Nə oldusa, Bakıda analiz və kimyaterapiyalar zamanı oldu - “ SPİD”-li xəstənin yoldaşı ilə MÜSAHİBƏ

  • 2022.12.14 16:05
  • 2550 Baxış
Nə oldusa, Bakıda analiz və kimyaterapiyalar zamanı oldu  - “  SPİD”-li  xəstənin yoldaşı ilə MÜSAHİBƏ



"EVLİLİYİMİZİN İLDÖNÜMÜ İDİ, HƏKİM ÇAĞIRIB YOLDAŞIMA DEDİ Kİ, SƏNDƏ "SPİD" TAPILIB"


Azərbaycanda rəsmi və qeyri-rəsmi QİÇS xəstələrinin sayı artır. Bu xəstəliyə təkcə narkomanlar və yüngül həyat tərzi keçirənlər yox, sadə, normal və hətta sağlam həyat keçirən ailələr də yoluxa bilər.

Bakupost.az -ın əməkdaşı 10 ildir QİÇS-lə mübarizə aparan pasiyentin ailəsi ilə görüşüb. Həyat yoldaşının müalicəsinə illərini sərf edən M.S. başlarına gələnləri bizimlə bölüşdü.

"Nə oldusa, Bakıda analiz və kimyaterapiyalar zamanı oldu"

- M. xanım, yoldaşınızda xəstəlik ilk dəfə necə, hansı şəraitdə aşkarlandı? Belə bir ağır infeksiyaya harda yoluxa bilərdi?

- Mən özüm 1982-ci il təvəllüdəm, yoldaşım 1972-ci ildəndir, 2 övladımız var.

İlk dəfə 2011-ci ildə bizə diaqnoz qoyuldu. Bunun da tarixçəsi var. Yoldaşımın qaraciyərində problem var idi, bu narahatlıqdan ötrü hepatit və s. analizlər verdik, neqativ cavab aldıq. Ondan sonra arxayınlaşdıq, amma aylar keçdikcə xəstənin vəziyyəti pisləşirdi, bədənində qaşınma var idi, qarnı daş kimi olmuşdu.

Biz UZİ etdik, orda bizə deyildi ki, qaraciyərdə şiş kimi nəsə görüblər, mütləq KT-dən keçməlisiz. Hepatoloq həkim qaraciyərdə və dalaqda törəmələr izlənildiyini deyib, bizi onkoloqa göndərdi.

Bu törəmənin xərçəng olduğu şübhəsi yarandı. Bu bizim üçün sarsıdıcı xəbər oldu.
Evdə düşündük, məsləhətləşdik ki, Türkiyəyə gedək, orda bir daha yoxlanaq. Türkiyədə bir daha yoxlandıq, törəmələrdən biopsi götürüldü. Biopsiyanın cavabından sonra dəqiq diaqnoz deyə biləcəkdilər.

Orda ilk kimyaterapiyanı aldıq, çox baha olduğundan, sonrakı kimyaterapiyaları Bakıda almaq qərarına gəldik. 3-cü kimyaterapiyadan sorna Milli Onkologiya Mərkəzindəki həkimimiz bizi çağırdı, birbaşa yoldaşımın üzünə dedi ki, səndə "SPİD" aşkarlanıb. Sonuncu analizlərdə çıxıb.

Biz inanmadıq. Çünki 1-2 ay öncə Türkiyədə analizlərdən keçmişdik, orda belə bir şey olsaydı, deyərdilər. Bu viruslar belə xəstələrdə kimyadan əvvəl mütləq yoxlanılır. Biz belə hesab edirik ki, nə oldusa, elə Bakıda sonrakı analiz və kimyaterapiyalar zamanı oldu.

Sonra mənim özümü, övladlarımızı yoxladılar, bizidə çıxmadı. Əgər bizdə yox idisə, deməli, bu insan illərlə sağlam olub. Türkiyədə də çıxmayıb, amma Bakıda aldığı 2 kimyaterapiyadan sonra aşkarlandı.

Beləcə, 2011-ci ildə yoldaşıma onkoloji xəstəliklə yanaşı QİÇS diaqnozu da qoyuldu. Özü də bu tarix evlilik ildönümümüz idi. Ağlıma gəlməzdi ki, belə cavan yaşımızda bu dərdlə üzləşək.

"Təmiz, düzgün həyat tərzi keçirsək də, kiminsə səhvi ucbatından yoluxduq"

- Diaqnozu biləndən sonra bununla barışmaq çətin olmadı ki? Müalicə üçün hara üz tutduz? Nələrə hazır idiz?

