14 iyun Ümumdünya Qan Donoru Günüdür

  • 2022.06.14 13:37
  • 4195 Baxış
14 iyun Ümumdünya Qan Donoru Günüdür

14 iyun bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Ümumdünya Qan Donoru gününün qeyd edilməsində məqsəd ehtiyacı olanlar üçün qan bağışlayan könüllü qan donorlarına təşəkkür etmək, donor qanına olan zərurəti diqqətdə saxlamaq və insanları qan donorluğuna cəlb etməkdir.

Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasında 2005-ci ilin mayında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi qeyd olunması qərara alınıb.

Bu günün keçirilməsində əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsinin genişləndirilməsidir. Ümumdünya Qan Donoru Gününün 2016-cı ildəki şüarı da buna sübutdur: “Qan bizim hamımızı birləşdirir!”.

Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları, irsi qan xəstəliklərindən əziyyət çəkənləri ölümdən xilas etməyə kömək edir.



Bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir. Donorların və onlardan qan analizinin alınması, müayinəsi və donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda "Vahid Qan Bankı" sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.



Görülmüş tədbirlər nəticəsində ölkəmizdə tədarük olunan donor qanının həcmi artıb, qanın komponentlərə bölünməsi işi yaxşılaşdırılıb, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarət gücləndirilib.