“Bizim supermarket”də saxta kərə yağı aşkarlandı - FOTO

  • 14 Dek 2019 10:00
  • 2686 Baxış
“Bizim supermarket”də saxta kərə yağı aşkarlandı -  FOTO
“Bizim supermarket”də “kərə yağı” adı altında satılan spred yağı aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Medicina.az xəbər verir ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 154 A ünvanında fəaliyyət göstərən “Bizim supermarket”də yoxlama keçiriblər. Yoxlama zamanı soyuducu vitrində olan “Uzun Ömür” əmtəə nişanlı “İvanovka” yağ məhsulunun etiket məlumatında bitki spred yağı yazılmasına baxmayaraq satış vitrinində “kərə yağı” adı altında satışının həyata keçirildiyi və kassa çekində də faktın öz təsdiqini tapdığı müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.