Sağlamlıq mütəxəssisləri emal edilmiş ətin kolon xərçənginə (bağırsaq xərçəngi) səbəb ola biləcəyini göstərən araşdırmadan sonra həkimlərə mühüm çağırış edib.
Medicina.az xəbər verir ki, mütəxəssislər deyirlər ki, bastırma, kolbasa və bu kimi işlənmiş ət məhsullarından uzaq durmaq lazımdır.
Araşdırmalar göstərib ki, son 30 ildə gənc yaşda kolon xərçəngi diaqnozu dünya üzrə 80 faiz artıb. Alimlər bu artıma səbəb kimi ətraf mühitin çirklənməsi, piylənmə və içməli suyun tərkibindəki mikroplastiklər kimi faktorları göstərsələr də, əsl diqqət işlənmiş ətə yönəlib.
İŞLƏNMİŞ ƏT SİQARET KİMİ TƏHLÜKƏLİDİR
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) emal olunmuş əti siqaret və spirtlə eyni risk qrupuna daxil edərək birinci dərəcəli kanserogen kimi təsnif edir. Bu məlumatlara baxmayaraq, emal olunmuş ət hələ də geniş yayılıb və çox vaxt diqqətdən kənarda qalır.
Böyük Britaniyada aparılan geniş tədqiqatlar müəyyən edib ki, müntəzəm olaraq işlənmiş ət yeyən insanlarda kolon xərçənginə tutulma riski 40% çoxdur.
2025-ci ildə edilən başqa bir araşdırma, qırmızı və işlənmiş ətin spirtdən başqa, kolon xərçəngi ilə birbaşa əlaqəli yeganə pəhriz amili olduğunu göstərdi.
Böyük Britaniya Milli Sağlamlıq Xidməti (NHS) gündəlik işlənmiş ətin 70 qramla məhdudlaşdırılmasını tövsiyə edib. Dünya Xərçəng Araşdırma Fondu və Amerika Xərçəng Araşdırmaları İnstitutu onun heç yeyilməməli və ya minimum səviyyədə yeyilməli olduğunu vurğulayır.
Bağırsaq xərçəngi İngiltərədə hər il təxminən 17.000 ölümə səbəb olur. Bu rəqəmin 2040-cı ilə qədər hər il 2500 arta biləcəyi təxmin edilir.
Aygün
Medicina.az