"Ürək vurğularının sayı daim diqqətdə saxlanılmalıdır“- Azərbaycanın məşhur kardioloqu ilə MÜSAHİBƏ

  • 07 Okt 2019 17:56
  • 94942 Baxış
"Ürək vurğularının sayı daim diqqətdə saxlanılmalıdır“-  Azərbaycanın məşhur kardioloqu ilə MÜSAHİBƏ

Son zamanlar medicina.az saytına ürək ritminin pozulması, yüksək arterial təzyiq, ürək vurğusunun normadan yuxarı, hətta 120-ə və ondan da artıq olması və xəstələrin ürək çırpıntıları hiss etməsi barədə sorğular gəlməkdədir. Statistikaya görə, indi ürək vurğusunun sayı normada olan insan azdır. Ürək vurğularının sayı niyə pozulur,nə ilə əlaqədardır və hansı halda həkimə müraciət edilməlidir?


Bu sualları tanınmış kardioloq, Kardiologiya İnstitutunun sabiq baş həkimi, hazırda FAMAX medikal turizm şirkətinin rəhbəri, tibb elmlər doktoru, professor Əhməd Babayevə ünvanladıq. Kardioloqun maraqlı müsahibəsini təqdim edirik:


-Doktor, ürək ritminin dəqiqədə vurğusu normalda neçə olmalıdır və hansı hədd təhlükəlidir?


-Ürək ritminin sayının göstəriciləri hər 30-40 ildən bir Dünya Səhiyyə Təşkilatı tərəfindən nəzərdən keçirilir. Mən tələbə olanda 60-80 vurğu normal sayılırdı. Sonra 60-90, indi də dəqiqədə 100 vurğunun normal olduğu qəbul edilir və bütün həkimlər də bunu gəbul edirlər.


1 dəqiqədə ürək vurğularının sayının 60-dan aşağı olmasına bradikardiya,100-dən çox olmasına isə taxikardiya deyilir.Elektrokardio-qrafiya müayinəsinə nəticə yazan həkim bunu nəzərə alır və qeyd edir: normal sinus ritmi,sinus bradikardiyası və ya sinus taxikardiyası.


Biz kardioloqlar arzulayırıq və istəyirik ki, insanda ürək vurğularının sayı ən aşağı həddə olsun. Buna idmançı ritmi deyirlər – 1 dəqiqədə ürək vurqularının sayı 60 civarında olsun.


Ürək vurqularının sayı daimi diqqətdə saxlanılmalıdır.

Avropa ölkələrində insanların ürək vurğularının 1dəqiqədə 50-55 olmasını da normal qəbul edirlər.


-Nəyə görə getdikcə bu rəqəmləri artırırlar?. Yəni müasir dövrdə həyat şəraitimizdə ürək daha ağır şərtlər altında çalışır?


Ümumdünya Səhiyyə Təşkilatı vaxtaşırı orqanizmin fəaliyyətinin müxtəlif parametrlərinə yenidən baxır. Bu dünyanın müxtəlif reqionlarında aparılmış geniş miqyaslı epidemioloji tədqiqatların nəticəsindən alınmış rəqəmlərlə bağlıdır.


Məsələn,qanda şəkərin miqdarı da əvvəlkinə nisbətən daha yüksək götürülür. Belə yanaşmalar doğrudur və belə də olmalıdır. 


Qeyd edim ki,1 dəqiqədə ürək vurğularının sayının normanı keçməsi təkcə ürək qan damar sistemi ilə bağlı olmur. Bu orqanizmdə gedən hansısa metabolik dəişiklərdə olan reaksiyası da ola bilər. Məsələn, zob xəstəliklərində birinci əlamət ürək vurğularının sayının artmasıdır və ya orqanizmin hərarətinin artması hər hansı 0.1 dərəcəyə orta hesabla 1 dəqiqədə 10-na qədər artır.


Bəzi geniş istifadə olunan preparatlar, arterial təzyiqi aşağı salan dərmanlar ürək vurğuların sayını kompensator olaraq artırır. Ürək vurqularının sayının artması bir sıra ürək damar xəstəlikləri, o cümlədən ürək çatışmazlığının bir əlaməti ola bilər.


Ürək vurğularının sayı çox olanda kardioloqlar Betaadrenalinoblokatorlardan geniş istifadə edirlər. Bu preparatlar adrenalin reseptorlarını blok edir və ürək vurğularının sayını azaldır.


Son 20 ildə ürək vurğularının sayını azaltmaq məqsədi ilə Koraksan preparatından geniş istifadə olunur.Bu yeganə preparatdır ki, sinus düyününə təsir göstərir. Bu preparat betaadrenalinoblokatorlardan fərqli olaraq artenal təzyiqi aşağı salmır.


Ürəyin az işləyib çox dincəlməsi üçün ürək vurğularının sayının az olması gərəkdir.Hətta belə bir deyim var ki, Allah təala insanı yaradanda onun ürək vurğularının ömrünün sonuna kimi nə qədər olmasını təyin edib. Ona görə nə qədər az vursa, bir o qədər ömrü uzun olar.


-Ürək vurğularının sayını artıran mənbə ürəkdədir, ya beyində?


-Ürəkdə sinus düyünü deyilən, mərcidən də kiçik bir düyün var. O düyün 1 dəqiqədə neçə impuls verirsə, ürək də o gədər sayda yığılır. İnsan fiziki gərginlik zamanı və ya  həyəcan keçirəndə sinus düyününün göndərdiyi siqnalların sayı artır və ürək də çox yığlıb açılır.


Əgər ürək vurğusu 120-ni keçirsə, artıq həyəcan təbili çalmaq lazımdır, bu hansısa ciddi xəstəliyin əlaməti ola bilər.


-Əhməd bəy, bir kardioloq olaraq, yüksək arterial təzyiq, ürək qan damar sistemi xəstəliklərinin profilaktikası üçün nə tövsiyyə edərsiz?


-Yüksək arterial təzyiq, ürəyin işemik xəstəliyi, ateroskleroz, təbii ki, bunların ağırlaşmaları olan miokard infarkti, insult bir-birindən qaynaqlanan xəstəliklərdir. Hər bir insan bu xəstəliklərin risk faktorunu bilməli və vaxtında profilaktik tədbirlər görməlidir. Bu olduqca geniş mövzudur, yaxın günlərdə oxuculara bu mövzuda da ətraflı məlumat verərik. 



FAMAX Medical Turizm-lə əlaqə:

Tel: 012 493 22 02 

050 444 30 20


Aygün M

Medicina.az 

 

 


"Ürək vurğularının sayı daim diqqətdə saxlanılmalıdır“-  Azərbaycanın məşhur kardioloqu ilə MÜSAHİBƏ
"Ürək vurğularının sayı daim diqqətdə saxlanılmalıdır“-  Azərbaycanın məşhur kardioloqu ilə MÜSAHİBƏ