Uzman təbiblər, TƏBİB-in uzmanları - Bir ömür xidmətinizdə...

  • 2023.12.08 14:11
  • 24249 Baxış
Uzman təbiblər, TƏBİB-in uzmanları  - Bir ömür xidmətinizdə...


Kliniki Tibbi Mərkəz (keçmiş 'Semaşko'), Sabunçu Tibb Mərkəzi (Sabunçu xəstəxanası) TƏBİB və İcbari Tibbi Sığortanın ön cəbhəsidir.

TƏBİB-in fəaliyyətə başlamasından ötən 5 ildə bu xəstəxanalarda nələr dəyişib?

Bəlkə də inanmayacaqsız, amma artıq bu xəstəxanalarda onlarla uzman həkim calışır.


“Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində Avropa, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin işə cəlb olunmasına 1 ildir başlanıb.


Proqram çərçivəsində cərrah, reanimatoloq və radioloqlara əlavə həvəsləndirici bonus 6000, terapevt və pediatrlara isə 5000 manat nəzərdə tutulub.




Bəs bu proqram özünü nə dərəcədə doğruldur?

“Medicina” Kliniki Tibbi Mərkəz və Sabunçu Tibb Mərkəzində çalışan 3 uzman həkimdən müsahibə alıb.

Hər şeyi gözlərimizlə görmək, reallığı onların dilindən eşitmək istədik.



"1 il ərzində 150 torakal əməliyyat etmişik,
yüzlərlə travmalı xəstə şəfa tapıb"



TƏBİB-nin uzmanlarından torakal cərrah Fəhmin Əmirov Kliniki Tibbi Mərkəzin yeni yaradılan Torakal cərrahiyyə şöbəsinin rəhbəridir.

O, 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.

Reanimatologiya- anesteziologiya üzrə rezidenturaya qəbul olub.

2016-cı ildən İstanbul Universiteti Torakal Cərrahiyyə kafedrasında uzmanlıq təhsili alıb. 2021-ci ilə qədər orda çalışıb və Vətənə dönüb:



- Fəhmin doktor, Bakıya qayıtdıqdan sonra necə oldu ki, bu mərkəzə dəvət aldınız? Ötən 1 ildə hansı əməliyyatları icra etmisiz?


- Bakıya 2021-ci ildə qayıtdım, pandemiya dövrü idi. Bakı Sağlamlıq Mərkəzində çalışdım, 2023-cü ilin yanvar ayından Kliniki Tibbi Mərkəzdəyəm. Burda 25 yataqlı yeni Torakal cərrahiyyə şöbəsi yaradıldı.

Ümumiyyətlə, TƏBİB-in tabeliyində Torakal cərrahiyyə şöbəsi yox idi. Bu bir ilk idi.
Şöbəmizdə 1 il ərzində həm ağciyər, həm mediastum, həm traxeya və qida borusu, diafraqma, bütün döş qəfəsi orqanları ilə bağlı çoxçeşidli əməliyyatlar icra etmişik. 145-dən çox major əməliyyat etmişik. Bu, böyük rəqəmdir.

Mənim təhsil aldığım xəstəxanada ilə 500 major əməliyyat olunurdu. Hansı ki, orda 4-5 professor, 4-5 uzman cərrahdan ibarət komanda var.

Torakal cərrahiyyə bir komanda işidir. Şöbədə tək deyiləm, uzman torakal cərrah Nurlan Əlizadə ilə çalışırıq. O 2017 ci il Cərrahpaşa Universitetinin tibb fakultəsini bitirib.

2 nəfər rezidentimiz var. Onlar bizim assistantımızdır. Artıq bizimlə böyük əməliyyatlara girirlər. Düşünürük ki, bir uzman qədər yetişəcəklər.

Bu 1 il ərzində çox maraqlı, mürəkkəb əməliyyatlarımız olub.

