Uşaqlar arasında vaksinasiyadan danışmaq tezdir - Həkim

  • 2021.08.27 14:31
  • 3094 Baxış
Uşaqlar arasında vaksinasiyadan danışmaq tezdir -  Həkim
Son günlər koronavirusa (COVID-19) yoluxmada yüksək rəqəmlərin müşahidə olunması qarşıdakı aylarda vəziyyətin necə olacağı ilə bağlı suallar yaradıb.

Bəs peyvəndlənmənin sürətlə davam etdiyi vaxtda qarşıdakı aylarda yoluxma dinamikasındakı proqnozlar necədir?


Medicina.az xəbər verir ki, Həkim-infeksionist Nicat Əzimli AZXEBER.COM-a açıqlamasında yoluxma dinamikasında növbəti aylarla bağlı proqnozunu bildirib.



O, qeyd edib ki, növbəti aylarda yoluxmada artım görə bilərik:

"Son günlər yoluxma dinamikasında artım müşahidə olunur. Bu, hazırki vəziyyətdə gözləniləndir. Amma bir çox insanın xəstəliyə yoluxması onlarda 3-6 ay ərzində immunitet yaradır ki, bu da yoluxmalardakı böyük rəqəmlərin müsbət tərəfidir. Biz bilirik ki, vaksinasiya prosesi də sürətlə davam edir, hər kəs də vəziyyəti anlayaraq bu prosesdə aktiv iştirak edir. Bu da əhali arasında immunitetin artmasına səbəb olur və yenidən yüksək rəqəmləri görməyin riskini azaldır. Ancaq mövsümi qrip xəstəlikləri də hazırda müşahidə olunur, bu da təbii haldır. Ehtimal olunur ki, qarşıdakı aylarda yüksək rəqəmlər görə bilərik”.
Sentyabrda məktəblərin ənənəvi qaydada tədrisə başlaması xəbəri isə vətəndaşlarda epidemiya ilə bağlı bir çox suallar yaradıb.

Məktəblər açıldıqdan sonra yoluxmanın arta biləcəyi, şagirdlər arasında peyvəndlənməyə ehtiyacın olub-olmaması vətəndaşları ən çox düşündürən məsələlərdəndir.

Nicat Əzimli bildirib ki, uşaqların peyvənd olunmasına hələ ki, ehtiyac görülmür:

"Məktəb yaşlı uşaqların koronavirus əleyhinə peyvənd olunub-olunmaması ilə bağlı elmi sübut yoxdur. Uşaqların peyvənd olunmasına hələ ki, ehtiyac görülmür. Çünki uşaqlar arasında bu xəstəliyə nadir hallarda rast gəlinir. Onlar arasında yayılan daha çox mövsümi xəstəliklərdir. Peyvəndlənmə böyük yaşlı insanlar üçün vacibdir. Amma hazırda Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin heç 50 faizi vaksinasiyada iştirak etməyib. Ona görə də, uşaqlar arasında vaksinasiyadan danışmaq hələ tezdir. Vacib olan 18 yaşdan yuxarı şəxslərin peyvəndlənmədə iştirak etməsidir”.