Öz-özünə danışmaq xəstəlikdirmi?

  • 2017.10.10 15:02
  • 81643 Baxış
Öz-özünə danışmaq xəstəlikdirmi?
Keçən il Psixolji Sağlamlıq Mərkəzinə 2900 nəfər müraciət edib. Müqayisə üçün qeyd edək ki, beş il əvvəl cəmi 289 xəstə müraciəti olmuşdu.  Ümumilikdə 97 min 348 nəfər dispanser müşahidəsindədir, onlardan 10 min 925 nəfər stasionar şəkildə müalicə olunur. Təkcə ötən il ərzində ilk dəfə olaraq müalicə məqsədilə 3863 nəfərin müraciəti daxil olub.


Medicina.az xəbər verir ki, bu barədə Psixi Sağlamlıq Mərkəzinin müalicə-konsultativ şöbəsinin müdiri Səbinə Rəşidova Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə azərtac-ın müxbirinə verdiyi müsahibədə söyləyib. Həkim-psixiatr deyib :


-Bu il Ümumdünya Psixi Sağlamlıq Gününün mövzusu iş yerində psixi sağlamlıq məsələlərinə həsr olunub. Təbii ki, hər kəsin müəyyən fəaliyyət sahəsi və iş yeri var. Lakin bəzən elə olur ki, psixi sağlamlıq vəziyyəti gündəlik iş rejimi ilə üst-üstə düşmür. Bunu psixologiyada tükənmə sindromu adlandırırlar. Tükənmə sindromu özünü daha çox yorğunluq, baş ağrısı, həvəssizlik, çox yatmağa meyl, yuxululuq və ya yuxusuzluq kimi əlamətlərlə göstərir. Tükənmə sindromu son nəticədə hansısa xəstəliyə aparıb çıxara bilər. Budəfəki mövzu məhz həmin məsələlərə həsr olunub.


-Həkim, psixi sağlamlığın pozulması əlamətləri hansılardır?


- Psixi sağlamlığın ilk əlaməti hərəkət, davranış və təfəkkürə tənqidi münasibətin pozulmasıdır. Digər bir əlaməti isə istənilən həyat şəraitinə, baş verən dəyişikliklərə, ətrafdakı müxtəlif xasiyyətli insanlara uyğunlaşa bilmək qabiliyyətidir.


Psixologiya sahəsində müxtəlif psixi xəstəliklərlə yanaşı, sərhədyani hallar da mövcuddur. Onların hər birinin öz əlamətləri var. İlk növbədə insanın özünə qarşı tənqidi münasibətinin itməsi pisixi sağlamlığın pozulması əlaməti hesab edilir. Lakin hər bir psixi xəstəliyin öz əlaməti olur. Məsələn, şizofreniya xəstələrinin qulağına qəribə səslər gəlir, onlar gercəkliyə uyğun olmayan fikirlər söyləyir, özlərinə qapılır, cəmiyyətdən təcrid olunmağa meyl edirlər. Şəxsiyyət dəyişikliyi də müxtəlif əlamətlərlə özünü göstərir. Məsələn, isterik tipli şəxsiyyəti olan xəstələr daim diqqət mərkəzində olmağa, özlərini nümayiş etdirməyə meylli olub başqalarının iztirablarını duymağa qadir deyillər, onlarda özünə vurğunluq hissləri güclü olur, hətta onlara elə gəlir ki, dünya onların ətrafında fırlanır. Paranoid tipli xəstələr də var və onlarda hər şeyə şübhə ilə yanaşmaq, hər şeydən xoflanmaq, ehtiyat etmək hissi var.


-Səbinə xanım, öz-özünə danışmaq xəstəlikdirmi? Yoxsa bu yolla insan özünü stressdən çıxarır...


-Ümumiyyətlə, stressdən çıxmağın müxtəlif yolları var və buna beynin müdafiə mexanizmi deyirlər. Bəzən kimsə istirahətə getməklə, kimsə yatmaqla, yaxud hansısa bir məsələni zarafata salmaqla stressdən qurtulmağa çalışırlar. Elə hallar da olur ki, kimsə bunu öz-özünə danışmaqla edir...


