Gündəlik həyatda səs-küydən qaçmaq getdikcə çətinləşir, xüsusən də şəhərlərdə. Avtomobillər, siqnallar, tikinti işləri, metro, təmir səsləri, yüksək musiqi, səs-küylü qonşular… Bəzən bunlara öyrəşdiyimizi düşünürük. Amma əslində orqanizm bu səsləri “görməzlikdən” gəlmir.
Medicina.az xəbər verir ki, təbii səslər — dəniz dalğası, yarpaqların xışıltısı, küləyin səsi, quşların nəğməsi, çayın şırıltısı insanı sakitləşdirə və rahatlaşdıra bilər. Küy isə müxtəlif tezlikli və intensivlikli səslərin qarışığıdır və uzun müddət davam etdikdə insan orqanizminə mənfi təsir göstərə bilər. Səs-küy yalnız qulağı yormur. O, sinir sistemini qıcıqlandırır, yuxunu poza, diqqəti zəiflədə, qan təzyiqini artıra və zamanla müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.
Səs-küy orqanizmə necə təsir edir?
Səs-küy orqanizm üçün gizli stress mənbəyidir. İnsan uzun müddət səs-küylü mühitdə olduqda bədən daim gərgin vəziyyətdə qalır. Bu zaman stress hormonlarının səviyyəsi artır, damarların tonusu yüksəlir, ürək-damar və sinir sistemi əlavə yüklənir.
Sadə dillə desək, orqanizm səs-küyü təhlükə kimi qəbul edir və özünü müdafiə rejiminə keçirir. Əgər bu vəziyyət qısa müddət davam edirsə, orqanizm bərpa oluna bilir. Amma səs-küy uzun müddət davam edərsə, bu, sağlamlığa mənfi təsir göstərir.
Səs-küyün mümkün təsirləri:
eşitmə qabiliyyətinin zəifləməsi;
qulaqda cingilti, uğultu və ya küy hissi;
baş ağrısı;
başgicəllənmə;
yorğunluq;
əsəbilik və daxili gərginlik;
yuxu pozulmaları;
diqqət və yaddaşın zəifləməsi;
qan təzyiqinin yüksəlməsi;
ürək döyüntüsünün artması;
həzm sistemi ilə bağlı narahatlıqlar;
iştahanın azalması;
ümumi həyat keyfiyyətinin pisləşməsi.
Ən təhlükəli məqam odur ki, səs-küyün təsiri çox vaxt dərhal hiss olunmur. İnsan yorğunluğu, əsəbiliyi, yuxusuzluğu və ya baş ağrısını başqa səbəblərlə əlaqələndirir. Halbuki uzunmüddətli səs-küy bu problemlərin yaranmasında mühüm rol oynaya bilər.
Hansı səslər daha təhlükəlidir?
Səsin gücü desibel ilə ölçülür. Sakit meşə, pıçıltı və adi danışıq insan üçün adətən təhlükəli hesab olunmur. Amma sıx nəqliyyat, tikinti sahələri, zavod-fabriklər, yüksək musiqi, təyyarə səsi və uzun müddət qulaqlıqda yüksək səslə musiqi dinləmək eşitmə və sinir sistemi üçün risk yarada bilər. Yüksək səs qısa müddətdə belə qulağa zərər verə bilər. Orta səviyyəli, amma uzunmüddətli səs-küy isə daha gizli təhlükədir. Bu zaman eşitmə tədricən zəifləyə, insan bunu yalnız illər sonra hiss edə bilər.
Şəhər həyatı və davamlı səs-küy
Şəhərdə yaşayan insanlar səs-küyə daha çox məruz qalır. Çünki burada küy davamlı, çeşidli və çox vaxt qaçılmaz olur: avtomobillər, siqnallar, metro, tikinti işləri, təmir səsləri, kondisioner və generatorlar, yüksək səslə danışıq və musiqi.
Məsələn, eviniz böyük prospektin yaxınlığındadırsa, ətrafda illərlə tikinti gedirsə və ya qonşuluqda davamlı təmir işləri aparılırsa, bu, orqanizm üçün daimi stress mənbəyinə çevrilə bilər. İnsan bunu birbaşa hiss etməsə də, uzaq perspektivdə yuxu, sinir sistemi, təzyiq və ümumi sağlamlıq üzərində mənfi təsir yarana bilər.
Uşaqlar və yaşlılar daha həssasdır
Səs-küy uşaqlar üçün xüsusilə önəmlidir. Davamlı səs-küy uşaqlarda diqqətin dağılmasına, oxuma və yaddaş proseslərinin zəifləməsinə, danışıq və öyrənmə bacarıqlarına mənfi təsir göstərir. Buna görə uşaqların dərs oxuduğu, yatdığı və istirahət etdiyi məkan mümkün qədər sakit olmalıdır. Yaşlı insanlar da səs-küyə daha həssas ola bilər. Xüsusilə yüksək təzyiq, ürək-damar xəstəlikləri, başgicəllənmə, yuxusuzluq və qulaqda küy problemi olan insanlarda səs-küy şikayətləri daha çox olur.
Küy xəstəliyi nədir?