Məsələn, bir xəstə 2 ildir bütün həkimləri gəzmişdi, çox müalicələr almışdı. Nəfəs darlığı, eyni zamanda irinli bəlğəm, qulağında şiddətli ağrı şikayətləri ilə diaqnoz qoyulmuşdu. Biz xəstədə 3 sm timus vəzi şişi aşkarladıq. Bu şiş xəstədə paraneoplastik sindrom yaradır. Miasteniyadan sonra xəstənin göz qapağı düşmüşdü, nəfəs darlığı əmələ gəlmişdi.

Biz onu qapalı metodla, sağdan və soldan 1 sm-lik dəliklə əməliyyat etdik. Xəstənin şikayətləri gerilədi. Araşdırdıq ki, qulağındakı küy və ağrının səbəbi elə budur. Bu xəstəlikdən əzələ miasteniyası yaranır, əllər, qollar iflic olur, qabırğalararası əzələ yaxşı işləmədiyi üçün ağciyərlər passiv şəkildə qalır və tənəffüs aktı pozulur. Nəticədə xəstə tibbi ədəbiyyatda gördüklərimizdən fərqli bir klinika ilə gəlmişdi.

Biz cərrah olaraq təkcə əməliyyat yox, eyni zamanda klinist olaraq, çətin xəstəlikləri aşkarlamaqla da məşğul olmalıyıq. Çünki cərrahiyyə təkcə əməliyyat etmək deyil, xəstənin əməliyyatdan fayda görüb-görməyəcəyinə qərar verməkdir. Bunun üçün də məsləhətləşmələr lazımdır.

Bəzən həkim eqosunu kənara qoyub başqa mütəxəssislə məsləhətləşməli, hətta lazım gələrsə, hocalara müraciət etməlidir.

Bizim oxuduğumuz sistem bunu öyrədib ki, insan canı qiymətlidir, lazım olarsa, konsiliuma çıxar, dəfələrlə sual ver, məsləhətləş.

Şəxsi təcrübə qətiyyən müalicə üçün yetərli deyil. Daim yenilənmək lazımdır.
Bəzi xəstəliklər var ki, 20 il əvvəl başqa cür əməliyyat olunurdu, indi o metodlar tarixə qovuşub.

Klinik Tibbi Mərkəz illərdir Bakının bir nömrəli travma mərkəzidir. Qəzaya düşən ağır xəstələri bura gətirirlər. Ağır travmalarda həm baş, həm döş qəfəsi, həm qarın zədə görür. Belələrinə hər zaman torakal, beyin cərrahı və ümumi cərrah lazımdır. Biz burada Türkiyədən də çox travma gördük. Döş sümüyü sınığı üzrə 1 il ərzində bura 50 belə xəstə gəldi. Yenə də qeyd edim ki, biz təkcə əməliyyat etmirik, xəstələri poliklinik və ambulator müalicə edirik. Önəmli olan bu qədər çox müxtəlif xəstə populyasiyonu görməkdir.

- TƏBİB-in uzmanları Azərbaycan səhyyəsi və dövlət xəstəxanalarına cəlb etməsi hansı perspektivlər açır? Qeyd etdiyniz əməliyyatların dəyəri nə qədərdir? Belə ağır əməliyyatları icra edən cərraha verilən maaş sizi qane edirmi?

- Torakal cərrahlar Türkiyədə 8-10 min manat arası maaş alır. Mən bura müraciət etdiyim zaman hər hansı maaş və puldan danışmadım. Biz özəldə də eyni maaşı ala bilərdik. Məqsədim bilik və təcrübəmlə xalqımıza daha faydalı olmaq idi. Xaricdə təhsil almış mütəxəssislərlə bağlı 2022-ci ildə TƏBİB-in proqramından biz də yararlandıq. Bu baxımdan biz digər həkimlərdən yüksək maaş alırıq, amma bunun qarşılığını da veririk. İşini sevən həkimi xəstəxanaya bağlayan səbəb maddiyyat olmur.

