COVID hələ də fövqəladə vəziyyət olaraq qalır - ÜST sədri

  • 2022.07.13 15:57
  • 1238 Baxış
COVID hələ də fövqəladə vəziyyət olaraq qalır   - ÜST sədri


“Omikron”un BA.4 və BA.5 yüksək dərəcədə yoluxucu alt tiplərinin yayılması ilə əlaqədar olaraq bütün dünyada koronavirusa yoluxma hallarının sayı, həmçinin xəstəxanaya yerləşdirilmə və ölüm halları göstəriciləri artır.



Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə jurnalistlərə açıqlamasında hökumətləri hərəkətə keçməyə çağıraraq bildirib.



Onun sözlərinə görə, bütün dünyada SARS-CoV-2 viruslarının genetik analizi və testlərin sayı kəskin şəkildə azaldığından virusu izləmək əvvəlkindən daha çətin olub. Bu məlumatlar olmadan alt növlərin təbiətini, həmçinin xəstəliyin gedişatına və onun ötürülməsinə təsirini qiymətləndirmək mümkün deyil. ÜST rəhbərinin sözlərinə görə, ölkələr virusun qarşısını almaq üçün kifayət qədər səy göstərmir. O, hökumətləri dəyişən vəziyyətə uyğun olaraq öz cavablarını mütəmadi olaraq nəzərdən keçirməyə çağırıb.



Doktor Tedros xatırladıb ki, vaksinlər milyonlarla insanın həyatını xilas etməyə kömək edib. Onun sözlərinə görə, bu gün hökumətlər bütün risk altında olan insanların əlavə gücləndirici dozalar ala bilməsini təmin etməyə diqqət etməlidirlər. O, həmçinin qızılca və pnevmoniya da daxil olmaqla, əhalinin digər ölümcül xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyini qeyd edib.



Tedros Qanada həkimlərin Marburq virusuna yoluxma ehtimalını nəzərdən keçirdikləri iki hadisənin müəyyən edildiyini söyləyib. Virus halların yarısında ölümlə nəticələnən ağır hemorragik qızdırmaya səbəb olur.
Hazırda Qanadan olan xəstələrin analizləri tədqiq olunmaq üçün Dakardakı (Seneqal) Paster İnstitutuna göndərilib. Xəstəliyin təhlükəli olduğunu nəzərə alaraq, hökumət artıq yoluxmuşların bütün təmaslarını izləyir və xəstəliyin yayılmasının qarşısını almaq üçün digər tədbirlər görür.


Meymunçiçəyi xəstəliyi yayılmaqda davam edir, dünyanın 63 ölkəsində 9200 yoluxma halı qeydə alınıb. ÜST-nin Fövqəladə Hallar Komitəsi vəziyyəti qiymətləndirmək və xəstəliklə mübarizə aparmaq üçün tövsiyələr vermək məqsədilə gələn həftə toplanacaq.
Komitə üzvləri xəstələnmə və ölüm nisbətlərini (əgər belə hallar varsa), həmçinin virusun mümkün mutasiyalarını öyrənəcəklər. Araşdırmanın nəticələrinə əsasən, ekspertlər meymunçiçəyi xəstəliyinin yayılmasının beynəlxalq əhəmiyyətli səhiyyə sahəsində narahatlıq doğuran fövqəladə halı təşkil edib-etmədiyi barədə qərar verəcəklər.