Azərbaycanda vaxtı keçmiş Pfizer vaksini geri yığılıb - RƏSMİ

  • 2022.01.07 17:29
  • 1570 Baxış
Azərbaycanda vaxtı keçmiş Pfizer vaksini geri yığılıb -  RƏSMİ
"Dekabrın 31-də istifadə müddəti bitmiş “Pfizer/Biontech” peyvənd dozaları utilizasiya üçün 1 həftə öncədən geri yığılıb".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hazırda peyvənd məntəqələrində tətbiq olunan vaksinlər yeni istifadə müddəti olanlardır.

Qeyd edək ki, Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılmışdı.

Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərilmişdi. Bununla Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılmışdı.

Hazırda tətbiq olunan “Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti isə mart ayının 22-dəkdir.