İsti havalarda yaşlılar və xroniki xəstələrə su tövsiyəsi - Gündə 2.5 lt

  • 2024.08.16 09:54
  • 1226 Baxış
İsti havalarda yaşlılar və xroniki xəstələrə su tövsiyəsi -  Gündə 2.5 lt
Mütəxəssislər yaşlı və xroniki xəstələrə qızmar istilər zamanı “gündə ən azı 2,5 litr su içməyi” tövsiyə ediblər.

Medicina.az xəbər verir ki, temperaturun artması ən çox yaşlılara və xroniki xəstələrə mənfi təsir göstərir.


Həddindən artıq istidən bədəndə maye itkisinin xroniki xəstələr və yaşlı insanlarda ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Həmin şəxslərə günorta saatlarında, günəş şüalarının ən kəskin bucaq altında olduğu vaxtlarda zərurət olmadığı halda çölə çıxmamaq, həmçinin bu saatlarda dənizdə çimməmək tövsiyə olunub.

Mütəxəssislər isti havaların insan dərisində nəzərə çarpmayan maye itkilərinə səbəb olduğuna diqqət çəkərək, bu vəziyyətin yaşlılarda ölümcül nəticələrə səbəb ola biləcəyini bildiriblər.



Tövsiyələr:

-Çölə çıxarkən açıq rəngli, açıq və bol paltarlara üstünlük verilməlidir.
-Hava deşikləri olan qalın kənarlı papaqlar geyinilməlidir.
-Günəşin zərərli şüalarından qorunmaq üçün günəş eynəyi və günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir.
-Gərgin fiziki fəaliyyət və idman üçün səhər və axşam saatlarına üstünlük verilməlidir.
-Ağır fiziki fəaliyyətdən çəkinmək lazımdır.
-Həkiminiz tərəfindən maye məhdudlaşdırılması tövsiyə olunmadığı və susuzluq hissi olmasa belə, gündə ən az 2,5 litr maye, yəni 12-14 stəkan maye qəbul edilməlidir.
-Çay, qəhvə və qazlı içkilər yerinə süd, ayran və meyvə şirələrinə üstünlük verilməlidir.
-Alkoqol, kofein və tərkibində çox miqdarda şəkər olan içkilər bədəndən artıq mayenin xaric olmasına səbəb ola biləcəyi üçün onlardan uzaq durulmalıdır.
-Həmçinin mədə narahatlığına səbəb ola biləcəyi üçün çox soyuq və buzlu içkilərə üstünlük verilməməlidir.



Temperaturun yüksək olduğu bu günlərdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biri də günəş vurmasıdır.

Bildirilib ki, ciddi və təhlükəli problemlərə yol aça bilən bu hal 41 dərəcəyə çatan yüksək hərarət, halsızlıq, ürəkbulanma, qusma, baş ağrısı, başgicəllənmə, nəbzinin artması kimi əlamətlərlə özünü göstərə bilər.