Ölkədə quduzluq xəstəliyi yayıla bilər

  • 2024.03.06 09:14
  • 597 Baxış
Ölkədə quduzluq xəstəliyi yayıla bilər
Hərbi kinoloq: “Rayonlarda meşədə olan itlər quduzluğu bir-birinə ötürəcək, şəhərə də gəlib çıxacaq...”


Qaradağda 9 yaşlı oğlan itlərin hücumuna məruz qalıb. Sahibsiz itlərin hücum etdiyi azyaşlının babası “Baku TV”-yə danışıb. Onun sözlərinə görə, bu, ərazidə yaşanan ilk hal deyil: “Başqa sakinlər də bir neçə dəfə küçə itlərinin hücumuna məruz qalıb. Hadisə vaxtı üç dənə it uşağa hücum edib dişləyirmiş. Kənardan cavan bir oğlan görüb çətinliklə xilas edib. Uşağın nə qolu var, nə ayağı, əməliyyat olunub. Adam gəlməsəydi, itlər uşağı məhv edəcəkdi”.

Azyaşlının anası isə bildirib ki, oğlu dostları ilə birgə oynayarkən 3 it hücum edib, başını, bədənini parçalayıb: “Mənə yalvardı ki, "ana, icazə ver, gedim həyətdə oynayım". Əslində mən heç onu həyətə buraxan deyiləm. Pəncərədən baxırdım ki, uzağa getməsin. Amma necə olubsa, uşaqlara qoşulub bir az aralanıblar... Bunların hamısı küçə itləridir və zibilxananın yanında çox olurlar. Biz özümüz də zibil atmağa qorxa-qorxa gedirik. Xahiş edirəm, aidiyyəti orqanlar bu işlə ciddi məşğul olsunlar. Çünki hadisə hər kəsin uşağının başına gələ bilər..."

Hadisədən sonra yenidən sahibsiz heyvanlara qarşı mübarizə məsələsi gündəmə gəlib. Bakıda sahibsiz itlərə qarşı mübarizəni hansı qurum həyata keçirir?

Əvvəllər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti daxilində Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi mövcud olub. Sözügedən idarədən bir neçə dəfə yerli mətbuata açıqlamalar verilib. Lakin departamentdən Modern.az-a bildirilib ki, qurum daxilində sahibsiz itlərlə mübarizə idarəsi fəaliyyət göstərmir. Departamentin strukturunda da sözügedən idarə barədə heç bir məlumat yoxdur.

Ümumiyyətlə, itlərin toplanması çıxış yoludurmu? İtlərin hücumundan necə qorunmalı?


Nicat Əhmədli

Hərbi kinoloq Nicat Əhmədli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, itlərin toplanması ilə iş bitmir: “Təkcə Sumqayıtla, Bakıda nə qədər sahibsiz it var. Hələ ölkə üzrə demirəm, statistik rəqəmlər çox böyükdür. Yəni biz itləri toplayıb harada saxlayacağıq? Görün, necə böyük ərazi lazımdır. Bu ərazidə itlərin gündəlik yemlənməsi, qidalanması, dərmanı, suyu, saxlanma xərcləri - bütün bunlara çoxlu vəsait lazımdır. Amma o vəsaitin yarısını birdəfəlik qısırlaşdırmağa ayırsınlar, o vəsaitləri heç yerə xərcləməyə ehtiyac yoxdur. Bu qədər dözmüşüksə, hər halda, qısırlaşdırmadan sonra 3-4 il də gözləyərik. 3-4 ildən sonra itlərin sayı kəskin azalacaq. Amma biz onları toplayıb saxlasaq, hər il onlara xərc lazımdır. Bu, sonsuza qədər davam edəcək. Onları toplayıb yığmaq dövlətin büdcəsinə yükdür. Amma birdəfəlik qısırlaşdırmaya pul ayrılsa, 3-5 ildən sonra nəticə yaxşı olacaq. Elə vəziyyət yaranıb ki, insanlar da ikiyə bölünüb sanki. Bəziləri heyvanları, heyvansevərlər də insanları qınayır. Bu, sonsuza qədər davam edəcək. Bunun yalnız bir yolu var - dövlətin vaxtında qısırlaşdırma ilə bağlı atacağı addımlar. İtlərin qısırlaşdırılması dünya təcrübəsində var, Amerikada, Almaniyada tətbiq edilib və nəticə effektli olub. Dövlət bir qərar verilərsə, bu faciələrin da qarşısı alınar. Qısırlaşdırma proqramından sonra ilk nəticə 60 faiz olacaq. Yaxın 5 ildə isə 80 faizə yaxın nəticə əldə olunacaq. Bunun başqa yolu yoxdur. İtləri vaksinləmək və sairə çıxış yolu deyil. Nə qədər deyilsə də uşaqlar itlə normal davransın, yenə də bu olacaq. Bütün insanlar eyni deyil. Nə də heyvanları günahlandırmaq olar. İnsanın da əsəbi olanı, sakit olanı var. Qaldı ki heyvan ola, şüursuz canlıdır. Təbii ki, bunun edəcəyi hərəkət instinktə bağlıdır. İtlər sürü psixologiyası ilə yaşayır. Avtomatik onların ərazisinə soxulan insana reaksiya verə bilər. Ola bilər, balalayıblar, itlər belə vaxtlarda reaksiya verə bilir”.

Ekspert əlavə edib ki, bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi tərəfindən helikopter vasitəsilə vəhşi heyvanlara quduzluq əleyhinə yemlər paylanıb: “Bu, artıq Azərbaycan ərazisində ikinci dəfədir həyata keçirilir, quduzluq əleyhinə vaksindir, qida ilə qəbul olunur. Deməli, artıq ölkəmizdə quduzluq riski var. Bu riskin də itlərə keçməsi ehtimalı böyükdür. Çünki bu günə kimi Azərbaycanda quduzluq xəstəliyi səviyyəsi çox aşağı idi. Artıq o proses gedirsə, deməli, risk var. Şübhəsiz ki, itlərə də keçəcək. Çünki rayonlarda meşədə olan itlər quduzluğu bir-birinə ötürəcək. Beləliklə, şəhərə də gəlib çıxacaq. Bir növ epidemiya olması ehtimalı var”.

Qeyd edək ki, Qobu qəsəbəsində it dişləyən azyaşlının vəziyyəti ağırdır. TƏBİB-dən “Yeni Müsavat”a bu barədə bildirilib. “Martın 3-ü saat 17:37 radələrində "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda azyaşlının Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağır olaraq qalır".