Azərbaycanlı cərrah Oksford Universitetində keçiriləcək dünya konqresinə dəvət aldı - FOTO

  • 2026.05.12 23:16
  • 124 Baxış
Azərbaycanlı cərrah Oksford Universitetində keçiriləcək  dünya konqresinə dəvət aldı - FOTO

Bakıda fəaliyyət göstərən Ümumi Cərrahiyyə uzmanı, onkoloq və bariatrik cərrah Op.Dr. Mahmud Mahmudov Böyük Britaniyanın nüfuzlu akademik tədbirlərindən biri olan “Seventh International Bariatric Club – University of Oxford World Congress” konqresinə rəsmi şəkildə dəvət olunub.


Medicina.az xəbər verir ki, konqres 15–17 sentyabr 2026-cı il tarixlərində Oksford Universitetinin “Examination Schools” binasında keçiriləcək.



Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən bariatrik və metabolik cərrahlar iştirak edəcək. Dəvət məktubu Beynəlxalq Bariatrik Klubun həmtəsisçisi və konqres direktoru Dr. Haris Khwaja tərəfindən göndərilib. Məktubda Dr. Mahmud Mahmudovun “Ballooned Expectations: Do Gastric Balloons Deliver?” (“Şişirdilmiş gözləntilər: mədə balonları gözləntiləri doğruldurmu?”) mövzusunda məruzə ilə çıxış edəcəyi bildirilib.



Dr. Mahmud Mahmudov uzmanlıq təhsilini Türkiyənin və dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Hacettepe Universitetində tamamlayıb. Hazırda isə həmin universitetin Anatomiya kafedrasında doktorant kimi öz elmi fəaliyyətini davam etdirir. Əsas fəaliyyət sahəsi onkologiya və onkolojik cərrahiyyə olan Op. Dr. Mahmud Mahmudov Türkiyədə uzmanlıq təhsilini tamamlayaraq vətənə qayıtdıqdan sonra Bakı ilə yanaşı doğulduğu Ağdaş rayonunda icbari tibbi sığorta çərçivəsində çoxsaylı cərrahi əməliyyatlar həyata keçirib. Eyni zamanda Ağdaşda ilk laparoskopik (qapalı) əməliyyatların icrasına onun tərəfindən başlanılmışdır.



Dr. Mahmud Mahmudov daha əvvəl də xüsusilə onkologiya sahəsində, bariatrik cərrahiyyə sahəsində beynəlxalq tədbirlərdə iştirak edib və müxtəlif elmi təqdimatlarla çıxış edib. Eyni zamanda bu ilin Fevral ayında bir qrup Özbəkistanlı cərrahın onun əməliyyatlarını izləmək üçün Bakıya səfəri də işıqlandırılıb.