Şəhid ailəsi evində tibbi müayinə olundu

  • 24 Dek 2021 14:02
  • 510 Baxış
Şəhid ailəsi evində tibbi müayinə olundu

Yevlaxda şəhid ailələrinə yaşdıqları evdə tibbi xidmətin göstərilməsinə başlanılıb.

Medirina.az report.az-a istinadən xəbər verir ki, şəhid ailəsinin üzvlərinə yaşayış yerlərini tərk etmədən tibbi xidmət göstərilməsi üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) həkim briqadaları şəhid ailələrinin yaşadıqları evlərdə onları müayinə və müalicə ediblər.

Müayinə olunana şəhid anası Ramiyyə Məmmədova "Report"un yerli bürosuna bildirib ki, o, əvvəllər tez-tez müayinələr və malicə olunsa da, oğlu şəhid olandan sonra müalicəsini yarımçıq saxlayıb: "Oğlum şəhid olandan sonra heç yaşamağa həvəsim də qalmamışdı. Ona görə də müayinə və müalicədən imtina etmişdim. Sağ olsunlar, bu gün həkimlər özləri gəlib mənə dedilər ki, çoxdandır müalicəyə getmədiyim üçün özləri gəliblər.

Daha sonra həkim briqadası şəhid anası Almaz Məmmədovanın yaşadığı evdə olub.

A.Məmədova qeyd edib ki, onu evdə müayinə etdikdən sonra daha geniş müayinəsi üçün Yevlax RMX-a dəvət olunub: "Bu demək olar ki, bütün şəhid ailələri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Mən şəhid anası kimi, hər kəsə təşəkkür edirəm. Həkimlər məni müayinə etdikdən sonra xəstəxanaya dəvət ediblər. Gedib müayinə olunacağam".

Yevlax RMX-nın kardioloqu Niyaz Hüseynov "Report"un yerli bürosuna bildirib qarşıda duran əsas vəzifələrdən biri, şəhid ailələrinə və qazilərə tibbi xidməti göstərməkdir: "Bu gün biz şəhid ailələrinə baş çəkdik, onları müayinədən keçirdik.İxtisaslaşmış müalicəyə ehtiyacı olanları xəstəxanaya dəvət etdik. Vətən müharibəsində, Azərbaycan ın ərazi bütövlüyü uğrunda canından və qanından keçən şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə qayğı göstərmək hər kəsin borcudur. Bizdə öz borcumuzu azda olsa yerinə yetirməyə çalışdıq.”

Qeyd edək ki, həkim briqadası tərəfindən 65 şəhid ailəsinin ümumilikdə 169 üzvünə tibbi xidmət göstərilib. Müayinə olunan şəhid ailəsi üzvülərindən bəzisi kompüter tomoqrafiyası, rentgen və fizioterapeya müayinəsi üçün Yevlax RMX-ya dəvət olunub. Yevlaxda müayinə və müalicəsi mümkün olmayan şəxslər, ixtisaslaşmış xəstəxanalara göndərişlə təmin edilirlər.