Professor Surxay Musayevsiz 40 gün – Tibb tarixində iz qoyan alim xatirələrdə

  • 2023.06.09 16:10
  • 21619 Baxış
Professor Surxay Musayevsiz  40 gün   – Tibb tarixində iz qoyan alim  xatirələrdə
Aprelin 29-da Azərbaycanın tanınmış həkimi, Tibb Universitetinin professoru, uzun müddət Tədris Terapevtik Klinikasının baş həkimi işləyən Surxay Musayev dünyasını dəyişdi.

Onun vəfatı bütün tibb, səhiyyə ictimaiyyəti üçün gözlənilməz və böyük itki idi.







İyunun 10-u Surxay Musayevin ölümündən 40 gün ötdü.
Surxay Musayev kim idi? Və tibb tarixində necə qaldı?


Mərhum professorun ailə üzvləri və dostları onunla bağlı xatirələrini Medicina.az -a bölüşüb.



“O, bir məktəb idi, Surxay Musayev eldən getdi”

Xaləddin Musayev, tibb elmləri doktoru, professor, ümumi cərrah
Surxay Musayevin qardaşı




“Surxay anadan olanda müharibənin yaraları hələ bitməmişdi. Anam deyirdi ki, babamız həmişə ona “doktor nəvəm” deyərmiş. Görünür, kişinin arzusu imiş ki, həkim olsun.

Anamın dediyinə görə, Surxay bir gün uşaqlara qoşulub məktəbə gedib. Görəndə ki, zehinlidir, 6 yaşa çatmamış onu məktəbə qəbul ediblər.

Rayonun demək olar ki, bütün kimya, fizika, biologiya olimpidalarında məktəbi təmsil edib. Respublika olimpidalarında dəfələrlə qalib olub.
1967–ci ildə orta məktəbi bitirib, sənədlərini Tibb İnstitutuna verdi. O dövrdə nəinki rayonumuzdan, hətta ətrafdan kimsə Tibb İnstitituna daxil olmamışdı. Başqa ixtisaslara qəbul çox idi. Ən çox Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyurdular.

Surxay sənədlərini verdi, imtahandan keçdi, amma müsabiqədən keçə bilməmişdi. Kəndə qayıdıb 1 il sovxozda işlədi. Yadıma gəlir, kənddə özfəaliyyət dərnəyində iştirak edirdi, teatrda çıxış edirdi.

1968-ci ildə indiki Tibb Universitetinin pediatriya fakultəsinə qəbul oldu. Bu, rayonumuz üçün böyük hadisə idi. Bütün el-oba sevinirdi. Surxay ardıyca bir cığır açdı, ondan sonra həmin bölgədən tibbi seçənlər artdı.
O, həmişə yaradıcı insan olub. Əlaçı idi. 2 əsas təqaüddən birini - Nərimanov təqaüdünü alırdı. 1974-cü ildə Surxay müəllim institut üzrə komsomol komitəsinin katibi seçildi.

Heç vaxt o vəzifəni yox, vəzifə onu seçib və bütün vəzifələrdə layiqincə çalışıb.
Bəzən gecə 11-ə kimi institutda qalar, rektorluqda tədbir və iclaslarda olar, yaradıcı işlərlə məşğul olardu.
İlk dəfə subordinaturada uşaq cərrahiyyəsi ixtisasını seçmişdi.

Lakin ictimai işləri cərrah olmağa imkan vermədi, ona görə pediatriyada qaldı.
Professor Adilə Namazovanın kafedrasında baş laborantdan başlayaraq, assistent, dosent, professor vəzifəsinə kimi yüksəldi.

Namizədlik işini Moskvada Pediatriya İnstitutunda müdafiə etdi.
1984-cü ildə respublikada gedən kadr islahatları nəticəsində o, Tibb İnstitutunda Partiya Komitəsinin birinci katibi seçildi.

Qarabağ hadisələri başlayanda artıq hərc-mərcliyin yarandığını görüb, 1989-cu ildə öz ərizəsi ilə partiya sıralarından çıxıb, Moskvaya doktorluq elmi işinin ardınca getdi.




