Meymun çiçəyinə qarşı peyvəndlənmə olacaqmı?

  • 25 May 2022 13:49
  • 502 Baxış
Meymun çiçəyinə qarşı peyvəndlənmə olacaqmı?
Bir çox ölkələrdə meymunçiçəyinə yoluxma halları qeydə alınsa da, həkimlərimiz bizi narahat olmamağa çağırır və bildirir ki, bu xəstəliyin pandemiyaya çevrilmə ehtimalı çox aşağıdır.

Bununla belə, dünya mətbuatında mövzuya geniş yer verilməsi və xəstəliyin görüntüsü insanlarda istər-istəməz vahimə yaradır. Bu halda hər kəsi bir sual düşündürür: Meymunçiçəyinə qarşı peyvəndlənmə lazımdırmı?

Medicina.az xəbər verir ki, infeksionist-hepatoloq Mərdan Əliyev publika.az-a açıqlayıb.

Həkim bildirib ki, suçiçəyi və təbii çiçək tamamilə ayrı xəstəliklərdir və ayrı viruslar tərəfindən törədilir:

“Suçiçəyini herpes virusları törədir, adlar oxşar olduğu üçün bu xəstəliklər bəzən qarışdırılır. Meymunçiçəyinə yaxın olan xəstəlik təbii çiçəkdir. Təbii çiçək xəstəliyi 1980-ci ilə qədər mövcud olub və o zamana qədər insanlar bu xəstəliyə qarşı peyvənd olunublar. Bu peyvənd meymunçiçəyinə qarşı da qoruyur.

1980-ci ilə qədər anadan olan şəxslərdə həm təbii çiçək, həm də meymunçiçəyi virusuna qarşı immunitet var. Təbii və meymunçiçəyi təqribən yaxın viruslar tərəfindən törədilir. Odur ki, təbii çiçəyə qarşı tətbiq olunan peyvənd meymunçiçəyinə qarşı da təsirlidir və hər ikisinə qarşı immunitet qazandırır.



Meymunçiçəyinə qarşı əhalinin peyvəndlənməsinə hələ ki, ehtiyac görülmür. Artım müşahidə edilərsə, peyvəndlənməyə start verilə bilər. Yalnız tibb işçilərinin və müəyyən aktiv qrup şəxslərin peyvənd olunmasına qərar verilə bilər. Lakin belə artımın baş vermə ehtimalı çox aşağıdır. Ümumiyyətlə, meymunçiçəyi yeni xəstəlik deyil və ona qarşı peyvənd var. Əgər peyvəndlənməyə ehtiyac olarsa, bu, istənilən vaxt aparıla bilər. Hazırda dövlətlər gözləmə mövqeyindədir”.

Səhiyyə Nazirliyi mövzu ilə bağlı məlumatında bildirib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır: “Hazırda ÜST beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir”.

Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, bu xəstəliyə qarşı kütləvi fövqəladə vaksinasiyaya başlamaq üçün heç bir səbəb görmür. Bu barədə ÜST-nin nümayəndəsi Riçard Pibodi məlumat verib. “Reuters”ə danışan Pibodi əlavə edib ki, hazırda əhalinin genişmiqyaslı peyvənd edilməsi istiqamətində hərəkətə keçməyə ehtiyac yoxdur.

O etiraf edib ki, dünyada vaksinlərin və virus əleyhinə dərmanların tədarükü məhduddur.

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.

İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.


Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.