Pediatriya Mərkəzinin direktorunun işdən çıxarılmasına - həkimlərdən reaksiya

  • 2026.05.13 17:50
  • 427 Baxış
Pediatriya Mərkəzinin direktorunun işdən çıxarılmasına   -  həkimlərdən reaksiya


Respublika Pediatriya Mərkəzinin direktoru, uzman həkim Azər Əhmədovun vəzifədən uzaqlaşdırılması xəbəri birmənalı qarşılanmayıb.


Medicina.az bir neçə həkimin məsələ ilə bağlı sosial şəbəkədən rəylərini təqdim edir:


Toğrul Cavadov, uzman neyrocərrah


“Azər Əhmədov ölkədə ölməkdə olan pediatriyaya nəfəs verən həkim idi. Onun kimi kadrın vəzifədən uzaqlaşdırılması onlarla tibb işçisinin motivasiyasının ölməsi deməkdir. Bu qərarla ölkə pediatriyası çox şey itirəcək”

Kamil Şərifov – uzman pediatr


“Azər həkim kimi kadrların məqsədi sadəcə işləmək, qazanmaq deyil, sistem qurmaq, ölkəyə fayda verməkdir. Bir sistemi sıfırdan qurmaq, ayaqda saxlamaq, məsuliyyətin altına girmək asan deyil. Onun mərkəzin başında olması bu ölkənin uşaqlarına, ailələrə və pediatriyasına verilən böyük əmək idi. Bu qərar xaricdə təhsil alan bir çox gənc həkimin burda nəsə qırmaq həvəsinə neqativ təsir edəcək. Bu əmr bizi çox üzdü”.


Uzman ginekoloq Aynurə Nəcəfəliyeva

“Öz qazancını, mənafeyini düşünməyən, uşaqlar ölməsin deyə tibbi kadrlar yetişdirən, dünya səhiyyəsinə uyğun sistem quran, vicdanlı, savadlı, sadə insandır. Verilən əməklər təəssüf ki, qiymətləndirilmir”.

Günel Ümid – pediatr


“Bu xəbəri eşidəndə inanmadım. Bu qədər əmək qoyan peşəkar mütəxəssisi uzaqlaşdırmaq Azərbaycanda pediatriyanın inkişafına zərbə, uşaqların sağlamlığına zərər deməkdir”.


Qeyd edək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.

O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində Acil şöbə müdiri kimi çalışıb. 2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. 2023-cü ildə Ege Hospitalda pediatr kimi çalışıb.

Onu da bildirək ki, yeni əmrlə vRespublika Pediatriya Mərkəzinin rəhbəri vəzifəsinə ”Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri Erkin Rəhimov təyin olunub.


Aygün Musayeva
medicina.az