- Çox ağır oldu, düşündük ki, bununla bacara bilməyəcəyik. Biz dərhal çarə axtarmağa başladıq. Sadəcə, bizi narahat edən o oldu ki, adətən, bu xəstəliyə aktiv narkomanlar qoşulur, amma nə qədər təmiz, düzgün həyat tərzi keçirsək də, kiminsə səhvi ucbatından yoluxduq.

Biz QİÇS Mərkəzinə getdik, gördük ki, orda yüzlərlə insan var, cavanlar, narkoman olmayanlar. Kifayət qədər normal ailələr gördük, onlar da bu bəla ilə mübarizə aparırlar.

Mirqasımov adına xəstəxanada QİÇS xəstələri üçün şöbə var, orda da hər cür xəstə ilə rastlaşmaq olar.
Həkimlərə yalvardım ki, bir də yoxlayaq, bəlkə səhvdir, niyə illərlə olmadı, bu xərçənglə bağlı kimyalar alandan sonra çıxdı? Mənə dedilər ki, səbəbi düşünməyin, artıq var və müalicə olmalıdır.

"Bunlar azmış yoldaşımda hepatit B də aşkarlandı"

Həftədə 3 gün Onkologiyaya, 3 gün QİÇS mərkəzinə gedirdik. Çox çətin idi. Elə günümüz olmurdu ki, həkimlə görüşməyək. Əvvəl çox ağır dərmanlar verilirdi, xəstə günlərlə ürəkbulanma, qusma, ağrı, halsızlıqdan şikayətlənirdi. Bunlar azmış kimi növbəti analizdə xəstədə yoldaşımda hepatit B aşkarlandı. Buna da necə yoluxduğu şübhəli qaldı. Bu diaqnozu yoldaşımdan gizlətdik və hepatitə qarşı da dərmanlar verdik. 6 ay hepatit B-ni müalicə etdik.


Sonra Türkiyədə PET müayinəyə getdik, orda dedilər ki, artıq qaraciyərdəki şiş yoxa çıxıb, limfalar təmizdir. Hepatitlə bağlı müalicə də effekt verdi, o da sağaldı.

Amma QİÇS yenə də var, onu bilirsiz ki, tam sağaltmaq mümkün deyil.

"Dövlətin verdiyi dərmanlar ucuz, Hindistanın keyfiyyətsiz dərmanları idi"

- Dövlət tərəfindən nə kimi dəstək olunur? Dünyada yeni müalicə metodları çıxıbmı?

- Dövlət tərəfindən bu xəstələrə verilən dərmanlar ucuz, Hindistanın keyfiyyətsiz dərmanları idi. Hansı ki, xəstəyə düşməyə bilirdi. Çox əks təsiri var idi. Türkiyədə daha müasir, yaxşı dərmanlar var idi. Sadəcə bura gətirib vermirdilər. Deyirdim, alın gətirin, pulu ilə alaq.

Bizə verilən yeni nəsil dərman var, onunla davam edirik. Bizə belə bir dərman lazım imiş, mən bu barədə həkimlərə dedim. Belə çıxdı ki, xəstə 10 ildir zəif, son istifadə müddətinə 1 ay qalmış Hindistanın dərmanını içməkdən sağalmaq əvəzinə əziyyət çəkirdi.

Baş həkim dedi ki, o yeni nəsil dərmanların sayı məhduddur, xəstə o qədər çoxdur ki, ala bilmirik. Xəstələrə heç ildə bir dərman düşmür. Ona görə Hindistan dərmanlarını verə bilirik.

QİÇS xəstəsi 260 manat təqaüdlə necə yaşasın?

Avropada QİÇS və hepatit B üçün yeni nəsil peyvəndlər çıxıb ki, insanı xəstəlikdən qoruyur. Xəstələrdə də ağırlaşmaların qarşısını alır, ömrü uzadır. 6 aydan bir vurulmalıdır. Amma Azərbaycana nə vaxt gəlib çıxacaq, bilinmir. Burda gedən müalicə ilə razılaşmıram, vaxt var idi, xəstəni 6 aydan bir yoxlayırdılar. İndi 1 -2 il nəzarətsiz qalır. Xəstələr özbaşına buraxılıb. Xəstənin tələbatı olan digər dərmanları pulla alırıq.

Bu xəstəlik immun defisiti xəstəliyidir. İnsan çox işlədikdə immunitet daha da düşür.
Ona görə yorulmamalı, ağır işləməməlidir. Bu da mümkünsüzdür. Sosial dəstək yoxdur. QİÇS xəstəsi 260 manat təqaüdlə yaşamaz. Necə işləməsin? Ailəsini kim dolandıracaq?