Moskvada Seçenov adına Tibb İnstitutunda akademik İsayevanın rəhbərliyi altında doktorluq üzrə elmi işə başladı. Burda da yenilik edə bildi. O vaxta kimi Azərbaycanda uşaqlarda autoimmun sistem xəstəlikləri, revmatoid artirt və s. mövzular araşdırılmamışdı. Onun elmi işi bu mövzuda idi. 1992-cü ilə kimi Moskvada yaşadı. Orda o qədər hörmət qazanmışdı ki, onu kafedrada saxlamaq istəyirdilər. İsayeva belə Surxayın kafedra müdiri olmasını vəsiyyət etmişdi. Amma Vətən, ailə daha ağır gəldi və Bakıya qayıtdı. Qısa müddətdə Uşaq Xəstəlikləri kafedrasının professoru, Universitetdə Həmkarlar İttifaqının sədri seçildi. Onun ictimai fəaliyyəti, aktivliyi, yaradıcılığı bir məktəb idi. Hər kəsə, hər bir işinə vaxt tapırdı, yorulmaq bilmirdi. Onun missiyası bu idi.


2010-cu ildə cənab Prezidentin sərəncamı ilə yeni açılmış Tədris Terapevtik Klinikasına rəhbər təyin edildi. Görənlər bilir ki, Surxay müəllim klinikanın tikintisində belə fəhlələrlə birlikdə işə nəzarət edib. Klinika qısa müddətdə beynəlxalq aləmdə seçilən bir tibb ocağına çevrildi.


Bir müddət sonra o, bu vəzifədən ayrıldı, elmi fəaliyyətlə məşğul oldu. Koronavius pandemiyası dövründə yenidən ona müraciət edildi və Terapevtik klinikaya rəhbər gətirildi. Çox ağır illər idi. Yeganə klinika rəhbəri idi ki, yaşlı olmasına baxmayaraq, koronavirusa yoluxan xəstələrin palatasına özü qalxardı. Xəstələrin içində olardı. O şəraitdə heç kim xəstələrə yaxınlaşmazdı. Amma o bundan qorxmurdu.


Pandemiya və müharibə dönəmində klinika müalicə mərkəzi kimi böyük rol oynadı. Görünür, bu gərgin 3 il sağlamlığına təsirsiz ötüşmədi.


Surxay doktorun elə də ciddi xəstəliyi yox idi. Möhkəm insan idi. Heç kimə öz xəstəliyi ilə bağlı müraciət etməzdi. Bu illər ərzində nadir halda xəstələnib evdə qalardı.

Son iş günü martın 30-u oldu. Kabinetində bəzi işlərə hazırlıq apardı. Ayın 3-də səhhəti qəfildən pisləşdi. Qan laxtalanma sistemində problem yaşandı. Əməliyyat olundu. Vəziyyəti yaxşılaşmışdı, durub gəzirdi. Lakin sonradan səbəbi bilinməyən qaraciyər çatışmazlığı yarandı.

Mən Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə minnətdaram. Çox çalışdılar, hər cür müalicə tədbirləri aparıldı, amma onu xilas etmək mümkün olmadı. Bəlkə də qisməti bura qədər imiş.
Onun yolunu mən və qızı davam etdirir. Yəqin gələcəkdə yenə davamçılar olacaq.

Surxay Musayev kimi insanı itirməyimizlə hələ uzun müddət barışa bilməyəcəyik. O bir dost, sirdaş, əsl qardaş idi. Mənim üçün belə qardaşı itirmək olduqca ağırdır”.









“O, çox xoşbəxt ömür sürən nurlu alim idi”

Musa Qəniyev
tibb elmləri doktoru, professor,
ATU Farmakologiya kafedrasının müdiri

“Keçdiyi həyat yolu gələcək nəsillərə nümunə və örnək olan insanlar nadir tarixi şəxsiyyətlərdir.
Şəxsən tanıdığıma, həmkar olaraq həyat yolunda uzun illər birgə addımlamağımıza, alim olaraq uca, şəxsiyyət olaraq əlçatmaz, insan olaraq dəyərli olduğunu bildiyimə görə deyə bilərəm ki, sadəliyi, səmimiliyi, mehribanlığı, insanlığa məhəbbəti ilə insanlığın özünə nümunə olan zirvələrdən biri idi. Surxay müəllimi daim özümə böyük qardaş bilirdim.
Onun haqqında istəsəm belə keçmiş zamanda danışa bilmərəm.

