İnsulin dirənci (insulin rezistentliyi) müasir dövrdə metabolik pozğunluqların ən geniş yayılmış səbəblərindən biridir. Bu vəziyyətdə orqanizmin hüceyrələri insulin hormonuna qarşı həssaslığını itirir və nəticədə qanda qlükoza səviyyəsinin tənzimlənməsi çətinləşir. Uzun müddət davam etdikdə isə bu hal Tip 2 diabet, piylənmə və ürək-damar xəstəliklərinə gətirib çıxara bilər.
Medicina.az xəbər verir ki, İnsulin dirəncinin müalicəsində həyat tərzi dəyişiklikləri əsas yer tutsa da, bəzi hallarda dərman müalicəsi də tələb olunur və bunu endokrinoloqlar təyin edir.
Müalicə 3 əsas istiqamətdə aparılır:
insulin həssaslığının artırılması
qanda şəkərin stabilləşdirilməsi
artıq çəkinin azaldılması
Dərman seçimi xəstənin vəziyyətinə, yanaşı xəstəliklərinə və analiz nəticələrinə əsasən fərdi şəkildə təyin olunur.
1. Metformin – birinci seçim preparat
Metformin insulin dirəncinin müalicəsində ən geniş istifadə olunan və birinci seçim sayılan dərmandır.
Təsir mexanizmi:
qaraciyərdə qlükoza istehsalını azaldır
hüceyrələrin insulinə həssaslığını artırır
bağırsaqdan qlükoza sorulmasını azaldır
Üstünlükləri:
çəki artımına səbəb olmur (bəzən azaldır)
uzunmüddətli istifadədə təhlükəsiz sayılır
diabetə keçidin qarşısını ala bilər
2. Pioglitazon – insulin həssaslığını artıran dərman
Bu dərman qrupu hüceyrələrin insulinə cavabını yaxşılaşdırır.
Təsiri:
xüsusilə piy toxumasında insulin həssaslığını artırır
qanda şəkər səviyyəsini stabilləşdirir
Məhdudiyyətlər:
çəki artımına səbəb ola bilər
bəzi hallarda ödem (şişkinlik) yarada bilər
yalnız həkim nəzarəti ilə istifadə olunmalıdır
3. GLP-1 reseptor agonistləri (məsələn, liraglutid)
Son illərdə insulin dirənci və piylənmədə geniş istifadə olunur.
Təsiri:
iştahanı azaldır
çəki itkisinə kömək edir
insulin ifrazını tənzimləyir
Üstünlükləri:
xüsusilə artıq çəkili pasiyentlərdə effektivdir
ürək-damara qoruyucu təsiri ola bilər.
4. SGLT2 inhibitorları
Bu dərmanlar əsasən diabet müalicəsində istifadə olunsa da, insulin dirənci olan bəzi xəstələrdə də tətbiq oluna bilər.
Təsiri:
artıq qlükozanın sidiklə xaric olunmasını artırır
qanda şəkər səviyyəsini azaldır.
Bəzi hallarda əlavə olaraq:
hormonal balansın tənzimlənməsi
qadınlarda Polikistik over sindromu zamanı xüsusi müalicə tətbiq oluna bilər.
İnsulin dirəncinin müalicəsində dərmanlar yalnız dəstək rolunu oynayır. Əsas təsir aşağıdakılardır:
düzgün qidalanma (aşağı glisemik indeksli qidalar)
müntəzəm fiziki aktivlik
çəki nəzarəti
yuxu və stressin tənzimlənməsi
Aygün Musayeva