəyişmələri nəticəsində bir təsirə düşərsə, bu zaman Gürcüstan 2 qat, Azərbaycan isə 4 qat təsirə məruz qalır. Çünki bizim çaylar oradan gəlir. Ona görə də biz su stresi yaşayan ölkəyə çevrilmişik. 2040-cı ilə üçün ən yaxşı senari üzrə belə Azərbaycanın su ehtiyatlarının 15%-ə qədər azalması gözlənilir. Biz buna qarşı çox təcilli adaptasiya tədbirlərinə əl atmalıyıq. Yəni biz az su şəraitinə uyğunlaşmalıyıq. Bundan ötrü bizdə su infrastrukturu yenidən qurulmalı, torpaq kanallar tədricən beton kanallara çevrilməlidir. Ənənəvi suvarma metodlarından çiləmə və damcılama metodlarına keçid olmalıdır. Məişətdə, təsərrüfatda hər bir yerdə suya qənaət üçün təcili planlar hazırlanmalıdır”.

R.Abbasov problemin aradan qaldırılması üçün tədbirlərin mütləqliyini vurğulayıb:

“Təcilli tədbir kimi suvarmada növbəlilik təmin edilməlidir ki, hamıya su çatsın. Xüsusliə kiçik fermerlərin iri şirkətlərin basqısı nəticəsində təsirə məruz qalıb zəifləməmələri üçün ciddi tədbirlər həyata keçirilməlidir. Çünki ölkədə əsas ərzaq istehsalı kiçik fermerlərdir. Bu, həm də ölkə əhalisinin əsas dolanışıq mənbəyidir. Lakin iri şirkətlər artır. Nəticədə əvvəl su iri şirkətlərə, daha sonra kiçik fermerlərə verilir”.

Fəridə
Baku Post