Surxay müəllimi institutda oxuduğum illərdən tanıyıdım.
Onunla ilk ünsiyyətimiz 1974-cü ilə - Surxay müəllimin İnstitutun Komsomol Təşkilatına rəhbər olduğu ilə təsadüf edir.
Həmin il institutda köhnə komsomol biletlərini dəyişirdilər.

Mənə və dərs əlaçısı kimi bir neçə tələbəyə yeni biletləri Surxay müəllimin təqdim edəcəyini bildirdilər.
O, bizi çox səmimi qarşıladı. Mən ilk dəfə Vətən sevgisini, doğma instituta bağlılıq və məhəbbəti o insanın simasında gördüm və onu sevdim.

Onun sözləri əbədi olaraq xatirimdə qaldı: “Zaman gələcək, siz bu institutun ağırlığını öz çiyinlərinizdə daşıyacaqsız, əgər bir çətinliyə düşsəz, istənilən vaxt mənə müraciət edə bilərsiz”.

Tale elə gətirdi ki, mən aspiranturaya daxil olanda Surxay müəllim daha yüksək vəzifədə idi. İnstitutun Partiya Komitəsinin katibi kimi çalışırdı.

Bundan sonrakı 42 il ərzində Tibb Universitetinin gənc kadrları kimi daim Surxay müəllimin diqqətini, qayğısını, köməyini hiss etmişik.
Bu insanın böyüklüyü onda idi ki, bütün köməklikləri bizə demədən edirdi.

Sonralar ondan soruşanda ki, etdiyin köməklikləri niyə dilə gətirmisən, “edilən kömək təmənnasız olmalı, dilə gətirilməməlidir” cavabını verirdi.

Son illər Surxay müəllim, Universitetin Tədris Terapevtik Klinikasının direktoru vəzifəsində işləyirdi. O, bilavasitə klinikada müalicə və tədris prosesinə rəhbərlik edirdi. Buna baxmayaraq, yenə də ağrılı, çətin anlarımızı onunla bölüşür, ona üz tuturduq.


Heç xatirimdən çıxmaz, bizim ailənin ağsaqqalı, professor Yəhya Kərimov Tədris Terapevtik Klinikasında xəstə yatanda Surxay müəllim bir an belə onu nəzarətsiz buraxmadı. Buna görə bir dəfə ona minnətdarlıq edəndə, dedi ki, “Qardaş, unutma ki, bu, heç zəhmət deyil. Yəhya müəllim bizə ana kəlməsini yazmağı öyrədib. Bu insan pedoqogika elminin əlçatmaz, ən uca zirvələrindən biridir. Biz onun yaşaması naminə əlimizdən gələn hər şeyi etməliyik”.
İndi isə hesab edirəm ki, bu sözlər Surxay müəllimin özünə də aid idi. Ancaq biz böyük alim, professor, insanlığa nümunə olan Surxay Musayevi qoruya bilmədik.

Reallıq odur ki, Surxay müəllim fiziki varlıq olaraq zaman etibarilə uzaqlaşdıqca, onu sevənlər tərəfindən sevgi ilə xatırlanır. Bu da onun xoşbəxt taleli insan ömrü sürdüyünün sübutudur.

Surxay müəllimin doğmaları bilsin ki, nə qədər Tibb Universiteti, bizlər varıq, onun yetişdirdiyi, dayaq durduğu tələbələri, dostları, onların genetik yadigarları var, bu əziz, dəyərli, ülvi, təmiz, vətənsevər, milllətsevər insan ürəklərdə əbədi yaşayacaq”.






“İmkansız, kasıb tələbələrin dayağı idi, mən ondan çox şey öyrəndim”


Mireldar Babayev
tibb elmləri doktoru, professor


“1971-ci ildə Tibb İnstitutuna qəbul olanda bizə yaxınlaşıb özünü təqdim edən ilk şəxslərdən biri Pediatriya fakultəsinin komsomol katibi Surxay Musayev oldu.