Bizim etdiyimiz əməliyyatların özəl xəstəxanada ortalama dəyəri 6-15 min manat arası dəyişir. Türkiyədə bundan da bahadır. Məsələ təkcə əməliyyat deyil, sonra reanimasiya yatışı, reabilitasiya, yeni nəsil dərmanlar, qan təminatı, bahalı preparatları nəzərə aldıqda 10 minə çatır. Bu xəstələrin baxımı da çətindir.

TƏBİB-in qiymətləndirmə strategiyası bizim üçün ən uğurlu proqram oldu. Ümid edirik ki, bir neçə ildən sonra ağır əməliyyatlar edib daha çox fayda verəcəyik.

Bizim Kliniki Tibbi Mərkəzə gətirdiyimiz ən böyük yeniliklərdən biri də VATS metodu ilə əməliyyatdır. Bu əməliyyat Bakıda 2 özəl mərkəzdə icra edilir.

İcbari Tibbi Sığorta və TƏBİB bir torakal cərraha lazım olan bütün avandanlıq, cihaz, alətlər və dərman təminatını tam ödəyir.

Təbii ki, Mərkəzin rəhbəri Könül Ələkbərov İstanbul Torakal Cərrahiyyə kafedrasında əməliyyatxanada istifadə etdiyimiz avadanlıqları təşkil edib. Bu etimadın, diqqətin qarşılığında bizə inanıb güvənən rəhbərliyin üzünü ağ etmək üçün bütün gücümüzlə çalışırıq. Gecə-gündüz demədən xəstəxanaya gəlirik.



"UZMANLIĞI BİTİRMİŞ HƏKİMİN MƏMLƏKƏTDƏ TUTUNMASI ÜÇÜN
DÖVLƏT DƏSTƏYİ VACİBDİR"



Kliniki Tibbi Mərkəzin uzman ümumi cərrahı Elba Alıyev

2005-ci ildə Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olunub. 2011-2015-ci ildə Topçubaşov adına Elmi-Tədqiqat Mərkəzində rezidentura keçib. 2015-ci ildə Ankara universitetində uzmanlığa qəbul olub. 2020-ci ildə ümumi cərrahlıq üzrə uzmanlıq təhsili alıb.

Elba Alıyev deyir ki, Türkiyədə oxuduğu müddətdə hər zaman fikri təhsilini bitirib, Azərbaycana dönmək, bu sahədə ona ehtiyacın olduğunu hiss etmək olub:

"Uzmanlığı bitirdiyim il COVID pandemiyası və Vətən müharibəsi ərəfəsi idi. Zatən belə bir vaxtda xaricdə qalmağım mümkün olmazdı.

Qayıdan kimi Hərbi Hospital və bir sıra özəl klinikalarda faliyyət göstərdim.

2021-ci ildən Kliniki Tibbi Mərkəzdə ümumi cərrah olaraq çalışıram.

Azərbaycana qayıtdığım dönəmdə ümumi cərrahiyyəyə aid ən çətin, ağır - sağ hipatektomiya, ALPS proseduru, Whipple əməliyyatı, qastrektomiya, hemikolektomiya, Lateral boyun diseksiyonu,Nissen fundopikasyonu və s. əməliyyatları bu mərkəzdə icra etmişəm.

1 ilin statistikasına görə, 200-dən çox əməliyyat etmişəm. Bu əməliyyatlara damar rekonstruksiyası daxildir. Ankara Universitetini seçməyimin səbəbi də orada damar cərrahiyyəsinin ümumi cərrahiyyənin içində olması idi. Ankara Universitetindəki ümumi cərrahların fərqi və üstünlüyü də bu idi.

Bir ümumi cərrahın iş yerinin dövlət xəstəxanası olmasını vacib hesab edirəm. Belə ki, ümumi cərrahiyyə əməliyyatları digər profillərdən öz genişliyi ilə fərqlənir.