-Belə çıxır ki, həmin halı xəstəlik hesab etmək olmaz...


-Normal olmayan hərəkətlər xəstəlik əlamətləri deyil. Təbii ki, öz-özünə danışmaq hamıya xas xüsusiyyət deyil, amma kiminsə öz-özünə danışmağı onu xəstə adlandırmağa əsas vermir. Həkim müayinəsi ilə təsdiq edilmədiyi halda heç kəsə xəstə diaqnozu qoymaq olmaz.


-Yeri gəlmişkən, sayrışan hallar xəstəliyi haqqında da məlumat verməyinizi xahiş edirəm...


-Sayrışan hallar insanın iradəsindən asılı olmayaraq yaranan və daim təkrarlanan, xəstəyə əziyyət verən hallardır. Xəstə evdən çıxanda işığı söndürüb-söndürmədiyindən, qapını açıq qoyub- qoymadığından daim şübhəli qalır. Sayrışan hesablamalar zamanı xəstə daim beynində bir növ kalkulyator kimi müxtəlif hesablamalar aparır. Sayrışan qorxular zamanı xəstə liftə, metroya, təyyarəyə və s. minməyə ehtiyat edir. Sayrışan təsəvvürlər zamanı xəstənin gözləri qabağına müxtəlif əcaib-qəraib hadisələr gəlir. Yəni bütün bunların hamısına ümumilikdə sayrışan hallar xəstəliyi deyilir.


Lakin həmin xəstəliyi olanlar xilas olmaq üçün hansısa müəyyən hərəkətləri həyata keçirirlər. Xəstə əlinin çirkli olduğundan şübhələnərək onu yuyur, hətta qapını açanda imkan dairəsində dəstəkdən tutmamağa çalışır, onu ya dirsəyi, ya ayağı ilə açmağa çalışır və ona elə gəlir ki, indiki misalda qapının dəstəyində mikrob var və həmin fikri özünə yaxıb buraxmamaq üçün əllərini dəfələrlə yuyurlar. Həmin fikirlərə opsessiyalar, həmin fikirlərdən azad olmaq üçün edilən hərəkətlərə kompulsiyalar, ümumilikdə müasir təsnifata görə xəstəliyin adına isə opsessiv-kompulsiv pozuntular deyilir.


-"İnam xətti”nin fəaliyyəti də maraq doğurur...


-Psixi Sağlamlıq Mərkəzinin müxtəlif şöbələr var və Təcili Psixoloji Yardım Mərkəzinin "İnam xətti” 2012-ci ildən fəaliyyət göstərir. (012) 566 50 12 nömrəli telefon sutka ərzində fasiləsiz olaraq vətəndaşların, müxtəlif psixoloji məsələlərlə əlaqədar zəng edənlərin suallarına cavablar verilir. Həmin xidmətə ayda təxminən 80-90 zəng daxil olur. Onlardan 10-15 zəng böhran vəziyyətində - intihar, depressiya və s., qalanları isə ayrı-ayrı psixoloji hallarla əlaqədar olur. Həmin xidmətə daha çox ailə-məişət zəminində baş verən zorakılıq halları, gender bərabərliyinin pozulması ilə üzləşənlər zəng edirlər. Sonrakı yerləri sağlamlıq, iş və təhsil məsələləri, eləcə də müxtəlif hüquqi məsələlərlə əlaqədar zənglər tutur. Ən mühüm məsələlərdən biri "İnam xətti”nə müraciət edənlərin düzgün istiqamətləndirilməsidir. Ən kritik həddə olan xəstələri mərkəzə dəvət edir, yaxud mütləq şəkildə yaşadığı ərazidəki psixatra müraciət etməsini məsləhət görürük. Elə xəstələr də olur ki, telefonla olsa da, hansısa bir məsləhət vermək onun vəziyyətini yüngülləşdirir. Etiraf edək ki, problemin, mübtəla olduğun xəstəlik barədə danışmağın özü istər-istəməz yüngüllüyə səbəb olur, lakin biz həmin xəstələrin mərkəzə gəlməsinə çalışırıq.