Uşaqların çoxu rayonlardan, kəndlərdən gəlmişdi. Biz onunla tanış olandan sonra sanki sığındıq. Mənim yadımdadır, qrup rəhbərini də özü seçdi. Bizə deyirdi ki, nə çətinliyiniz oldu, çəkinməyin, deyin.
1971-ci ildə yeni qəbul olunmuş tələbələrin bir neçəsinin qəbul balı az olduğu üçün tələbə təqaüdünə düşməmişdilər. Amma çox ehtiyaclı ailələrin uşaqları idi. Bu imkansız tələbələrə kömək məqsədilə Surxay müəllim rektor fondundan təqaüd ayrılmasını təşkil etdi. Bu bizim üçün çox gözlənilməz bir dəstək idi. Onun belə təşəbbüsləri çox idi. O qayğısını, diqqətini gözə çarpdırmadan, üzə vurmadan, tələbələr sıxıntı hiss etmədən göstərirdi.

Söhbət maddiyatdan getmir. Mənəvi dayaqdan yaranmış maddi dayağı hiss edirdik.

Moskvada müdafiə edib qayıtdıqdan sonra 2005-ci ildə Elmi Tədqiqat Hematologiya İnstitutunda şöbə rəhbəri təyin olundum. Bizi birləşdirən çox məqamlar var idi. Biz öz hematoloji xəstələrimizdə problemlər yarananda onu dəvət edirdik, konsultasiyalar edirdik, çox ağır xəstələri onun sayəsində xilas edə bilmişdik.

Eləcə də onun xəstələrində, assistentlərinin elmi işlərində, tematik xəstələrində hematoloji baxımdan yardım lazım olduqda, mən gedirdim.

2008-ci ildə Surxay müəllim rektorluğa Dövlət İmtahan Komissiyasına sədr kimi namizədliyimi irəli sürmüşdü. Mən də bu etimadı doğrultmağa çalışdım və Pediatriya fakultəsinin dövlət imtahanlarında iştirak etdim. Orda Surxay müəllimlə yanaşı otururduq. Bunlar sanki bizim daxili istəyimiz idi. İmtahanların obyektiv aparılmasında çox böyük rolu var idi. Olurdu ki, təhsil boyu yüksək savadı ilə seçilən tələbə özünü itirirdi, amma Surxay müəllim bütün tələbələri tanıyırdı, bilirdi, kim hansı qiymətə layiqdir. Həyəcandan 5-ə layiq cavab verə bilməyən yaxşı tələbəni Surxay müəllim qeyd edirdi ki, o tələbə zəif qiymət almasın. Mənim üçün onun fikri önəmli idi.

Həmin il 4 tələbəyə mən qeyri-kafi qiymət qoydum. Bu, Tibb Universitetinin tarixində görünməmiş bir hal idi ki, 4 tələbə kəsilir. Amma mən bu tələbələrə o qiyməti yazanda da Surxay müəllimin fikrinə önəm verirdim, oxumayan tələbə üçün o seçimi artıq bizə buraxırdı. Necə görürsüz, elə də qiymət verin. Bu, həm də mənə olan etibar idi.

Mənim imtahanlara obyektiv qiymət verməyimin səbəbkarı Surxay müəllim idi. Çünki o vicdan, ədalət, obyektivlik nümunəsi idi.

Sözün açığı, onu Tədris Terapevtik Klinikadan bir müddət uzaqlaşdıranda çox məyus olmuşdum. Çünki belə kadrdan istifadə etmək lazımdır, nəinki uzaqlaşdırmaq. Yadıma gəlir ki, o klinika tikilib açılanda, Surxay müəllimi Gəncə Kənd Təsərrüfatı Universitetinə rektor göndərmək istəyirdilər. Hətta Prezident Adninistrasiyasında namizədliyi irəli sürülmüşdü. Surxay müəllim dedi ki, əslində mən bu vəzifəni istəmirdim. Çünki ona pediatriya, səhiyyə, tibb tələbələri lazım idi. Onun yeri bura idi. Və deyim ki, rektor işi alınmadığına sevinmişdi də.