Biz uzman olaraq, dövlət dəstəyi və əlavə ödəmə alırıq. Bunun da çox önəmli olduğunu hesab edirəm. Çünki yeni uzmanlığı bitirmiş, hələ tanınmayan mütəxəssisin məmləkətdə tutunması üçün maddi dəstəyə ehtiyacı var.


Bizim təcili yardımda 2 uzman həkim çalışır. Bakıda heç bir yerdə acil uzmanı fəaliyyət göstərmir. Bura Qafqazın ən böyük təcili yardım mərkəzidir. Reanimasiyada da gəldiyim gündən bu vaxta kimi xeyli dəyişiklik var. Müasir protokollara tam uyumlu multidistiplinar bir sistemə keçirik.

Kliniki Tibbi Mərkəzdə onlarla mədə-bağırsaq əməliyyatları etmişik ki, bunların özəldə qiyməti 5-6 min manat civarındadır. Sığorta ilə olmasaydı, o xəstələrin imkanı yetməyəcəkdi”.



"SABUNÇU XƏSTƏXANASINDA HACETTEPEDƏ ÇALIŞDIĞIM
REANİMASİYA ŞÖBƏSİNİN EYNİSİNİ QURURUQ"



3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu) uzman reanimatoloqu Leyla Mercan burada həyat yoldaşı Sait Mercanla birgə çalışır.

2006-cı ildə ATU-nu, daha sonra terapevt olaraq internaturanı bitirib.

2007-2016-cı illərdə özəl klinikada çalışıb. 2017-2022-ci illərdə Ankara Hacettepe Universitetində anestezioloq-reanimatoloq üzrə uzmanlıq təhsili alıb, assistant kimi çalışıb:

“Tibb Universitetini bitirib terapevt işləyəndə qərara gəldim ki, tibbi daha dərindən öyrənməliyəm. Etiraf edək ki, o illərdə bizdə tibb bu səviyyədə deyildi. Bunun üçün ya Avstriya, ya da Türkiyəyə getmək qərarı verdim. Baxmayaraq ki, rus bölməsini bitirmişdim, türkcəm heç yox idi, amma mən oxudum, qəbul olundum. İxtisas və universitet seçimində də ən çətinini seçdim. Ən yaxşı universitet hesab edilən Hacettepe Universitetinə qəbul olundum. Reanimatologiya Türkiyədə 5 ildir, sonra yenidən bir imtahan verməlisən. Mənimsə assistantlıq müddətim 5 il 8 ay çəkdi.

Çünki 2020-ci ildə assistanlığı donduraraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "REACT C-19" layihəsinin həkimi seçilərək Azərbaycanın müxtəlif xəstəxanalarında COVID-19 üzrə reanimasiya şöbələrində çalışdım. Daha sonra 44 günlük Vətən müharibəsi dövründə könüllü həkim kimi çalışdım.

Çox çətin dönəm idi. Hacettepedə hamı bilir ki, sanki əsgərlik çəkirsən. Növbə sayları, stress çox olur, hər gün səhər 6-da çıxıb axşam 8-ə kimi xəstəxanada çalışır, bəzən gecə növbəsindən sonra evə gedə bilmirdik.

Hacettepe Xəstəxanasında hər şey Amerika, Avropa sistemi üzrədir. Tibbi ədəbiyyat və protokollarda nə yazılıbsa, onu istifadə edirdik. Orta tibbi personal, sanitar və tibb bacıları çox savadlıdır. İynə, dərmanın dozasını əzbər bilirdilər.

Mən yoldaşımla Vanda yaşayırdıq. O, neyrocərrah olaraq çalışırdı, amma mən dedim ki, biz Azərbaycana dönək. Burda bizim ixtisasa çox ehtiyac var. 6 aydır burdayıq.