Həkimlər deyir ki, yaxşı qidalansın, dincəlsin. Necə? O suala heç bir dövlət qurumu cavab verə bilmir. Mən xəstəni ildə bir dəfə aparıb Milli Onkologiyada müayinələrdən keçirə bilmirəm. 6 aydan bir yoxlanmalıdr. 3 xəstəliklə mübarizə aparan insandır.

- Necə düşünürsüz, Onkologiyada və ya müalicə zamanı hansı şəraitdə bu virusa yoluxub?

- Ola bilər ki, bu, Milli Onkologiyada hansısa analizlər zamanı baş verdi. Laboratoriyanın natəmizliyi, tibb işçilərinin səhlənkarlığı, eyni şprisdən təkrar istifadə ediblər. Mən bunları görmürdüm, xəstənin yanına bizi qoymurdular. QİÇS-ə, hepatitlərə çox yerdə yoluxmaq olar. Xəstəxanada, stomatoloqda, gözəllik salonunda yoluxmaq mümkündür. Heç kim bundan sığortalanmayıb. Tatu zamanı da çox yayılır. Adi manikürdə də keçmə baş verir. Səndən öncə hansı xəstənin o proseduru keçdiyini bilə bilməzsən.

Amma mənim yoldaşımda illərlə, yəni kimyaterapiyaya qədər bu virus olmayıb. Türkiyədə də çıxmamışdı. Nə oldusa, sonrakı aylarda oldu.

"Stressdən boğazımda yaranan zob xərçəngə çevrildi"

- Yoldaşınızın belə olması sizi bir qadın olaraq qorxudurdumu? Nə hisslər keçirirsiz?

- Mən təbii ki, qorxurdum, kim istəyər ki, yoluxsun. Özümü qoruyuram, bacardıqca mübarizə aparıram. Mənə vurduğu fəsadlar da olub. Yoldaşımın xəstəliyi ilə tək mübarizə apardığım üçün zob yarandı. Stressdən xəstəlik inkişaf etdi. Həkim deyirdi ki, onu nəzarətdə saxla, əməliyyat edək. Amma buna maddi gücüm yetmədiyi və yoldaşımı düşündüyüm üçün onuı vaxtında yoxlatdırmadım.

Sonra qalxanvari vəzdə olan zob artıq xərçəngə çevrildi, məni təcili əməliyyata aldılar, ondan sonra radioaktiv yod qəbul etdim. Bu da böyük fəsadlar verdi. Yəni mən də sağlam deyiləm, süni hormonlar qəbul edirəm. Pandemiyada çox ağırlaşdım, qıcolma oldu.

İndi də həkim nəzarətindəyəm. Onkologiya da təkrar müayinələr pulladır. Dərmanlar da pulladır. Xəstələr maddi-mənəvi zərər çəkir.

"QİÇS çox yayılıb, yoluxanlar arasında məşhurlar da çoxdur"

- İldə təxminən nə qədər xərciniz çıxır?

- Bu xəstələr 1 ildə təxminən 2-3 min xərc çəkir. QİÇS mərkəzi ayda bir dəfə dərman verir və ildə 1 dəfə bəzi analizləri götürüb, xəstə ilə maraqlanmır. Dərmanı da ancaq 1 aylıq verir, bir az artıq vermir. Xəstələr qalır yollarda. Xəstənin Onkologiyada yoxlanılması üçün də pul lazımdır.

- Siz hər il QİÇS mərkəzinə və o şöbəyə gedirsiz. Xəstələr çoxdurmu, insanlar nə deyir?

- Mərkəzdə xəstələr anonimlik üçün kodlanır, ad-soyad qeyd olunmur. Yoluxma çoxdur. Təsəvvür edin ki, o illərdən bəri "kartoçka" götürdüyümüz otaq çox genişlənib, "kartoçkalar" artıb. Dəhlizlər gənclər, körpə uşaqlarla doludur. Elə ailələr var ki, narkomandır. Onlara sərf edir ki, qarşı cinsi də xəstəliyə yoluxdursun. Elə xanımlar olurdu ki, dərmanları içə bilmirdilər, onları ağır vəziyyətdə xəstəxanaya gətirirdilər.

Hətta elə xalq artistləri var, övladları gəlir. Onlar da mənim kimi dərman almağa gedirlər.

Tanıdığımız məşhurlar da çoxdur. QİÇS, hepatit çox yayılıb. Bacardıqca qorunun. Əsas da qan verilən yerlərdə, xəstəxanalarda ehtiyatlı olun.

Aygün Musayeva
BakuPost