Uşaqlar və gənclər arasında vərəm artır - Dünya Vərəmlə mübarizə günü

  • 2021.03.27 13:21
  • 2578 Baxış
Uşaqlar və gənclər arasında vərəm artır   - Dünya Vərəmlə mübarizə günü

Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş vebinar keçirilib

COVİD-19 virusunun uşaqlara təsiri az olsa da, vərəm onlardan yan keçmir.

Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı 2020-ci il hesabatına əsasən, 2019-cu ildə dünyada 1.2 milyon 15 yaşadək uşaq vərəmlə xəstələnib. Vərəm qarşısı alına bilən və müalicə edilə bilən xəstəlik olsa da, dünya miqyasında uşaq ölümlərinin ilk səbəblərindən biridir.

Vərəm ən çox gənc və həssas insanlara təsir edir: Uşaqlarda vərəmdən ölümlərin 80% -i beş yaşdan kiçik uşaqlar arasında baş verir. Buna görə uşaq vərəminə son qoymaq, yeni doğulmuş körpələrin və beş yaşınadək uşaqların ölümlərinə son qoymaq 2030 Davamlı İnkişaf Məqsədlərinin mərkəzində dayanır.

25 mart tarixində Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş “Uşaqlarda vərəm” mövzusunda regional vebinar keçirildi. Vebinar "Sağlamlığa Xidmət" İctimai birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu və, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə, TB REP proqramının dəstəyi ilə təşkil olundu. Vebinarın məqsədi “Uşaqlarda vərəm” mövzusu ilə bağlı digər ölkələrlə təcrübə mübadiləsinin aparılması, bu istiqamətdə bilik və bacarıqların artırılması; Türkiyə, Latviya, Azərbaycan və ümumilikdə beynəlxalq təcrübə ilə tanış olmaq idi.


Vebinarı açılış nitqi ilə açan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova Ümumdünya Vərəmlə Mübarizə Gününün qeyd olunmasının və uşaqlarda vərəm mövzusuna dair məlumat mübadiləsinin aparılmasının çox əhəmiyyətli olduğunu bildirib və vebinarın təşkilatçılarına öz minnətdarlığını bildirib.

Daha sonra Səhiyyə Nazirliyinin Baş ftiziatoru, 1 saylı vərəm dispanserinin baş həkimi professor Yavər Şıxəliyev çıxış edərək ölkəmizdə uşaqlarda vərəmin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib və iştirakçıların bir neçə sualını cavablandırıb.

Vebinarda çıxış edən Türkiyə, Bezmialem Fond Universiteti, Tibb Fakultəsi, Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə və xüsusilə, Uşaq Ağciyər Xəstəlikləri üzrə ixtisaslaşmış Prof.Dr.Erkan Çakır uşaqlarda vərəmin profilaktikası, diaqnostikası və müalicəsində Türkiyə təcrübəsi haqqında təqdimatla çıxış etdi, tədbir iştirakçılarının bu mövzuda suallarını cavablandırdı. O bildirdi ki, Türkiyədə vərəmlə mübarizədə “Vərəm Savaş Dərnəyi” və digər vətəndaş cəmiyyəti təşkilatları səhiyyə maarifi işində aktiv fəaliyyət göstərərək, Səhiyyə Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirirlər.

Daha sonra vebinarda çıxış edən Latviya Uşaq Kliniki və Şərqi Riqa Kliniki Universitet Xəstəxanalarının həkim pnevmonoloqu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaq vərəmi üzrə məsləhətçisi Prof.Dr.İveta Ozere Latviyada pediatrik vərəmin aşkarlanması, profilkatika, müalicə və qayğı haqqında təqdimatla çıxış etdi. Professor həm də ÜST tərəfindən tövsiyyə edilən uşaqlarda vərəmin profilaktika və müalicəsi haqqında da ətraflı məlumat verdi. Xanım İveta ona ünvanlanan bir neçə sualı cavablandırdı.

Vebinarda Uşaqlarda vərəmin profilaktikası, diaqnostikası və müalicəsində Azərbaycan təcrübəsi barədə isə 1 saylı Vərəm Əleyhinə Dispanser, uşaq şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Mənzər Ağayeva və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyənin Təşkili və İctimai Sağlamlıq üzrə həkim-mütəxəssisi Vəfa Ağayeva təqdimatla çıxış edərək ətraflı məlumat verdilər.

Daha sonra çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, proqram kordinatoru Mətanət Qaraxanova Uşaqlarda vərəm və COVİD-19: ictimai tədbirlərin əhəmiyyəti barədə çxış etdi, vərəmlə mübarizə istiqamətində qeyri-hökumət təşkilatlarının əhəmiyyətli rolu, bugünədək görülmüş işlər, dərc olunmuş məlumat xarakterli kitabçalar haqqında məlumat verdi.



Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü və Sağlamlığa Xidmət İctimai birliyinin (İB) İcraçı direktoru Pərvanə Vəliyeva Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar ölkəmizdə Sağlamlığa Xidmət İB tərəfindən təşkil olunmuş silsilə aksiya və tədbirlər barədə məlumat verdi.

O bildirdi ki, 24 mart günü şəhərin bir neçə məhşur tikilisi, o cümlədən, 12-ci əsrin tarixi-memarlıq abidəsi “Qız Qalası” və “Bakı Olimpiya Stadionu” qırmızı rəngə boyanıb və məqsəd vərəmlə mübarizəyə diqqət çəkmək olub. Bununla da, 2017-ci ildən bütün dünyada keçirilən bu təşəbbüsə bu il Azərbaycan da qoşulub.