Uşaqlarda diqqət və yaddaş zəifliyinin səbəbi budur - Pediatr açıqladı

  • 2023.02.27 14:46
  • 1950 Baxış
Uşaqlarda diqqət və yaddaş zəifliyinin səbəbi budur   - Pediatr açıqladı

Bu gün uşaqlarda diqqətsizlik və yaddaşın zəifləməsi hallarına tez-tez rast gəlinir. Uşaqlarda yaddaş zəifliyinin müxtəlif səbəbləri var. Əgər orqanizmdə yaddaşı pozacaq ciddi narahatlıqlar yoxdursa, yaddaş problemlərini həll etmək çətin deyil.


"Medicina" xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Solmaz Mehbalıyeva valideynlərə xəbərdarlıq edib.

"Unutqanlığın səbəblərinin əksəriyyəti stress və yuxu rejiminin pozulmasıdır. Hər uşaq konkret yuxu rejiminə ehtiyac duyur. Nəzarətsiz yuxu isə onlarda yaddaş zəifliyinə və müəyyən aqressiyalara səbəb olur. Bundan başqa, vitamin əskikliyi, tiroid funksiya pozğunluqları, uşaqların erkən yaşlarda keçirdiyi infeksion xəstəliklər, yaşanılan zədələr və psixoloji pozuntular yaddaşın zəifləməsinə təsir edir.

Çətin görünsə də, balacalar tədricən rejimlə yatmağa, qida qəbul etməyə alışır. Düzgün qidalanmaq, təmiz havada vaxt keçirmək, idmanla məşğul olmaq, kitab oxumaq, musiqi dinləmək yaddaşın inkişafına daha yaxşı təsir edən amillərdəndir. Uşaqlarla birgə keçirilən maraqlı vaxt, oyun və məşqlər isə yaddaşı gücləndirmək üçün yaxşı vasitədir.

Onun sözlərinə görə, bəzi qidalar uşaqların inkişafına və yaddaşının möhkəmlənməsinə müsbət təsir göstərir. Kələm, kök, ispanaq, soğan, göbələk və turp kimi tərəvəzlər, alma, armud, narıngi, limon, portağal kimi meyvələr, yumurta, süd və balıq məhsulları çox faydalıdır.

Aygün M