Oktay Gülalıyevin son durumu -"Saz havasına reaksiya verdi"

  • 04 Yan 2020 16:04
  • 1496 Baxış
Oktay Gülalıyevin son durumu - "Saz havasına reaksiya verdi"



Hazırda Türkiyədə "Amerikan Hastanesi"ndə müalicə olunan hüquq müdafiəçisi Oktay Gülalıyevdən yeni xəbər var.

Medicina.az xəbər verir ki, jurnalist Əvəz Zeynallı "Facebook" səhifəsində paylaşım edərək, Oktayı ziyarət etdiyini bildirib.

Ə.Zeynallının yazdığına görə, onlar Oktay Gülalıyevə saz musiqisi dinlətdiriblər:

"Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi, dostumuz Oktay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oktaya. Bizi hiss elədi, gözlərini açdı, ağzını tərpətdi, açdı, əlini oynatdı - sanki bizimlə danışmaq istəyirdi. Ürəyimiz dəfələrlə hopladı. Oktay bəy, sanki dediklərimizi anlayır, bizə cavab vermək istəyirdi. Onunla xeyli danışdıq, səsimizi eşitdi elə bil, diqqət kəsildi bizə".



"Mən Oktay bəyi ilk dəfədir gördüm və inandım ki, bu möhkəm insan tezliklə aramıza qayıdacaq. 3 videoçəkiliş apardım, sırasıyla yayınlayacam və Oktayın saza verdiyi reaksiya qanınızı donduracaq. Allah böyükdür və inanıram ki, Oktay bəy bu zorluqlardan keçərək aramıza qayıdacaq. Dualarımız Oktay bəylədir!", - deyə Ə.Zeynallı qeyd edib.


Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.


Ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. O.Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.