Tanınmış cərrah dünya səviyyəli kitabın müəllifləri sırasında -FOTO

  • 2024.03.16 20:55
  • 1039 Baxış
Tanınmış cərrah dünya səviyyəli kitabın müəllifləri sırasında - FOTO
Türkiyədə “Cümhuriyyətin 100 illiyinə 100 kitab” layihəsi çərçivəsində İstanbul Universiteti-Cərrahpaşa tərəfindən “Bariatrik və metabolik cərrahiyyənin əsas prinsipləri və yeniliklər” adlı kitab nəşr edilib.

Medicina.az xəbər verir ki, bu kitab bariatrik cərrahiyyə haqqında yazılan ilk tamhüquqlu rəsmi topludur.

Kitab əsrin bəlası olan piylənmənin cərrahi müalicəsində ən son yeniliklərə əsaslanan fundamental elmi məlumatlar əsasında hazırlanıb. Bu sahədə əsas prinsiplərlə yanaşı, yeni müalicə protokolları və bariatrik əməliyyatların mümkün ağırlaşmaları, uzunmüddətli problemlər də əhatə olunub.

Bariatrik-metabolik cərrahiyyə təkcə cərrahları deyil, bir çox sahənin həkimlərini əhatə edən multidissiplinar bir sahədir. Kitab öz oxucularına nəzəri təlimlə yanaşı, şəkillər vasitəsilə praktik təlimat da verir.


İstanbul Universiteti-Cərrahpaşa və Türk Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin dəstəyi ilə ərsəyə gələn kitaba həmin universitetin rektoru, professor Nuri Aydın ön söz yazıb.

Sevindirici haldır ki, Azərbaycan Tibb Universitetinin I Cərrrahi xəstəliklər kafedrasının əməkdaşı, cərrah Taryel Ömərov kitabın həmmüəlliflərindən biridir. Bu haqda danışan T.Ömərov bildirib ki, bu cür sanballı kitabda onun həmmüəllif olaraq, həmçinin doğma Tibb Universitetinin adının keçməsi çox önəmlidir:

“Vurğulamaq istərdim ki, ölkəmizdə bariatrik-metabolik cərrahiyyə 2013-cü ildə ilk olaraq bizim əməliyyatlarla başlayıb. Artıq 2017-ci ildə bu sahədə ilk milli protokolumuz formalaşıb. 2018-ci ildə isə ATU-nun I Cərrrahi xəstəliklər kafedrası tərəfindən yazılan cərrahi xəstəliklər kitabında həmmüəllif olaraq bu sahəni geniş işıqlandırmışıq. O kitab dərslik kimi istifadə olunur. İndi isə, uzun illərdir bu sahənin dünya səviyyəsində formalaşmasında əməyi olan 100-dən çox professorun sırasında yer almaq xüsusilə qürurvericidir”.

Qeyd edək ki, Nuri Aydın və Türk Bariatrik Cərrahi Dərnəyinin fəxri sədri Mustafa Taşkın kitaba ön söz yazıblar. Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə çap olunmuş bu kitab metabolik xəstəliklər və bariatrik cərrahiyyə ilə maraqlanan hər bir gənc həkimin yoluna işıq tutacaq.







Tanınmış cərrah dünya səviyyəli kitabın müəllifləri sırasında - FOTO