Sonuncu dəfə biz Azərbaycan hematoloqlarının konqresində görüşdük, biixtiyar qucaqlaşdıq, mən onu bir xeyli buraxa bilmədim. O an içimdən bir hiss keçdi ki, belə hörmətli, gözəl insanla yanaşı, qolboyun oturmuşuq.
Mən onun xəstə olduğunu bilmirdim, çünki elə görünmürdü, bildirmirdi.

Qurultaydan sonra bir dəfə zəng etdim, götürmədi. İnanmadım ki, Surxay müəllim mənim zəngimi açmasın. Geri dönüş də olmadı. Üstündən bir neçə gün keçdi, birdən Facebookda xəbəri gördüm ki, Surxay Musayev rəhmətə gedib. Mən inanmadım. Necə ola bilər ki?


Onun itkisi təsdiqləndi və mən onun yoxluğuna protest kimi ürəyimdən keçənləri necə yazdım, bilmədim. Mənim yadıma gəlmir, kiminsə ölümü məni belə sarsıtsın. Bu, mənə hədsiz pis təsir etdi. Onun haqqında həmişə gözəl sözlər deyib, gözəl sözlər eşidəcəyik. Çox nurlu, təmkinli, ürəyi gözəl, vicdanlı insan idi.
Surxay müəllim sağlığında gözəl ad və hörmət qazana bildi”.





“55 illik dostumu itirdim”


Fuad İslamzadə
«Azərbaycan Tibb jurnalı»nın baş redaktorunun müavini


“Professor Surxay Musayevin vəfatı ölkəmiz üçün bacarıqlı səhiyyə təşkilatçısının və tibb aliminin itkisi oldu, mən isə 55-illik döstumu itirdim.


Mən Surxay müəllimlə tələbəlik illərində tanış olmuşam. O vaxt Tibb İnstitutunun birinci kursunda oxuyurduq. İlk tanışlığımız idman dərsində baş tutmuşdu. O, Pediatriya fakültəsinin tələbəsi idi, mən isə Müalicə-profilaktika fakültəsində təhsil alırdım.

Elə ilk tanışlığımızdan onun maraqlı söhbətləri, insanlarla ünsiyyət qurmaq bacarığı diqqətimi cəlb etmişdi. Tələbəlik illərinin sonrakı müddətində də tez-tez görüşər, söhbətləşərdik. Surxayın məhz xoş rəftarı, hər bir adamla asanlıqla dil tapmaq bacarığı ona institutun ictimai işlərində uğur qazanmaq imkanı verirdi. Buna görə də o, 5-ci kurs tələbəsi olduğu zaman Tibb İnstitutunun (indiki Tibb Universiteti) komsomol komitəsinin katibi vəzifəsinə seçildi. Təhsildə uğurlarına görə tələbəlik illərində N.Nərimanov adına təqaüdlə mükafatlandırılan Surxay Musayev İnstitutu fərqlənmə diplomu ilə bitirdi və Elmi Şuranın qərarı ilə Pediatriya fakültəsində işlə təmin edildi.

Bundan sonra elmi-tədqiqat, tədris və həkimlik fəaliyyətini uğurla əlaqələndirən Surxay müəllim tezliklə namizədlik dissertasiyası işləyib müdafiə etdi, sovet dövründə bir müddət o vaxt üçün olduqca məsul vəzifə hesab edilən İnstitut Partiya Təşkilatının katibi vəzifəsini yerinə yetirdi. Doktorluq dissertasiyasının müdafiəsindən sonra isə Tibb Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçildi. O vaxtlar mən də həmin komitənin üzvü idim və dəfələrlə Surxay müəllimin hər bir mübahisəli məsələni əməkdaşların mənafeyini yüksək tutmaqla, ədalətli şəkildə həll etməyə çalışdığının şahidi olmuşam.

