Evdə koronavirus xəstəsi varsa, digərləri necə qorunmalı? - TƏLİMAT

  • 2020.10.22 15:57
  • 4733 Baxış
Evdə koronavirus xəstəsi varsa, digərləri necə qorunmalı?  - TƏLİMAT

Koronavirusu yüngül və simptomsuz keçirən xəstələr evdə təcrid halında müalicə olunur və nəzarətdə saxlanılır.
Bu halda ailə üzvlərini, xüsusən yaşlıları necə qorumaq məsələsi aktuallaşır.


Medicina.az xəbər verir ki, evdə xəstənin və digər ailə üzvlərinin xüsusi sanitar-epidemik, gigiyenik qaydalara əməl etməsi vacibdir və bu barədə sahə həkimi təlimat verməlidir.

Əgər belə bir məlumatınız yoxdursa, bu informasiyanı oxuyun.

Özünütəcrid nədir – xəstəlik bitənə kimi, yəni 21 gün, bəzən daha çox evdən, olduğun yaşayış yerindən çölə çıxmamaqdır.

Bu dövr ərzində o evə qohum qonşu və dostlar gəlməməlidir.

Xəstə ailə üzvlərindən və lazım gələrsə, həkimdən başqa heç bir kəslə təmasda olmamalıdır.
Xəstə tək qalırsa qapıya gələn sifarişi götürə ( sifariş qapıya qoyulur, həmin insan qapıdan 3 metr aralanır, sonra xəstə maskada və əlcəkdə çıxır) və zibil atmaq olar.

Xəstə yalnız həyati təhlükə olduqda, fövqəladə və qəza vəziyyətində evdən çıxa bilər.

Evdəkilərlə davranış:

- Ən yaxşı özünü təcrid ailə üzvlərindən kənar, başqa ev, mənzil və ya şəraitdə qalmaqdır. Bu halda yalnız bir ailə üzvü xəstəyə arada baş çəkə və lazım olan şeyləri ala bilər

- Əgər belə imkan yoxdursa, B planı işə düşür. Bir damın altında maksimum ehtiyatlı davranmaq. Təəssüf ki, Azərbaycanda ailə dəyərləri bəzən sağlamlıqdan üstün tutulur, gəlin qaynanaya, ana oğula, qadın ərinə baxır, qulluq edir və hətta ailə üzvləri səhər, axşam yeməyinə xəstə adamı da güclə gətirib bir masa ətrafında əyləşdirirlər.

  • Çox zaman xəstə də “nə olacaq” deyə düşünərək, ailə üzvlərindən aralı durmağı sanki özünə sığışdırmır və lazımsız hesab edir.

- Xəstənin ayrıca otağı olmalıdır. O otağa heç kim, uşaq və ev heyvanları daxil olmamalıdır. Otağa gün işığı düşməli, pəncərəsi çox zaman açıq olmalıdır

- Otaqdan çıxanda xəstə maska, əlcək taxmalıdır. O tualetə, mətbəxə keçdikdə, orda başqa heç kim olmamalıdır.
- Yeməyi öz otağında yeməlidir

- Onun qabları qaynar suya salınmalı, sonra yuyulmalıdır
- Xəstəyə qulluq edən, yəni otağa girmədən yeməyini, dərmanını verən insan maskada olmalıdır

- Tualetdən istifadə edərkən hamıdan sonra istifadə etməlidir. Yəni ailədə bütün üzvlər duş alandan, çiməndən sonra sonuncu koronaviruslu xəstə çimə bilər. Tualet və hamamdan istifadə etdikdən sonra səthlər Domestosla yuyulub, dezinfeksiya olunmalıdır.
Bunu xəstə özü etməlidir

- Koronavirus xəstəsi yatağını özü dəyişməli, yaxşı olar ki. onun yataq vasitələri 1-2 sutka açıq havada qaldıqdan sonra yuyulsun

- Xəstənin paltarları ayrıca yuyulmalıdır
Digər ailə üzvlərinin geyimləri ilə birlikdə maşına atmaq olmaz

- Onun zibil qabı ayrıca olmalı, zibilini özü atmalıdır

- Xəstənin toxunduğu qapı dəstəkləri, telefon, əşyalar mütləq dezinfeksiya olunmalıdır
- Koronavirus xəstəsi olan ev hər gün 5 dəfə havalandırılmalıdır

- Ailədə şəkər, onkoloji, ürək xəstəsi, çox kök adam varsa, yaxşı olar ki, onlar bir müddət ayrı yerdə qalsın, bu vacibdir

- Əgər getmək mümkün deyilsə, bu adamlar da ayrıca otaqda vaxt keçirsin, xəstə ailə üzvü ilə təmas qurmasın
• Koronavirus xəstəsi açıq havada, hamı yatandan sonra gecələr gəzə, idman edə, yüngül yürüş edə bilər. Bu onun ağciyərləri və qan dövranı üçün vacibdir.


AYGÜN MUSAYEVA
Medicina.az


Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi
“COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.