İnsana çox yod lazım deyil, yodu bu qədər reklam etmək yersizdir- Professor

  • 2024.03.05 15:22
  • 1303 Baxış
İnsana çox yod lazım deyil, yodu bu qədər reklam etmək yersizdir - Professor

Azərbaycanda bəzi həkimlər və nüfuz sahibi olan şəxslər sosial şəbəkələrdə yodun "min bir dərdin dərmanı" olduğunu iddia edir. Hətta hamiləlik zamanı ana sağlamlığı, dölün normal inkişafı, xüsusən ilkin uşaqlıq yaş dövründə zehni və nitq inkişafında yodun ən önəmli və zəruri vasitə olduğu söylənilir. Bu qənaətin istinad nöqtələrindən biri ÜST-ün tövsiyə xarakterli statistik təhlilidir. Məsələn, dünya əhalisinin 30%-dən çoxunun yod çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Gündəlik yoda olan tələbatdan 50 dəfə artıq yod qəbul edən yapon qadınları arasında döş vəzi xərçənginin digər ölkələrə nisbətən 3 dəfə az olması, insanların orta ömür müddətinin isə 82 il olduğu bildirilir və s.



"Medicina" xəbər verir ki, ATU Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev yod preparatları ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"İinsan orqanizminin yoda təlabatına gəlincə, orta çəki vahidi kimi qəbul olunan 70 kq-lıq insan orqanizmində 60-dan artıq kimyəvi element var. Bədən kütləsinin 99%-dən çoxunu 6 element - oksigen, hidrogen, azot, karbon, каlsium, fosfor təşkil edir. Yod yerdə qalan 54 mikroelementdən (element yox) biridir. O həm də orqanizmin mövcudiyyəti üçün zəruri olan 22 mikroelement sırasına daxildir, 54-lük sıralanmada 20-ci yerdə durur.


Orqanizmin gündəlik yoda ehtiyacı 150 mikroqramdan yüksək deyil. Hormonal disfunksiya yalnız bu miqdar 50 mkq-dan az olduğu halda meydana çıxır. Digər tərəfdən, hətta yod qəbuluna mütləq məhdudiyyət qoyulsa belə, qalxanabənzər vəzdə ehtiyat halında depolaşan yod 2 ay daxili tələbatı ödəmək üçün yetərlidir.


Kafedra müdiri qadınlarda hamiləlik zamanı yoda tələbatın artdığını (200 mikroqram və daha çox) diqqətə çatdıraraq bunun səbəbini də göstərib.

"Dölün tələbatı ilə yanaşı, mübadilə proseslərinin intensivləşməsi və hormon balansının modulyasiyasının nəticəsi olaraq, xorionik qonadotropin tərəfindən qalxanabənzər vəz folikul hüceyrələrinin stimulyasiyası fonunda, vəzdə baş verən hipertrofiya yoda tələbatı artırır. Bu hal hamiləliyin ilk trimestrində baş verir. İkinci və üçüncü trimestrində hormonal aktivlikdə müşahidə olunan disbalans bərpa olunduğuna görə, trioid hormonların plazmadakı miqdarı azalır və yoda tələbat hamiləlikdən əvvəlki səviyyəyə düşür. Körpələrdə leksik təfəkkür və nitqin inkişafına gəlincə, bu 3-cü xromosomda yerləşən və şərti adı ROBO2 olan genin irsiyyətə bağlı substruktur fəallığından asılıdır. Bu prosesdə yodun birbaşa iştirakını təsdiq edən elmi məlumat yoxdur.


Həqiqət budur ki, insan bütün ömrü boyu cəmi 3-5 qram yod istifadə edir və bu da cəmi 1 çay qaşığı tutumuna bərabərdir. Ona görə də yod haqqında deyilib-yazılanlara ciddi yanaşmağa ehtiyac yoxdur".

Aygün M.