Bir dəfə də Surxayla onun işlədiyi kafedrada görüşərkən, bir xəstə uşağı necə müayinə etdiyini müşahidə etdim. Etiraf edirəm ki, onun müayinə zamanı xəstəliyin ən çətin nəzərə çarpan əlamətlərinə necə diqqət yetirdiyinə heyran olmamaq mümkün deyildi. Surxay müəllimin təşkilatçılıq bacarığı Tibb Universitetinin Tədris Klinikasına rəhbərlik etdiyi dövrdə bir daha bariz şəkildə təzahür etdi. Çünki bu vaxta qədər universitetin kafedraları Baki şəhərinin müxtəlif xəstəxanalarında pərakəndə şəkildə yerləşirdi və onların birgə, koordinasiyalı fəaliyyətinə dair heç kimdə təsəvvür belə yox idi. Bu işin öhdəsindən isə Surxay Musayev kimi hərtərəfli bacarığa malik bir mütəxəssis gələ bilərdi.

Surxay Musayevin vəfatı ölkəmizin tibb ictimaiyyəti üçün çox ağır bir itkidir. Bu itkinin yeri uzun müddət dolmayacaq. Allah rəhmət eləsin! “







“Son günlər tələsirdi, sanki ürəyinə dammışdı...”


Səbinə Allahverdiyeva
tibb elmləri üzrə fəlsəfə doktoru, Surxay Musayevin doktorantı


“Surxay müəllimlə ilk tanışlığım Tibb Universitetində təhsil aldığım dövrdə başlayıb. Çox sakit, həlim insan idi. Çox maraqlı mühazirələr oxuyurdu. İmtahan vaxtı tələbənin bilmədiyini deyil, biliyini üzə çıxarmağa çalışırdı. Heç vaxt tələbəni qınamırdı.

Surxay müəllimlə növbəti görüşüm pediatriya üzrə doktoranturaya qəbuldan sonra oldu. Mənim elmi rəhbərim idi. Bu illər ərzində Surxay müəllimin mənə verdiyi istiqamət elmi rəhbərin yox, bir atanın övladına olan qayğısı, diqqəti dəyərində idi.

Biz həkim olmağı, alim olmağı Surxay müəllimdən öyrəndik. O, Azərbaycan elminə saysız həkim və alim qazandırıb. Saysız-hesabsız uşaqların sağalmasına səbəb olub.

2018-ci ildə mən müdafiə etdim və tibb üzrə fəlsəfə doktoru elmi adını aldım.
Ondan öncə dedim ki, Surxay müəllim, burda mənə çox söz demək olar, çox irad göstərmək olar, amma istəmirəm ki, sizin adınıza xələl gəlsin.

Məm məruzə etdim, suallara cavab verdim və Surxay müəllim ordaca “afərin sənə” pıçıldadı.
Surxay müəllimi tanıyanlar bilir ki, onun dilindən bu sözü eşitmək etimadı doğrultmaq demək idi. Bu söz mənim üçün ən böyük mükafat idi.

Son günlər heç vaxt xəstəliyi barədə danışmaz, şikayət etməzdi. O, hər zaman hər şeyin yaxşı olduğunu deyir, həyata nikbin baxır, bəzi çətinlikləri sınaq olaraq qəbul edirdi.


Bu ilin martında elmi işimizə aid planlarımızı müzakirə etdik. Dayanmadan bizə məsləhətlər verirdi.
Ən sonda Surxay müəllimdə qəribə bir şey hiss etdim, onun çox tələsdiyini gördüm. Məni də tələsdirirdi. Halbuki heç vaxt tələsməzdi, təmkinli, səbrli idi.

Demək ki, zamanının az olduğunu bilirdi və bizə maksimum kömək etmək üçün tələsirdi.

Surxay müəllim klinikanın kiçik tibb personalınmdan tutmuş alimlərə kimi hamıya yardım əlini uzadardı. Heç kəsdən təmənnası, qərəzi yox idi. Qapısına gələni naümid qaytarmazdı.

Bu gün Azərbaycanda və kənarda özünə pediatr deyən hər bir həkimimizin müəllimi, mənəvi atası olub Surxay müəllim.
Onun yeri hər yerdə görünür. Hərdən elə bilirəm ki, Surxay müəllim yenə də universitet və klinikada qarşımıza çıxacaq. Biz onun mənəvi varlığını həmişə hiss edəcəyik”.


Aygün Musayeva
MEDİCİNA.AZ