Bakıda meyiti "aradan çıxartdığı" deyilən həkim danışdı - "Alnım açıq, vicdanım təmizdir"

  • 2020.07.06 21:04
  • 27744 Baxış
Bakıda meyiti "aradan çıxartdığı" deyilən həkim danışdı  - "Alnım açıq, vicdanım təmizdir"
"Səbinə xanımın acısını anlayıram, atasını itirib, amma yalan məlumat yaymaq heç bir ruh halında doğru deyil. Atasının ölümündə mənim nəinki gunahım yoxdur, onun son nəfəsinə qədər mən və digər həmkarlarım sonuna qədər savaşmışıq".

Bunu Medicina.az-a açıqlamasında "EGE Hospital"ın kardiocərrahı Ülvi Mirzoyev deyib. O, ürəyinə 6 stend qoyulduqdan bir neçə gün sonra dünyasını dəyişən 67 yaşlı Əliyəsər Xasməmmədovun ailə üzvlərinin ittihamlarına cavab olaraq bildirib ki, hər zaman 100 faizlik nəticə almaq olmur.

"Bütün xəstələrimizi də xilas edə bilmirik. Xəstəmiz ağır vəziyyətdə xəstəxanamıza daxil olmuşdu və vəziyyətinə uyğun olaraq (müasir beynəlxalq peşəkar kardioloji cəmiyyətlərin tövsiyyələri əsasında) koronar arteriyalarına angioplastika və stent tətbiq edilməsi əməliyyatı aparıldı. 2 gün sonra tam sağalma ilə evə yazıldı. Bu arada, pulu, əlbəttə ki, mənə deyil, çalışdığım özəl xəstəxananın kassasına ödəyiblər. Daha sonra xəstədə yenidən şikayətlər yarandığı üçün biz bir neçə müayinədən sonra damarlarını yoxladıq və gördük ki, bütün damarlarında tromboz (laxtalanma) baş verib".

Həkimin sözlərinə görə, bu cür hallar iki səbəbdən olur: ya xəstə yazdığımız dərmanları qəbul etmir, ya da qan duruldan dərmanlara qarşı anadangəlmə inadkarlıq - rezistentlik - olur. Xəstənin dediyinə görə, dərmanlarını qəbul etmişdi. Bu səbəblə, biz total laxtalanmaları genetik defektlə əlaqələndirdik, bunun üçün əlavə testlər də planladıq. Amma xəstənin vəziyyəti gedərək pisləşdiyi üçün konsiliumla təcili cərrahiyyə əməliyyatının icrasına qərar verdik. Və xəstə yaxınlarını bu barədə məlumatlandırdıq. Onlardan bu prosedurlar üçün heç kim pul tələb etməmişdi. Ümümumiyyətlə, pul məsələsini çox qabardırlar, amma bizim xəstəxananın birinci məqsədi pasientlərin yaxşı olmasıdır. Xəstə yaxınları qərar verənə qədər, xəstənin vəziyyəti pisləşdi və ürək dayanması baş verdi. Bütün personalımızın 1 saatdan çox reanimasion tədbirləri aparmasına baxmayaraq, xəstəmizi itirdik.

Burada bir həkim səhvi və səhlənkarlığı qətiyyən yoxdur. Bütün dünyada yüz minlərcə xəstənin yaşadığı hadisədir, lakin biz bunu xəstə yaxınlarına izah edə bilmirik. Bizi dinləmirlər. Əvəzində həm özümə, həm ailə üzvlərimə müxtəlif təhqirlər edib, ölümlə hədələyirlər. Bizim gördüyümüz hər işin tibbi və video qeydiyyatı var, istənilən ekspert tərəfindən yoxlanıla bilər. Hər itirdiyimiz xəstə şəxsən mənim üçün və bütün kolleqalarım üçün ağıt itkidir, biz elə bil öz yaxınımızı itiririk. Amma, təəssüf ki, bu belədir. Hamıya kömək edə bilmirik.

İndi heç kim ölüm nisbəti 3% olan COVID-19 dan kimsə vəfat edəndə təəccüblənmir, amma ölüm nisbəti 30%-ə qədər olan ürək-damar xəstliklərindən insan rəhmətə gedəndə, nədənsə həkimləri hədəf halına gətirməyə çalışırlar.

Mərhumun yaxınlarını da yalan məlumat yazıb, təhqir etmək, böhtan atmaq əvəzinə, hüquqi müstəvidə mövqe sərgiləsələr, daha yaxşı olardı. Allah mərhuma rəhmət eləsin. Mənim isə alnım açıq, vicdanım isə təmizdir. Öz yaxınıma nə edərdimsə, xəstəyə də onu etmişəm".

Ülvi Mirzoyev xəstəyə bir dəfəyə 6 stend qoyulması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, stent sayının bir məhdudiyyəti yoxdur. Xəstənin ehtiyacı nədirsə, o qədər qoyulur:

"Heç vaxt yarımçıq iş görülməməlidir. Çox damar xəstəliyində stent və ya əməliyyat arasındakı qərar, beynəlxalq tibb ictimaiyyəti tərəfindən qəbul edilmiş "SYNTAX score 1" və "SYNTAX score 2" əsasında ürək komandasının konsiliumu əsasında verilir. Bu xəstəmizdə bütün göstəricilər stent prosedurunun lazımlı olduğuna işarət edirdi. Hər gördüyümüz işin elmi əsası var".

Həkim xəstə yaxınlarının "maşına minərək xəstəxanadan qaçdı" sözləri ilə razılaşmır. Onun sözlərinə görə, gizlənmək üçün bir səbəbi yoxdur və xəstəxanadan da ən son ayrılanlardan olub:

"Xəstə yaxınları isə xəstəxanada səs-küy salıb, ortalığı dağıdırdılar. Sonra da özümə və ailə üzvlərimə zəng edib, təhqir edir, ölümlə hədələyirlər".

Onun sözlərinə görə, meyiti ailə üzvlərindən gizlin hansısa rayona göndərilməsi iddiası da absurddur:

"Ailə özü dəfn üçün onu Şəkiyə aparmaq istədi və apardı. Mən həkiməm. Məscidlərlə işim olmaz. Bu prosesdə həkimlər ümumiyyətlə iştrak etmirlər".

Xatırladaq ki, kardiocərrah Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədovun səhv əməliyyat nəticəsində ölümü və həkimlik etikasına sığmayan hərəkətlərdə ittiham edilir. Mərhumun yaxınlarının sözlərinə görə, onun ürəyinə birdəfəyə 6 stend qoyulub. Sonradan xəstəni müayinə edən həkimlər bunun yolverilməz olduğunu deyiblər.

Bundan başqa iddiaya görə, həkim Əliyəsər Xasməmmədov öldükdən sonra onu əməliyyat etmək adı ilə yaxınlarından pul almaq istəyib. "Biz başımızı itirmişdik, hələ meyiti təhvil almamışdıq. Bizə dedilər ki, Ülvi öz cibindən 200 manat verib, atamin meyitini təcili yardımla məscidə - yuyub, kəfənləməyə göndərib. Ordan da tapşırıb ki, rayona apararsız. Biz bunu eşidəndə dəli olduq. Axı kim icazə verib ki, klinika ailəsinin izni, xəbəri olmadan meyiti harasa göndərsin? Biz Bakıda yaşayırıq. Atamı rayona hara göndərmək istəyib? Ya bu həkimin ağlı qaçıb, ya bizim?".
.