TƏBİB sədrinin müavini Araz Nəsirovla görüşdük. Araz bəyə “uzmanların dostu” deyirik. Onunla məsləhətləşəndə Sabunçu Xəstəxanasını dedi, bir az tərəddüd etdim. Hamı bilir ki, necə çətin yerdir. İmici də yaxşı deyildi. Amma Araz bəy dedi ki, ora yeni direktor qoyulub, xəstəxana tam yeniləcək. Ordan “ölüxana” adını qaldırmaq, inamı bərpa etmək istəyirik. Bunu eşitdikdə təsirləndim və bu dəfə də çətinliyi seçdim.

Yoldaşımla 3 saylı Şəhər Klinik Xəstəxanasına gəldik. Burada dirtektor Nurəngiz xanımı ilk baxışdan çox bəyəndim. Çox vətənpərvər, mübariz qadındır. Dediyi sözlərin, vədlərin hamısını etdi. Mən o xəstəxanada ilk uzman idim. Biz ora gedəndə bütün kollektiv şokda idi. Bəzən ruhdan düşürdüm, görürdüm ki, çətindir. Amma direktor ilk gündən bizim arxamızda idi, çox yaxşı şərait yaradırdı. Mən hər zaman deyirəm ki, bu gün Nurəngiz doktor olmasa, mən orda işləmərəm.


İndi artıq Sabunçu xəstəxanasında uzman cərrahımız, pediatr uzmanımız, uzman neyrocərrah var.
Reanimasiya yeni gəldiyimdə təmir gedirdi. Mən oranı tam Türkiyədəki kimi şərtlərlə hazırlatdım, oksigenləri artırdıq. TƏBİB bizi bütün dərman və ləvazimatla təmin etdi. Yeni reanimasiya şöbəsinə keçəndə direktor mənə dedi ki, Hacettepedə nə görmüsənsə, eynisini burda yarat. Burda hər şey var. Yeni əməliyyatxanamız da müasirdir, neyrocərrahiyyə əməliyyatları üçün hər şərait qurulur.
Anesteziologiya-reanimatologiya cərrahiyyəyə daxil olduğu üçün bizim də proqram üzrə maaşımız eynidir. İTS ilə reanimasiyada xəstəni xilas etmək, təqib etmək qat-qat asandır. Burda yatdığı müddətdə hər xəstəyə 2-3 min manat xərclənir, biz xəstədən heç bir əlavə dərman istəmirik.


Bu vaxta qədər yaddaqalan xəstələr çox olub. Bura ən ağır xəstələr gəlir. Hazırda 3-cü mərtəbədən yıxılan 14 yaşlı qız var. Gələndə vəziyyət ümidsiz idi. Amma uzman pediatr, neyrocərrah, reanimatoloq təqibi sayəsində uşaq sağ qaldı, ağlı, huşu yerindədir, danışır, bu yaxında evə yazılacaq.

Digər fakt. 3 yaş yarımlıq uşaq gətirildi. Çox ağır idi. Onu görəndə həyatımın ən böyük stresini yaşadım. Uşağı reanimasiyaya qəbul etdim. O uşaq da hazırda yaşayır, yaxşıdır. Xəstələr bizə ən son məqamda gəlir. İnsanlarımız sığorta sisteminə alışmayıb. Müalicələri vaxtında olmayıb deyə ağır vəziyyətdə gətirilirlər. Amma şükür ki, 3 ay ərzində ölüm sayı da azalıb.

Sabunçu xəstəxanası artıq ölüxana imicindən qurtulub. Tam təminatlıyıq, ümidlərimiz çoxdur. Yaxın 1 ildə belə davam etsə, Sabunçu xəstəxanası çox xəstələrin ümid yerinə çevriləcək”.



Həkimlər gördüyü işlər və planları barədə elə həvəslə, fəxrlə danışırlar... Və bu danışıqlardan bir məsələ boylanır: Onlar - TƏBİB indi təkcə insanları deyil, həm də səhiyyə sistemini sağlamlaşdırır.


Aygün Musayeva,
MEDİCİNA.AZ

Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə”... mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.