İstilik dalğaları İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel tərəfindən əsas iqlim risklərindən biri kimi müəyyən olunub.
"Medicina" xəbər verir ki, bunu Bakıda keçirilən "III Milli Şəhərsalma Forumu"nda panel müzakirəsi zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Bütün bu riskləri və çağırışları nəzərə alaraq, adaptasiya şəhərlərin və icmaların dayanıqlığını təmin etmək üçün əsas rol oynayır:
“İqlim faktorları ilə bağlı ciddi problemləri nəzərə alaraq, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edirik ki, ekstremal temperaturun insan sağlamlığına təsirini qiymətləndirək.
Milli adaptasiya planının bir hissəsi Bakıda maksimal hava temperaturu ilə ümumi ölüm halları arasında korrelyasiyadır. İnsan sağlamlığı üçün komfort temperatur ümumiyyətlə 24–28 dərəcə arasındadır.
Temperatur 36 dərəcəni aşanda ölüm halları kəskin artır. Erkən xəbərdarlıq bu risklərin azaldılmasında mühüm alətdir. Müşahidə, elmi tədqiqat və müvafiq tədbirlərlə biz iqlim dəyişikliyinin nəticələrini idarə edə bilərik. Mən əminəm ki, erkən xəbərdarlıq effektiv adaptasiya tədbiridir. Çünki adaptasiya abstrakt düşüncə deyil, konkret tədbirlərin hadisədən əvvəl, hadisə zamanı və sonrasında görülməsini tələb edir”.
O qeyd edib ki, Azərbaycanda böyük şəhərlərdə istilik dalğalarının təsirinin qiymətləndirilməsinə xüsusi diqqət ayrılıb: “Burada yalnız iki nümunəni təqdim edirəm: Şəki və Bakı. Son onilliklərdə bu şəhərlərdə istilik dalğaları əhəmiyyətli dərəcədə artıb. Bildiyiniz kimi, bu şəhərlərdə əhali istilik dalğalarına qarşı ən həssas qrupdur”.
Umayra Tağıyeva deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coğrafiya İnstitutu və Səhiyyə Nazirliyinin koordinasiyası ilə biz tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar üçün metodologiya işləyib hazırlanıb: “İsti dövrlərdə bu alətlərin tətbiqi nəticəsində istilik və günvurma diaqnozu ilə təcili yardım çağırışlarının sayı əhəmiyyətli dərəcədə azaldılıb. İsti günlərin sayı artsa da, son onilliklərdə əhalinin xüsusi xəbərdarlıqlar olmadan yaşadığı dövrlərlə müqayisədə təcili yardım çağırışlarının sayı xeyli azalıb”.
Medicina.az