Əsəbləri pozan, boğazı sıxan, sinəni göynədən- MƏDƏ REFLÜKSÜ

  • 2021.02.05 17:48
  • 20974 Baxış
Əsəbləri pozan, boğazı sıxan, sinəni göynədən - MƏDƏ REFLÜKSÜ



Reflyuks xəstəliyi, digər adı ilə qastro-ezofageal reflyuks xəstəliyi– mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən qida borusuna doğru geri gəlişi ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr adətən döş sümüyünün arxasında yanma (qıcqırma) şikayəti ilə müraciət edirlər. Bəzən döş sümüyünün arxasında yanmadan başqa, qida parçalarının və suyun ağıza qayıtması şikayəti də olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi ölkəmizdə də çox rast gəlinir. Ölkəmizdə aparılmış bir elmi tədqiqatda cəmiyyətimizin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi olduğu aşkar edilmişdir.

Yaranma səbəbləri

Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun müddət, çox miqdarda mədənin turşu tərkibli içəriyi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunun selikli qişasında zədələnməyə yol açır və bu da yanma hissinin əmələ gəlməsinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda aşağı qida borusu sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktur mövcuddur. Bu struktur turşunun qida borusuna geri qayıtmasının qarşısını alaraq mədənin içində qalmasını təmin edir.


Reflyuks xəstəliyində isə bu sfinkterin gərginliyi aralıqlar ilə zəifləyir və mədənin turşu tərkibli içəriyi qida borusuna geri qayıdır. Bu vəziyyət çox hallarda idiopatikdir, yəni səbəbi bəlli deyildir. Qida borusunun diafraqma dəliyinin sürüşən yırtığı, piylənmə xəstəliyi, bəzi dərmanların xroniki qəbulu, bəzi sistemli kollagen xəstəliklər reflyuks xəstəliyinin digər səbəbləridir.



Diaqnoz necə qoyulur ?


Alınmış ayrıntılı anamnestik məlumatlar, fiziki müayinə əlamətləri diaqnozun qoyulmasında həkimə çox kömək edir. Bariumlu qida borusu-mədə-on iki barmaq bağırsaq qrafiyası – xəstə barium içərkən, radioloqun flyuoroskopiya altında bariumun aşağıya – qida borusuna və mədəyə keçişini araşdırdığı bir instrumental müayinə metodudur. Qasroskopiya – ucunda işıq olan elastik bir boru (endoskop) ağızdan qida borusuna və mədəyə doğru irəlilədilir və qida borusu və mədə görülərək müayinə edilir. Ezofaqus alt uc manometriyası və PH-metriya – burundan çox incə elastik bir boru qida borusunun alt ucuna göndərilərək buradakı təzyiq və yuxarı çıxmış turşu miqdarı ölçülür.

Ağırlaşmaları hansılardır ?

Əgər reflyuks xəstəliyi müalicə edilməzsə ciddi ağırlaşmalar meydana gələ bilər. Qida borusunda daralma, qanaxma və selikli qişada xərçəng qabağı bir sıra dəyişikliklərə (Barrett ezofaqus, displaziyalar) səbəb ola bilər.

Xəbərdaredici simptomları bunlardır:
• Udqunmada çətinlik (disfagiya)

• Qanqusma
• Boğulma hissi, öskürək, səs qısıqlığı
• Çəkinin azalması



Simptomların ortadan qaldırılması

• Qida borusu alt ucundakı iltihabı – ezofagiti müalicə etmək
• Ezofagitin təkrarlamasının və ya ağırlaşmalarının inkişafının qarşısını almaq

Bir çox xəstədə reflyuks xəstəliyi həyat tərzində edilən dəyişikliklərlə və dərman müalicəsi ilə kontrol altına alınır.

Həyat tərzi dəyişiklikləri:

• Siqaret tərgidilməlidir. Çünki, tütün qoruyucu mexanizmlərə zərər verir. Mədədə turşunun əmələ gəlməsinə təkan verir və qida borusu ilə mədə arasındakı əzələlərin zəifləməsinə yol açaraq turşu reflyuksuna yol açır.

• Qazlı və turşulu içkilərdən istifadə edilməməlidir.
• Alkoqol, şokolad, kofein, qəhvə, çay, yağlı, ədviyyatlı yeməklərdən və pomidor kimi turşuluğu artıran yeməklərdən qaçınılmalıdır.
• Arıqlamaq məsləhət görülür. Bir neçə kiloqramlıq kiçik çəki azalmaları belə dramatik müsbət nəticələr verir.
• Yatmamışdan ən az 3 saat qabaq yemək yeyilməməlidir.
• Çarpayının baş ucunun qaldırılması gecə ərzində turşu reflyusunun və qida hissəciklərinin ağıza gəlməsinin qarşısını alır.
• Sıx kəmər və geyimlərdən istifadə edilməməlidir.




Cərrahi müalicə nə zaman lazımdır ?


Əgər konservativ müalicə ilə xəstələrin şikayətləri keçmirsə və qanaxma, Barrett ezofaqus, darlıq kimi ağırlaşmalar yaranmışsa cərrahi müalicə üsullarından istifadə olunmalıdır. Cərrahi müalicə üsulları turşu reflyuksunun qarşısını almağa xidmət edən qida borusu ilə mədə arasındakı təbii sfinkter mexanizmasının düzəldilməsinə xidmət edir. Ən şox istifadə olunan Floppy-Nissen fundoplikasiya əməliyyatının həm açıq, həm də laparoskopik şəkli tərəfimizdən HB Güvən Klinikasında müvəffəqiyyətlə icra olunur.