Ürəyiniz niyə bərk döyünür? – 5 ƏSAS SƏBƏB

  • 2020.10.28 18:51
  • 137158 Baxış
Ürəyiniz niyə bərk döyünür?  –  5 ƏSAS SƏBƏB
Güclü, normadan artıq, yəni dəqiqədə 100 və daha çox ürək vurğusu taxikardiya adlanır.
Amma ürək başqa səbəblərdən də ritmdən çıxa bilər. Taxikardiyanı təsdiqləmək üçün bir sıra kardioloji müayinələr aparmaq lazımdır.


Ürəyimiz niyə bərk döyünür.

Əgər ürək qaçışdan, sürətli fiziki işdən, gərgin əsəb və stresdən sonra bir müddət bərk döyünürsə, bu fizioloji normal haldır və keçib gedir.

Taxikardiyanın 5 əsas səbəbi və növü var:

1. Fizioloji – qeyd etdiyimiz kimi gərgin iş, qaçış, idman, qızdırma, pilləkən çıxma, stress, qorxu və s. Bu zaman çırpınma, döyünmə qısamüddətli olmalıdır. İnsan dincələn kimi normaya düşür.

Amma belə hal uzun müddət davam edərsə, insanın başı gicəllənib, huşu itərsə ürək tutmasına kimi ağırlaşma baş verə bilər. İçki və kofe içdikdən sonra da ürək bərk döyünə bilir.

2. Ekstrakardial – ürək-damarlarda problem, orqanizmdə patoloji dəyişiklik olanda. Eləcə də qalxanvari vəz, zob, böyrəküstü vəz, onkoloji xəstəliklər, hormonal pozuntu, sinir, əsəb xəstəlikləri, nevroz. Bu səbəbləri tapmaq üçün kardioloq, nevroloq, endokrinoloqun tam müayinəsindən keçmək lazımdır

3. İntrakardial - sırf ürəklə bağlı pozulma. Ürək əzələsinin zədələnməsi, iltihabı, anadangəlmə, qazanılma ürək qüsurları, infarkt, miokardit, perikardit, endokardit, ürək çatışmazlığı, xroniki ürək yetməzliyi, ürək damarlarının tutulması. Bu sırf kardioloji müalicə tələb edir. Əsas səbəb müalicə olunduqda, ritm qaydaya düşür.

4. İdiopatik – qarışıq, aydın etiologiyası olmayan, naməlum səbəbdir. Yəni xəstədə ürək döyünmə yüksəkdir, amma həkim yuxarıdakı səbəbləri tapa bilmir və diaqnoz aydın olmur. Burda əsas genetik, irsi amillər, psixi pozulmalar götürülür.

5. Düzgün olmayan qidalanma, həyat tərzi, stress – bunlar qaydaya düşərsə, ritm özlüyündə normaya düşür.

Bura aiddir oturaq iş, onurğada problem, yuxusuzluq, siqaret, içki, artıq çəki, zərərli qidalanma, zərərli içkilər, narahatlıq, tez-tez əsəbləşmək, emosional gərginlik, işdə yüklənmə, ailədə problemlər, pis əhval –ruhiyyə, yorğunluq və s. 50% xəstələrdə elə əsas səbəblər bunlardır. Sübut olunub ki, energetik içki içən gün ürək çırpıntısı çoxalır. Bu səbəbləri insan özü aradan qaldırmalıdır.

Bəzi vitamin, mineralların çatışmaması da ürəyin ritmini pozur. Məsələn, maqniy, kaliy, kalsium, D vitamini.

İstənilən halda, ürək çırpıntısı sakit halda 100-ü keçən insanlar ilk növbədə xəstəlik, fiziki patologiyanı araşdırmalıdır. Bunu isə həkimlərin köməyi ilə edə bilər. Bu problemə görə kardioloq, nevroloq və endokrinoloqun birgə yanaşması lazımdır. Adətən qadınlarda, gənc qızlarda ürək döyünməsinin səbəbi hormonlara və zoba bağlı olur.