Kopenhagen Universitetinin alimləri erkən ölümlə azoospermiya — kişilərin xayasında spermanın olmaması arasında əlaqə aşkar edib. Medicina.az xəbər verir ki, tədqiqatçılar azoospermiyalı kişilərin orta ömür uzunluğunun cəmi 48,8 il - 49 olduğunu aşkar ediblər.
Onlar 2006-cı ildən 2015-ci ilə qədər Danimarka klinikalarında müalicə alan 50.000 kişinin məlumatlarını təhlil edərək sonsuzluğun kişilərdə ömür uzunluğuna təsirini aşkar ediblər. Nəticədə, alimlər "cinsi məhsuldarlıq kişilərin ümumi sağlamlığının göstəricisidir" qənaətinə gəliblər.
Tədqiqatçıların fikrincə, zəif sağlamlığın və qısa ömür müddətinin göstəricisi azoospermiyadır. Onlar hesab edirlər ki, bu xəstəlik diaqnozu qoyulmuş kişilər tam sağlamlıq müayinəsindən keçməlidir.
Layihə çərçivəsində sağlamlığı izlənilən kişilər bir neçə qrupa bölünüb. Birinci qrupa azoospermiyalı kişilər, ikinci qrupa oliqospermiyalı (aşağı sperma sayı) kişilər, üçüncü qrupa normal sperm sayı olan kişilər, dördüncü qrupa vazektomiya əməliyyatı keçirmiş kişilər və beşinci qrupa digər sonsuzluq problemləri olan kişilər daxil idi. Məlum olub ki, birinci qrupdakı kişilər digərlərinə nisbətən çox vaxt 50 yaşından əvvəl ölürlər.
Tədqiqatın müəllifləri belə qənaətə gəliblər: "Azoospermiyalı kişilərdə qocalığa çatmadan ölmək riski digərlərinə nisbətən iki dəfə yüksəkdir. Əksər hallarda azoospermiyalı kişilər xərçəng və ya ürək-damar xəstəliklərindən ölürlər".
Aygün Musayeva