“Yoluxma artarsa, sərtləşmələr olacaq, karantin davam edir” - Millət vəkili

  • 2021.10.12 15:52
  • 1572 Baxış
“Yoluxma artarsa, sərtləşmələr olacaq, karantin davam edir” -  Millət vəkili
Azərbaycanda oktyabr ayından yoluxmada azalma qeydə alınsa da, Rusiya, Gürcüstan, Türkiyə kimi qonşu dövlətlərdə rekord rəqəmlər yaşanır. Ola bilərmi ölkəmizdəki səngimə yayındırıcı və müvəqqəti olsun?

Yoluxma artarsa karantin rejimi sərtləşə bilərmi?

Məsələ ilə bağlı Bakupost.az saytına millət vəkili Müşfiq Cəfərov açıqlama verib.

O bildirib ki, ölkədə vaksinasiya sürətli şəkildə aparılır. Lakin bütün hallarda karantin davam edir. Ona görə də pandemiya qaydalarına əməl etmək mütləqdir.

“Doğrudur, əvvəlki kimi ölüm halları çox deyil, amma hər halda yenə də bu xəstəlikdən itkilərimiz olur. Əsas da əksər qadağaların aradan qalxdığı, karantinin yüngülləşdiyi dövrdə, bu yumşalmaların daimi olması üçün, sosial iqtisadi canlanmanı təmin etmək naminə adi vətəndaşlarla birlikdə, dövlət müəsissələri də verilən göstərişlərə maksimum diqqət etməlidir.

Təhsil ocaqlarında tədris nazirlik tərəfindən müəyyən qruplarla davam edir. Lakin sosial şəbəkələrdə sıxlıqla bağlı görüntülər yayılmışdı. Düşünürəm ki, nə qədər məsuliyyətli yanaşsaq, daha effektiv nəticə əldə edərik və bu bəladan tez bir zamanda qurtularıq”.

Millət vəkili əlavə edib ki, əgər yoluxma rəqəmləri ciddi yüksələrsə, yumşalmalar təbii ki, sərtləşə bilər:

“Hadisələrin gedişinə baxanda isə, bu gün əksər dövlətlərdə yumşalmaların olduğunu görürük. Bu da vaksinasiyanın doğru şəkildə aparılmasından irəli gəlir”.

Fəridə Söhrabqızı