Uzun müddət səs-küyə məruz qalan insanlarda “küy xəstəliyi” adlandırılan vəziyyət inkişaf edə bilər. Bu zaman həm qulaqla bağlı, həm də ümumi orqanizmlə əlaqəli əlamətlər meydana çıxa bilər.
Qulaqla bağlı əlamətlər:
eşitmə həssaslığının azalması;
qulaqda cingilti;
qulaqda uğultu və ya küy hissi;
qulaqda narahatlıq və ağrı.
Ümumi əlamətlər:
əsəbilik;
yorğunluq;
yuxu pozulması;
baş ağrısı;
başgicəllənmə;
yaddaş və diqqət zəifliyi;
mədə-bağırsaq narahatlıqları;
qan təzyiqində dəyişiklik;
ürək döyüntüsünün artması;
iştahasızlıq.
Bu əlamətlər davamlıdırsa, onları adi yorğunluq kimi qəbul etmək düzgün deyil. Vaxtında müayinədən keçmək vacibdir.
Səs-küyün təsirindən necə qorunaq?
Səs-küyü həyatımızdan tamamilə çıxarmaq mümkün deyil. Amma onun təsirini azaltmaq mümkündür.
Gündəlik 1-2 saat sakitlik yaratmağa çalışın. Telefon, televizor, yüksək musiqi və digər texnoloji səslərdən uzaq qalmaq sinir sisteminin dincəlməsinə kömək edir. Təbiətdə daha çox vaxt keçirin.
Parkda gəzmək, ağacların arasında olmaq, təbii səsləri dinləmək bədəni və zehni rahatlaşdırır. Qulaqlıqdan düzgün istifadə edin. Musiqiyə çox yüksək səsdə və uzun müddət qulaq asmaq eşitmə qabiliyyətini zədələyə bilər. Qulaqlıqla musiqi dinləyərkən səsi orta səviyyədə saxlamaq vacibdir.
Evin səs izolyasiyasına diqqət edin. İkiqat pəncərələr, qalın pərdələr, xalçalar, divar və tavan izolyasiyası küçədən və qonşudan gələn səsləri azalda bilər.
Mebellərin yerini düzgün seçin. Böyük şkafı səs gələn divara yaxın yerləşdirmək, yatağı həmin divardan uzaqlaşdırmaq səsin təsirini azalda bilər.
Səs-küylü yerlərdə qulaq qoruyucularından istifadə edin. Tikinti, istehsalat, konsert və ya çox səsli mühitlərdə keyfiyyətli qulaq tıxacları eşitməni qorumağa kömək edə bilər. Yataq otağını sakit saxlayın. Gecə səs-küyü yuxunun keyfiyyətini poza və orqanizmin tam dincəlməsinə mane ola bilər.
Səs-küyün yaratdığı gərginlik zamanı hansı vasitələrdən istifadə olunur?
Uzun müddət səs-küyə məruz qalmaq bəzi insanlarda daxili gərginlik, yuxusuzluq, əsəbilik, baş ağrısı, qulaqda küy, başgicəllənmə və ürək döyüntüsünün artması kimi şikayətlər yarada bilər. Belə hallarda əsas məqsəd yalnız simptomu azaltmaq deyil, həm də sinir sistemini, yuxunu və ümumi bədən balansını dəstəkləməkdir. Bu məqsədlə həkim məsləhəti ilə bəzi biotənzimləyici preparatlardan istifadə oluna bilər.
Neurexan daxili gərginlik, narahatlıq, yuxusuzluq və streslə bağlı yuxu pozulmaları zamanı istifadə olunan biotənzimləyici preparatdır. Preparat daxili gərginliyi azaldır, sinir sistemini sakitləşdirir və fizioloji yuxu ritmini dəstəkləyir.
Mucedokehl vegetativ sinir sistemi ilə bağlı pozulmalar zamanı istifadə olunan preparatdır. Uzunmüddətli stress, emosional gərginlik və neyrovegetativ şikayətlər zamanı həkim tərəfindən fərdi olaraq təyin edilir.
Əlamətlər daha qabarıq olduqda
Bəzən səs-küyün yaratdığı gərginlik yalnız əsəbilik və yuxusuzluqla məhdudlaşmır. Şikayətlər hansı sistemdə daha qabarıqdırsa, həkim əlavə preparatlar da tövsiyə edə bilər.
Ürək-damar sistemi ilə bağlı şikayətlərdə — yüksək təzyiq, taxikardiya, ürək döyüntüsünün artması kimi hallarda həkim məsləhəti ilə Cralonin istifadə oluna bilər.
Baş gicəllənməsi, qulaqda və başda küy olduqda — beyin qan dövranı və vestibulyar sistemlə bağlı şikayətlər zamanı Vertigoheel tövsiyə edilə bilər.
Sinir sistemi ilə bağlı şikayətlərdə — baş ağrısı, yuxu pozğunluğu, yaddaş və diqqət problemləri zamanı Cerebrum compositum kimi preparatlar əlavə dəstək kimi istifadə oluna bilər. Hər bir preparat, insanın yaşı, yanaşı xəstəlikləri, qəbul etdiyi digər dərmanlar nəzərə alınmaqla, həkim tərəfindən təyin edilməlidir.
Dr. Amaliya Rəhimova
Medicina.az